Canni De Byazi: "Bura uduzmağa gəlməmişəm"
12.10.2023 - 19:39
Canni De Byazi: "Bura uduzmağa gəlməmişəm"

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Estoniya ilə səfər matçı öncəsi mətbuat konfransı keçirib. Apasport.az Sport24.az-ın Tallinə ezam olunmuş əməkdaşına istinadən xəbər verir ki, italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- İlk matçdakı oyunun prizmasından yanaşdıqda, sabahkı matçdan nə gözləyirsiniz?
- İlk yarıda Estoniyaya qarşı ləng idik. Fasilədən sonra daha uğurlu olmuşduq. Sabah da elə oynamağa çalışacağıq. 

- Sabahkı matçda məqsədiniz qələbədi?
- Heç bir məşqçi oyundan əvvəl bərabərlik və ya məğlubiyyət barədə danışmır. Ümid edirəm ki, sabah qalib gələcəyik. Mütləq şanslardan yararlanmalıyıq.

- Müdafiədəki boşluqları doldurmaq çətin olmayacaq? Nə Bəhlul Mustafazadə var, nə də Bədavi Hüseynov. Hücum xəttinin futbolçularının yaxşı formada olması, heyəti formalaşdırmaqda problem yaratmır?
- Mən burda olduğum müddətdə hansı hücumçu çox qol vurub? Ən çox vuran da 2 qol vurub. Bombardirimiz Emin Mahmudovdu. Mən hələ də gözləyirəm ki, forvardların ayağı açılacaq.

- Geridə qalan 4 oyunda millimiz 1 xal toplayıb. Bunu edə bilən yetərincə mütəxəssisimiz var. Sizdən gözləntimiz bu 1 xal deyil. Qeyd edirsiniz ki, rəqiblər ağırdı, amma Qazaxıstan güclüləri devirə bilir. Sabah da turnir cədvəlində Estoniyanı qabaqlaya bilməsəniz, öz işinizə necə qiymət verəcəksiniz?
- Kimin güclü olduğunu meydan göstərəcək. Verdiyiniz suala cavabı da sabahkı matçdan sonra görəcəyik. Bura uduzmağa gəlməmişəm.

- Azərbaycandakı futbolçu potensialından narazı qaldığınız hiss olunur. Neçə il burda yaşamalısınız ki, futbolçularımız istədiyiniz səviyyəyə yüksəlsin?
- Məsələ o deyil ki, De Byazi nə qədər qalacaq. Çempionatın bütün oyunlarını izləyirəm. Bir neçə gənci cəlb etmişik. Amma əsas işi oyunçular görür. Məşqçi istiqamət verir. Məsələn, İsveçə 0:5 uduzsaq da, topa nəzarət 62 faiz bizdə olub.

- Maksim Medvedev milliyə dəvət alacağı təqdirdə gələcəyini demişdi. Doğrudanmı Höccət Haqverdidən daha çox azərbaycanlı olan Maksim Medvedev hazırda bu yükün altına girməyə hazır deyil?
- Bədavi də, Bəhlul da çox vacib oyunçulardı. Bu, bəhanə deyil, sabahdan bunu qabartmayacam. Kimisə çağırmıramsa, deməli, səbəblər var. Çağırılmaq üçün özünü sübut etməlisən.

- Ev oyunlarında hansısa stadionda oynamağın fərqi var? Respublika stadionunda oynamaq bizə üstünlük verər?
- Şəxsən mənim üçün heç bir fərqi yoxdu. Bilirəm ki, "Qarabağ"ın həmin stadionda yaxşı qələbələri olub. Əlbəttə, publika əlavə güc gətirir, amma ilk növbədə öz içimizdə məsuliyyəti artırmalıyıq.

0