Canni De Byazi: "Qrupdan çıxacağımızı düşünənlərin futboldan başı çıxmır" - MÜSAHİBƏ
16.10.2023 - 23:29
Canni De Byazi: "Qrupdan çıxacağımızı düşünənlərin futboldan başı çıxmır" - MÜSAHİBƏ

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin Avstriya ilə oyunundan sonra mətbuat konfransında iştirak edib. 

Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis matç haqda danışıb. O, jurnalistlərin suallarını da cavablandırıb:

"Yaxşı oyun keçirdik. İlk hissədə oyunumuz yaxşı alınmadı. Topla bacarığımızı göstərə bilmədik. Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Heyf ki, son dəqiqəqə yaxşı şansımız oldu. Toral üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı.

- Avstriya millisinin əvəzetmələrinə gec reaksiya verdiniz. Sonuncu əvəzetməyə kimi saxlamışdınız?
- İkinci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Güclü çempionatlarda oynayırlar, fiziki baxımdan bizi üstələyirlər.

- Rəqibə hansı komponentdə uduzduq?
- Əsasən ilk hissədə topla daha yaxşı oynamalıydıq. Nədənsə, çəkinirdik, qorxurduq. Üç gün əvvəl Estoniya ilə oynamışdıq, yorğunluq görünürdü. Avstriya güclü idi, amma biz də inkişaf etmişik, dörd qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq. 90-cu dəqiqədə qol vursaydıq, bu gün mətbuat konfransında pivənin iyini hiss etməyəcəkdik. Əlimizdən gələni etdik. Amma uşaqlardan çox da nəsə tələb edə bilmərik.

- Jurnalistlərlə heç vaxt razı olmursunuz. Oyun ərzində aut ata bilmirdik, standart vəziyyətlərdə effektli deyildik. Bunu nə ilə əlaqələndirirsiniz?
- Təbii ki, jurnalistlərlə razı olmaya bilərəm. Məcbur deyilik ki, bir-birimizlə razılaşaq. Məsələn, sənin "Real"dan xoşun gəlir, mənim yox. Uşaqlar maksimum oynadılar. Mənim üçün tək vacib nəticə deyil, ən vacibi bütün enerjini meydanda qoymaqdır. Bu baxımdan oyunçularımdan razıyam. Təbii ki, nəticə fərqli olsaydı, daha çox sevinərdik. Futbol piramida kimidir. Yuxarıda yer azdır, aşağıda çoxdur. Addım-addım piramidanın yuxarısına gəlməliyik.

- İnkişaf etmək üçün nə lazımdır? 
- Heç nə bir gündə hazır olmur. 14 ayda fakt odur ki, 7 qələbəmiz var, 6 məğlubiyyətimiz, iki heç-heçəmiz. Bu faktdır. Avstriyaya uduzmuş ola bilərik, amma başımız dik qaldıq, sona qədər mübarizə apardıq.

- Yerdən pivə qoxusu gəlir, çünki Avstriya millisi mətbuat konfransında pivə içərək qələbəni qeyd etdi. Nə vaxta kimi biz rəqiblərin pivəsini iyləyəcəyik?
- Çay iyi qoxlamaq istəyirsən? Kimin nə xoşuna gəlir, onu içir. Bilmirəm, nə vaxt biz də belə sevinəcəyik. Amma nəyisə əldə etmək istəyiriksə, buna vaxt lazımdır. Bu il çox oyunçu xaricə getdi, amma dərhal da nəticə gözləyə bilmərik. Oyunçu seçimi çox olmalıdır.

- Millətlər Liqasında pley-off oynamaq şansımız var. Rəqibləri izləyirsiz? 
- Bəxtimizdən Lüksemburq da, Yunanıstan da uduzacaq.

- Musa Qurbanlı iki oyundur ki, çox az oynayır. Səbəb nədir?
- Ozancan Kökçü, Rəşad Əzizli də oynamadı.  25 Nəfərimiz var, iki nəfəri kənarda saxlamalıyıq. Onları kənarda saxlayanda ürəyim ağrayır, hamısı oğlum kimidir. Uduzmağı heç sevmirəm, çox əsəbiyəm. Amma yenə də, uşaqlara oyundan sonra "çox sağ ol" dedim. Məni əsəbləşdirən an, topla ilk hissədə daha yaxşı oynamamağımız oldu. 

- Bu gün uduzmaqla, bu qrupda Avropa çempionatına vəsiqə qazanmaq şansına son qoyduq. İşdir, Lüksemburq və Yunanıstan bizə o şansı versə necə olacaq? Bunlar baş versə, Gürcüstanla oynayacağıq. Nələri dəyişmək lazımdır?
- Nəyə hazırıq? Hər şeyi proqramlaşdırıram. Hazırda biz ancaq gözləməli və ümid etməliyik ki, bunlar baş versin. 

- Komandada ştatlı penalti vuran Emindir?
- Ramil Şeydayev qol vurur, hələ ki, odur. Eminin 11 qolu var, istəyirəm, digərləri də qol vursun. 

- Son üç oyunda milli komandada sanki irəliləyiş hiss olunur. Birdən-birə nə dəyişdi?
Biz yaxşı başlamadıq, ilk oyunumuz Avstriya və İsveçdəydi. O oyunları yaxşı analiz edin, görün bizdə nə çatışmadı. Təcrübə baxımından çox geri qalırıq. Çox işləməliyik. Çox xal yığmamışıq. Amma kimsə fikirləşirdisə ki, bu qrupda xallar yığararaq qrupdan çıxacağıq, demək ki, futbolu yaxşı izləmir və futboldan başı çıxmır.

0