Bəxtiyar Musayev: “Neftçi” 3-cü yerə qalxacaq, birinci yerdən danışmağa dəyməz"
07.11.2023 - 17:17
Bəxtiyar Musayev: “Neftçi” 3-cü yerə qalxacaq, birinci yerdən danışmağa dəyməz"

Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayevin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın 12-ci turunun “Qəbələ” - “Neftçi” matçında komandaların oyununu necə dəyərləndirirsiz? 
- “Neftçi” layiqli qələbə qazandı. Amma Bakı klubunun mükəmməl oyunundan daha çox “Qəbələ”nin bərbad çıxışını qeyd etmək olar. Düzdür, paytaxt klubu ilk dəqiqələrdən rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. Lakin “Neftçi” bu qələbəni mükəmməl oyunla qazanmadı, “Qəbələ” zəif çıxış etdi. “Qırmızı-qaralar”ın heyətində bəzi futbolçular yox idi, itkilər var idi. Onların yerinə oynayan futbolçular isə çox da həvəsli deyildilər. “Qəbələ” xaotik futbol oynayırdı, nə etdikləri bəlli deyildi. Bu da nəticədə əksini tapdı.

- "Qəbələ" turnir cədvəlində 8 xalla yalnız "Kəpəz"dən öndədir. Kubokun son qalibinin uğursuzluqlarının səbəbini nədə görürsüz?
- “Qəbələ” ötən mövsümə nisbətən çox zəif çıxış edir. Bunun da əsas səbəbi komandanın əsas futbolçularının klubu tərk etməsidir. Onların yerini dolduran futbolçular hələ layiqli çıxış etmir. Uğursuzluğun ən böyük səbəbi kimi belə inamsız çıxış etməsində görürəm.

- Son vaxtlar "Neftçi" çox tənqid edilir, əksəriyyət baş məşqçini qınayır. Siz günahı kimdə görürsünüz? Günah təkcə Adrian Mutudadır?
- Mövsümün əvvəlində “Neftçi”dən gözləntilər çox böyük idi. Bəli, komandada böyük dəyişikliklər gedir, büdcə artımı hiss olunur. Həddindən artıq futbolçular transfer etdilər. Ancaq böyük gözləntilər komandaya yaxşı mənada təsir etməyib. Bunun da başlıca səbəbini transferlərdə görürəm. Yeni futbolçulardan çoxu özünü doğrultmur. Adrian Mutu da istədiyi oyun tərzini komandaya aşılaya bilməyib. “Neftçi” gözləniləndən aşağı çıxış edir. Əsasən də qeyri-sabit oyunu ilə diqqət çəkir. Elə ötən tur “Sabah”a məğlubiyyət, ardınca “Qəbələ”yə qalib gəlməsi bunu deməyə əsas verir. Transferlər və Mutunun istədiyi oyunu aşılaya bilməməsinə görə komanda bu gündədir. Futbolçuların bir-birini gözüyumulu başa düşməsini, nə etməyə çalışdığını hələ görə bilmirik. Hələlik gözləntilər nəticə vermir. Azarkeşlərin həmişə zirvədə görmək istədiyi “Neftçi” çempionluq uğrunda “Qarabağ”la layiqli mübarizə aparmır.

- Sizcə, “Neftçi”nin təkcə “Qarabağ”dan deyil, daha üç komandadan geri qalmasının səbəbi nədir? Rəqiblər yüksəlişdədir, yoxsa "Neftçi" enişdə?
- Hələ mövsümün əvvəlidir. Düşünürəm ki, “Neftçi” daha bir-iki pillə irəliləyəcək. Amma çempionluq mübarizəsində “Qarabağ”la daban-dabana gedə bilməz. Yalnız bir neçə pillə irəliləyə bilər. Bu il çempionatımızda rəqabət artıb. Bəzi komandalarrın sabit çıxış etməsi “Neftçi”nin rahat qələbə qazanmasına mane olur. Ona görə də “ağ-qaralar” hazırda yüksək pillədə qərarlaşmayıb. Əminəm ki, “Neftçi” mövsümün sonunda 3-cü yerə qalxacaq, amma ikinci yer çətindir, birinci yerdənsə danışmağa dəyməz.

- Bir müddət əvvələdək iki komanda favorit idi: “Qarabağ” və “Neftçi”. Bəs indi nə dəyişib?
- “Qarabağ”da işlər mükəmməl səviyyədə gedir. İstər rəhbərlik, istərsə də baş məşqçinin sayəsində komanda ildən-ilə yüksəlişdədir. “Qarabağ”ın beynəlxalq arenada da böyük bir təcrübəyə malik olması Ağdam klubuna çempionatda da rahatlıq verir. “Neftçi”də isə illərdir bunu görmürük. Buna görə də “Qarabağ”la rəqabət aparması inandırıcı deyil. Komandanın oyun planının olması, ən əsası da edilən transferlərin yüzdə-yüz dəqiqliklə hesablanmış olması vacibdir. Təəssüf ki, “Neftçi”də bunun şahidi olmuruq. Yeni gələn oyunçular çempionluq səviyyəsindən qat-qat aşağı  futbolçulardır. Buna görə də “Neftçi” çempionluq mübarizəsində “Qarabağ”a başağrısı ola bilmir.

- Sizcə, "Neftçi" hansı yerdə olmalıdır? Ümumiyyətlə, komandada nə dəyişməlidir?
- 3-cü yer “Neftçi”nindir. Əgər gələcəkdə böyük işlər görmək istəyirlərsə, futbolçu seçimi mükəmməl olmalıdır. İndiki kimi deyil. Mutu da gərək komandaya öz fəlsəfəsini aşılasın ki, futbolçular meydançada məzmunlu oyun nümayiş etdirsinlər. Biz həmişə “Neftçi”ni fovoritlər sırasında görmək istəmişik. Təəssüf ki, neçə vaxtdır belə deyil. “Ağ-qaralar” təkcə “Qəbələ”yə qarşı deyil, digərləri, hətta “Qarabağ”la oyunda da özünü göstərməyi bacarmalıdır. Çünki “Neftçi” tarixi klubdur, öz azarkeş ordusu var. Öz adına görə layiqli futbol oynamalıdır.
 

0