Azər Bağırov: "Bəlkə də rotasiyalar etməliyik"
10.11.2023 - 21:37
Azər Bağırov: "Bəlkə də rotasiyalar etməliyik"

Bu gün Misli Premyer Liqasında XIII tura start verilib.

Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan” çempionatın autsayderi “Kəpəz”ə 0-1 hesabıyla məğlub olub. Oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

Rəqibin düşərgəsində xaotik vəziyyət var idi. Belə rəqibə qarşı oynamaq çətin idi? Arxayınlıq var idi?
Əksinə, biz dünən oyunun analizində onlara deyirdik ki, "Kəpəz" hücumda çox yaxşıdır, kəsərli hücumları var. Necə sığortalanmaq barədə danışmışdıq. Sadəcə, bizim səhvimiz başqa yerdə idi. Hücumda keçid fazasında böyük problemlərimiz var. Amma ümumilikdə biz elə komandayıq ki, vurmayanda daha çətin olur. Qol vurmaq lazımdır. Epizodlar var, sadəcə istədiyimizi tapa bilmirik.

- Miça Kuzmanoviçin son oyunlarda enişi nə ilə əlaqədardı?
Razıyam. Düşüş var. Söhbət zamanı özüm də ona demişəm. Beş tur yaxşı oynadı, ondan sonra demək olar ki, çox eniş var. İstəyir nəsə etsin. Sadəcə rəqiblər onu yaxşı analiz etdiyi üçün, kreativliyini artırmalıdır. Nuno Rodriqes daha yaxşı görünür. İlk turlarda zəif təsir bağışlayırdı. Bəlkə də rotasiyalar etməliyik.


-Komanda hazırlıq keçməmişdi. demək olarmı ki, onun əziyyətini çəkməyə başlamısız?
Deməzdim. Futbolda belə hallar olur. "Qarabağ"la yaxşı oyun oynadıq, sonra "Sumqayıt"a məğlubiyyət. Bu gün qol epizodlarımız var idi, sadəcə reallaşdıra bilmədik. Biz elə komandayıq ki, epizodları vurmalıyıq. Vurmayanda problemlərimiz olur. O da bu gün göründü.


Elvis Maşikenin ehtiyatdan meydana çıxması nə ilə bağlıdır?
Əlimdə hücumçu olsa, yerli oynadaram. Yerli futbolçu çatışmazlığımız var.

Futbolçular "Qarabağ"ın qələbəsinin ab-havasında qalıblar?
Elə bir şey yoxdur. Futbolçularla təmasdayıq. O qələbə haqda heç danışmırıq. "Qarabağ"la matç haqda bir kəlmə də danışmırıq. Önümüzə baxırıq. Bir epizodu vurmayıb başını tutmaq mənim üçün acizlikdir. İrəliyə baxmaq lazımdır.

Azər Salahlı komandanıza keçəcək?
Yerli futbolçu bizə lazımdır. Amma qışa yaxın hansı mövqeyə oyunçu gətirəcəyimizə baxacağıq. Azərin də "Neftçi" ilə müqaviləsi var. Futbolçunun işi varsa, onunla kontakta girmək bizlik deyil.

0