Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"
25.10.2024 - 14:21
Artim Şakiri: "2 qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır"

"Qarabağ"ın heyətində oynamış Artim Şakiri apasport.az saytına açıqlama verib. Şimali Makedoniya futbolunun əfsanəsi sayılan Şakiri Ağdam klubunun Avropa Liqasında performansını şərh edib.  

Təcrübəli futbolçu "Qarabağ" - "Ayaks" matçı ilə bağlı təəssüratlarını bölüşüb: "Bu oyuna da baxdım. Təəssüf ki, komandamız məğlub oldu. Əslində, inanırdım ki, “Qarabağ” “Ayaks”la görüşdə yaxşı nəticə qazanacaq. Yəni “Qarabağ”ın Niderland klubuna uduzmayacağına inanırdım. Əslində, bu cür də ola bilərdi. Oyunun ilk dəqiqələri onu göstərirdi ki, komandamız daha artığını edə bilərdi. Əminəm ki, “Qarabağ” “Ayaks”la bir daha da oynasa, rəqibinə uduzmaz, daha yaxşı nəticə qazanar".

Şakiri Ağdam təmsilçisinin "Ayaks"a qarşı azlıqda qalmasını belə dəyərləndirib: “Qarabağ” matça çox yaxşı başladı. Hətta qol da vuruldu. Amma qırmızı vərəqə... Həqiqətən də meydanda azlıqda qaldıqdan sonra oynamaq çox çətin idi. Özü də, “Ayaks” böyük klubdur. Bu cür kluba qarşı azlıqda oynamaq asan deyildi. Mən hakimi və hakim idarəçiliyini şərh etmək istəmirəm. Dəqiq olan odur ki, iki qırmızı vərəqə ilə istənilən rəqibə qarşı oynamaq ağırdır. Nəticə qazanmaq istəyirsiz, amma gücünüz qalmır. Çünki 9 nəfərlə 11 nəfərə qarşı oynamaq çətindir".

Sabiq futbolçu "Qarabağ"ın növbəti 5 matçda daha uğurlu çıxış edəcəyini vurğulayıb: "Bu yeni formatın ilk ilidir. Təkcə “Qarabağ” yox, bütün komandalar üçün də çətindir. Hər halda, “Qarabağ”ın rəqibləri də asan komandalar deyil. Hər biri öz ölkəsinin ən güclüsüdür. Təbii ki, nəticə üzücüdür. Ancaq “Qarabağ” hər bir rəqibə qarşı yaxşı oynayıb. Mən “Qarabağ”a həmişə inanıram. Çünki bu komandanın ortaya qoyduğu oyundur. Ona görə də, “Qarabağ”ın qarşıdakı turlarda qalib gəlmək şansı yüksəkdir. Baxmayaraq ki, geridə qalan 3 turda uduzublar. Sadəcə olaraq, bir məsələ var. İndi “Qarabağ” geridə qalan 3 qarçılaşmaya baxmalı, səhvlərini görməlidirlər. Məğlubiyyətlərə səbəb nə olub? Bunu da diqqətə alıb, düzəltmək lazımdır. Ümidvaram ki, “Qarabağ” uğurlu nəticə qazanacaq".

Qeyd edək ki, ÇSKA (Sofiya), “Vest Bromviç”, “Malatyaspor”, “Olborq” kimi komandalarda oynamış Şakiri 2008-2009 sezonunda “Qarabağ”da oynayaraq karyerasını sonlandırmışdı.

0