Danilo Dias: "Qarabağ" istədiyi nəticəni qazana biləcək” - MÜSAHİBƏ
26.10.2023 - 13:03
Danilo Dias: "Qarabağ" istədiyi nəticəni qazana biləcək” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq legioneri Danilo Diasın apasport.az saytına müsahibəsi

- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iki oyuna çıxıb və "Molde"(1:0) ilə "Hekken"(1:0) klublarını eyni hesabla məğlub edib. Bu barədə fikriniz necədir?
- “Qarabağ” bu mövsüm nümayiş etdirdiyi futbolla həmin matçlarda qələbələrə layiq olduğunu sübut edib. Komanda çox baxımlı futbol oynayır. “Molde” ilə "Hekken"ə qarşı oyunlarda üstün və gözəl futbol oynayaraq qalib gəldilər. "Qarabağ" həm evdə, həm də səfərdə rahat oynayır, qələbə qazanmağı bacarır. 

- "Qarabağ" növbəti matçını Leverkuzendə, bu gün "Bayer"ə qarşı keçirəcək. Sizcə, almanlarla matçda minimum bir xal qazanmaq mümkün olacaq?
- "Qarabağ" "Bayer"lə matçda bir xal qazansa, o zaman qrupdan çıxmaq şansları daha da yüksələcək. "Bayer" yüksək səviyyədə oyun göstərir, Bundesliqada da ilk yerdədirlər. Matçın çətin keçəcəyi bəllidir. Lakin mən "Qarabağ"a, nümayiş etdirdiyi futbola da inanıram. Ümidvaram ki, komanda istədiyi nəticəni qazana biləcək.
 
- Leverkuzendə “Qarabağ” qalib gələ bilər?
- Əlbəttə ki, mümkündür. Niyə də yox? "Qarabağ" səfərdə "Bayer"ə qalib gələ bilər. 

- “Qarabağ” ardıcıl 10 ildir ki, avrokuboklarda qrup mərhələlərində çıxış edir. Onların bunu necə etdiyini düşünürsüz?
- “Qarabağ” illərdir ki, avrokuboklarda çıxış edir. Onların bəlli və çox güclü oyun stili var. Hər zaman da o futbolu tətbiq edirlər. Bu, rəqibin kimliyindən asılı olmayaraq belədir. Həm də ki, klub Qurban Qurbanov kimi güclü baş məşqçiyə sahibdir. Üstəlik, onlarda stabillik var, klubda, komandada hər kəs bir-birinə dəstəkdir.

- “Qarabağ” “Bayer”i də məğlub etmiş olarsa, iddiası sanki bir az da böyümüş olacaq. Qrupdan çıxacaqları təqdirdə, hara qədər gedə biləcəklərini düşünürsüz?
- “Qarabağ”ın gücü onsuzda hamıya artıq bəllidir. Onların qrupdan çıxacaqlarına isə çox inanıram. Bilirəm ki, uzun müddətdir bu komandanın qrupdan çıxmaq şansı yaranır. Sadəcə şanssızlıq imkan vermirdi. Ancaq bu dəfə onu edəcəklərinə çox inanıram. “Qarabağ” iddiasını onsuzda ortaya qoyub. Qrupdan sonra da irəliləyə bilərlər. Hər şeyi zaman göstərəcək.
 

0