Azər Bağırov: “Bəlkə biz istefaya getdik, bilmək olmaz”
05.03.2025 - 20:21
Azər Bağırov: “Bəlkə biz istefaya getdik, bilmək olmaz”

Misli Premyer Liqasının XXV turunun "Kəpəz" - "Neftçi" matçından (1:0) sonra ev sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

"Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Onlara 2 kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq".

- Kərim Lkoça 2 epizod qaçıranda nə düşündünüz?
- Bu barədə heç fikirləşmirəm. Bu, həyatdır, qaçıra da bilər, vura da bilər. Vursaydı, daha rahat olardıq.

- "Sumqayıt"ın 11 oyundur qol vura bilməməsi amili Kəpəzlə matçda necə təsir edə bilər?
- Mənfi amillər bizdə daha çoxdur, nəinki "Sumqayıt"da. Çünki onlar evdə oynayır. Sumqayıtın ehtiyat skamyası zəngindir. Hansı ki, Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.

- Roman Qriqorçuk, Şahin Diniyev Kəpəzlə oyundan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu gözləmir?
- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz.