"Qış fasiləsinə kimi olan vəziyyət onu göstərir ki, çempionatımızda dinamika, sürət artıb".
Bunu apasport.az-a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
O, qış fasiləsinə kimi Premyer Liqa klublarının vəziyyətini belə şərh edib:
"Yüksək keyfiyyətli oyunlar izlədik. Bunu turnir cədvəlində də görə bilərik. Biz öyrəşmişik ki, turnir cədvəlində “Qarabağ” həmişə hegemonluq edir, rəqiblərlə arada xal fərqi çox olur. Amma artıq qış fasiləsində “Sabah” liderliyi ələ keçirib. “Sabah” və “Qarabağ” ikinci yerdən aşağıda qərarlaşan komandalarla xal fərqini 5-6-ya yüksəldib. Bu da onu göstərir ki, birinci yer uğrunda əsas mübarizə “Qarabağ” və “Sabah” arasında gedəcək. Avropa və Konfrans Liqası üçün də gərgin mübarizə gedir. Burda da bir neçə komanda mübarizə aparır və xal fərqləri də elə də çox deyil. Premyer Liqada qalmaq üçün 3 komanda mübarizə aparır - “Kəpəz”, “Karvan” və “Qəbələ”.
Əsədov "Neftçi"nin son oyunda qələbə qazanmasının ümidverici olduğunu bildirib:
“Şamaxı”nın büdcəsi bəllidir. Əsas hədəf elitada qalıb mövqelərini möhkəmləndirməkdir. “Neftçi” isə hazırda gözləntiləri doğrultmur. Komandaya yeni baş məşqçi təyin edilib. Son oyunda da qələbə qazanıblar. Ümidləndirici haldır. “Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır. “Sumqayıt” həm oyun, həm də xal baxımından təəccübləndirir. “İmişli”nin autsayder olacağı gözlənilirdi, amma onları da liqada surpriz komanda kimi qiymətləndirmək olar. “Araz-Naxçıvan”da baş məşqçi ilə yollar ayrıldı. Görünür, nəticələr rəhbərliyi qane etməyib. Keçən il “Araz” çox yaxşı çıxış etmişdi, özlərini yaxşı cəhətdən isbat etmişdilər. Konfrans Liqasında da mərhələ keçmişdilər. Ona görə də, transferlər olmuşdu. Görünür, rəhbərliyin gözləntiləri böyük olduğu üçün dəyişikliyə getməyə məcbur olub. Qarşıda hələ III dövrə var. Komandaların qış fasiləsindən necə yararlanmasından çox şey asılıdır".
Qeyd edək ki, turnir cədvəlinə əsasən “Sabah” 1-ci, “Qarabağ” 2-ci, “Zirə” 3-cü pillədə qərarlaşıb. İlk beşliyi “Turan Tovuz” (4-cü yer) və “Sumqayıt” (5-ci yer) tamamlayır. “Araz-Naxçıvan” 6-cı, “Şamaxı” 7-ci, “Neftçi” isə 8-ci sıradadır. Turnir cədvəlinin aşağı pillələrində “İmişli”, “Kəpəz”, “Qəbələ” və “Karvan-Yevlax” yer alıb.