Cahangir Həsənzadə: “Ən böyük favorit “Qarabağ”dır” - MÜSAHİBƏ
20.10.2023 - 18:12
Cahangir Həsənzadə: “Ən böyük favorit “Qarabağ”dır” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq qapıçısı, AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi

- Misli Premyer Liqasında birinci dövrənin nəticələrini necə dəyərləndirirsiz? “Zirə”nin dövrəni lider kimi başa vuracağını təxmin edirdizmi?
- Birinci dövrə gözlənilməz nəticələrlə yadda qaldı. Çünki hamımız keçən ilin birinciliyini dəyərləndirərək, yeni mövsümdə başqa nəticə görməyi düşünürdük. Amma reallıq bizə başqa mənzərəni göstərdi. "Zirə"nin birinci pillədə qərarlaşması gözlənilən deyildi. Sözsüz ki, çempionatın favoriti "Qarabağ" , onlara yaxın yerdə “Neftçi”, “Sabah” və “Zirə” düşünülsə də, oyunların gedişatı mövcud durumu göstərdi. “Zirə” kifayət qədər uğurlu və keyfiyyətli oyun göstərərək birinci dövrəni haqlı qalibi oldu. Amma düşünmürəm ki, qarşıdakı 9 turda da vəziyyət belə davam edəcək. Zamanla komandalar öz yerlərini dəyişəcək. Qısa müddətdə “Zirə”nin heyətində böyük dəyişiklik olsa da, digər komandalardan fərqli öz oyununu itirmədi. Digər  komandalar isə heyətində çox sayda dəyişiklik gerçəkləşdirdi ki, bu da sonda onların oyununa sirayət etdi.

- İkinci dövrədən gözləntiləriniz nədir?    
- “Qəbələ” artıq qələbələrin sayını artıracaq. Bu komanda xal ehtiyatını da artıraraq, tutduğu yeri kifayət qədər yaxşılaşdıra biləcək. “Sabah”dan da keyfiyyətli oyun və nəticə  gözləyirik. Düşünürəm ki, birinci dövrədə itirdiyi xalları geri qaytara bilər. “Zirə”ni ikinci dövrədə daha çətin oyunlar gözləyir.  Çünki bütün klublar onu sıradan bir komanda kimi yox, lider kimi dəyərləndirərək ona qarşı başqa cür oyun nümayiş etdirəcəklər. "Neftçi" daha keyfiyyətli oyun ortaya qoyacaq və xal ehtiyatını artıraraq liderlər qrupunda yer alacaq.

- Sizcə, “Neftçi” və “Sabah”da əsas problem nədir? Bu komandaların çempionluq şansları var?
- “Neftçi” və “Sabah”ın mövcud durumun səbəbləri var. “Neftçi”də qısa zamanda baş məşqçi, heyət dəyişikliyi oldu. Kifayət qədər iddialı göründüyü halda, bunu oyunu ilə ortaya qoya bilmədilər. Zaman-zaman bəxtsizlik olsa da, əsasən oyun fəlsəfəsinin ortada olmamağı görünürdü. Bu da ondan irəli gəlir ki, məşqçi də, futbolçular da yeni gəlib. Bunlar fərdi şəkildə kifayət qədər keyfiyyətli ola bilərlər, amma  komanda cəhətdən hələ vaxt keçməli idi. İkinci dövrədə bunu nəzərə alaraq oynasalar, çox komandaya başağrısı olacaqlar. “Neftçi” öz iddiasını ortaya qoya bilər.

- Hər kəs bu iki komandanı çempionat başlamadan öncə çempionluq üçün favorit sayırdı, sizcə özlərinə gələcəklər?
- “Neftçi”dən fərqli olaraq “Sabah”da baş məşqçi yeni deyil. Ötən mövsümdəki uğurlu çıxışı, oyun fəlsəfəsi ona imkan verirdi ki, bu il də iddianı ortaya qoysun və çempionluq mübarizəsinə qoşulsun. Düşünürəm ki, burda oyunçu problemləri meydana çıxdı. Aparıcı futbolçular digər klublara keçdi, onları əvəzləyəcək oyunçular da yoxdur. Ümumi komanda oyununun düzəlməsi bir müddət vaxt alacaq. Çünki “Sabah” özü də yeni komandadır. Hesab edirəm ki, ikinci dövrədə “Sabah” öz iddiasını ortaya qoyacaq və qələbələri sıralayacaq. Ola bilsin ki, avrokuboklarda uduzmaq onlar üçün böyük sarsıntı oldu və psixoloji cəhətdən tam toparlana bilməyiblər. Amma bu məsələnin üstündən keçmək lazımdır. Çempionluğa iddialı komanda daim bu təzyiq və şərtlər altında bacarmalıdır. “Sabah” da kifayət qədər keyfiyyətli futbolçulardan formalaşıb. İkinci dövrə də sınaq dövrü olacaq və orda hamısı üzə çıxacaq. Onların nəzəri olaraq çempionluq şansları var, amma praktik olaraq ikinci dövrə də birincinin təkrarı olacaqsa, demək heç şansı yoxdur. Lakin çempionluq olmasa da, ikinci-üçüncü sıralar üçün vuruşacaqlar. Sözsüz ki, iki klubun da məqsədini ikinci yer olduğunu düşünmürəm. Qarşılarına liderliyi məqsəd qoysalar da, futboldur və ikinci dövrədən sonra bu məsələyə yenidən qayıda bilərik.

- Sizin indiki vəziyyətdə çempionluq üçün favoritiniz hansı komandadır?
- Sözsüz ki, hazırda ən böyük favorit “Qarabağ”dır. Bəli, “Qarabağ”ın da oyunu sıx qrafiklədir və yerli çempionatın oyunlarına təsir edəcək. Bu, zaman-zaman mənfi təsir göstərəcək. Amma “Qarabağ” neçə ilin təcrübəsindən yararlanıb, keyfiyyətli heyət yığıb. İlk dövrədə itirdiyi xalları ikincidə bərpa edəcək. Avropa səhnəsində də keyfiyyətli futbol göstərməsi onu göstərir ki, öz oyununu tapıb. Ən üstün görünən komanda “Qarabağ”dır. Bu yolda ona “Zirə” mane ola bilər. Uzunmüddətli yarışda “Qarabağ” kimi komanda ilə rəqabət aparmaq çox çətin olacaq. Çünki burda zədələr, qırmızı vərəqələr və digər amillər var. Çempionluğa gedən yol uzundur. 4 dövrəli yarışda sənin 2 güclü heyətin yoxdursa, qalibiyyət o qədər də çətin olur. “Neftçi”də heyət deyil, oyun problemi var. Ən birinci oyunlarını düzəltməlidirlər ki, nəticə qazana bilsinlər. Ötən mövsümdəki çempionluğuna deyil, oyununa, durumuna, göstərdiyi nəticələrə, heyətinə görə “Qarabağ” mənim favorimdir.
 

0