“Kəpəz”in sabiq baş məşqçisi, milli komandamızın keçmiş futbolçusu Azər Məmmədov Apasport.az saytına müsahibə verib.
- “Kəpəz" Premyer Liqanın son turunda "İmişli"yə 0:3 hesabı ilə uduzdu. Ümumiyyətlə, Gəncə klubunun elitada qalacağına inanırsan?
- "Kəpəz"in Premyer Liqada qalacağına inanıram. Amma bir şeyi qeyd edim ki, biz artıq neçə illərdir Gəncə təmsilçisinin elitada qala biləcəyi ilə bağlı suallar veririk. Artıq "Kəpəz" Premyer Liqada qalmaq uğrunda mübarizə aparmamalı, iddia və fikir dəyişdirməlidir. Yəni, biz bunu uğur olaraq görməməliyik. Fakt bu komanda artıq 3 ildir ki, yüksək liqada qalmaq uğrunda mübarizə aparır. İndiki turnir cədvəlindəki durum onu göstərir ki, yenə də liqada qalmaq uğrunda mübarizə aparır. İddianı dəyişmək lazımdır. Demirəm ki, avrokuboklara və ya çempioonluğa oynasınlar. Ən azından, heç olmasa Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq iddiası ləğv olunmalıdır. Heç olmasa 6-7-ci yerlərə düşmək üçün oynamaq lazımdır.
- "İmişli" barədə fikrin necədir? Gözləntilər başqa idi, amma demək olar ki, uğurlu çıxış edirlər. "İmişli" avrokuboklar mübarizəsinə qoşula bilər?
- "İmişli" haqda yalnız xoş sözlər deyə bilərəm. Etiraf edək ki, çempionat başlayanda "İmişli" haqda heç bu qədər müsbət fikrimiz yox idi. Amma onlar göstərdi ki, orada həqiqətən iş gedir. Həm rəhbərlik, həm məşqçi tərəfdən işlər gedir. Yaxşı mənada, bizləri təəccübləndirdilər. Avrokubok məsələsi isə hələ ki çətin olar. "İmişli"yə avrokuboklar mübarizəsi aparmaq üçün hələ bir neçə il Azərbaycan Premyer Liqasında oynamalıdır, təcrübə toplamalıdır.
- “Neftçi” Vensan Abubakara qədər və Abubakar gəldikdən sonra necə görünür? Kamerunlu forvard “Neftçi”ni arxasınca apara biləcək?
- Bu transfer çox uğurludur. Çempionatımıza nə qədər çox səviyyəli legioner gələrsə, liqamız üçün də bir o qədər faydalı olar. Xüsusən də gəldiyi kluba böyük töhfə verir. Abubakar səviyyəli hücumçudur və bunu ilk oyununda da göstərdi. “Neftçi”də özünü bir daha sübut edəcək. Düşünürəm ki, onunla komanda hücumdakı problemlərini həll etmiş olacaq.
- İki turdan sonra “Neftçi” - “Qarabağ” oyunu var. Səncə, Abubakarın gəlişi “Neftçi”yə bu oyunda necə təsir edə bilər?
- Əlbəttə, bu, hamımız üçün maraqlı oyun olacaq. Abubakarın meydanda olması qarşılaşmaya əlavə rəng və maraq qatacaq. Üstəlik, kamerunlu forvardın iştirakı “ağ-qaralar” üçün həm üstünlük, həm də stimuldur. Düşünürəm ki, Abubakarın oyunda iştirakı “Qarabağ”la görüşdə “Neftçi”yə xeyli fayda verəcək.
- Çempionluq mübarizəsində hansı komandaları daha iddialı və favorit görürsən?
- Çempionluğun favoriti kimi “Qarabağ”ı görürəm. Son illərdə Ağdam klubu öz liderliyini qoruyur və getdikcə daha da təkmilləşdirir. Fikrimcə, digər komandalar hələ “Qarabağ”la çempionluq mübarizəsinə tam hazır deyillər. Amma yaxşı çıxış edən komandalar da var: “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” və “Sabah” kimi klublar “köhlən atlar”la görüşlərdə müqavimət göstərə bilirlər. Yəni təbii ki, “Qarabağ” hələ də çempionluğun əsas favoriti olaraq qalır.
- Azərbaycan Kuboku: "Qəbələ", "Şamaxı" və "Neftçi" 1/8 finalda - YENİLƏNİB
- "Futbolçularımız yaxşı təsir bağışladılar"
- Millimiz hazırlığın son mərhələsini Bakıda davam etdirir
- Saşa İliç: "Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik"
- ÇL: "Qarabağ" - "Çelsi" oyununun biletləri satışa çıxarılıb