Misli Premyer Liqasının XIX turunun “Sumqayıt” – “Səbail” matçından (0:2) sonra qonaqların baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.
“Qış təlim-məşq toplanışından sonra ilk oyunumuz idi. Çempionatda yerimiz çox təhlükəlidir. Bizə ümid verən oyun, komanda, futbolçular var. Qış fasiləsindən maksimum yararlanmağa çalışdıq. Şükürlər olsun ki, bu gün meydandan qələbə ilə ayrıla bildik”.
- Komandanız rəqibi hansı komponentlərdə üstələdi?
- Üstələdiyimiz məqam təmkinli olmağımızdır. Bundan başqa müdafiədə səhvlər etməməyimizi deyərdim.
- Əlinizdə olan heyət Premyer Liqada qalmaq üçün yetərlidir?
- Maliyyə ilə bağlı sıxıntılarımız var. Bir neçə oyunçu da transfer etmək istəyərdik. Nə dərəcədə mümkün olacağını deyə bilmərəm. Amma güclənməyə ehtiyac var.
- Qapıda dəyişiklik etməyinizin səbəbi nə idi?
- Bütün oyunlarda qapıda Hüseynəli Quliyev dayanıb. "Araz-Naxçıvan"la yoxlama oyununda Əlirzaya da şans verdik. Hər futbolçu şans qazanmalıdır. O da əlinə düşən şansı doğrultdu. Bütün futbolçulara inanırıq.