“Digər klublarımız "Qarabağ"ın gücündə deyil” - MÜSAHİBƏ
31.12.2023 - 12:19
“Digər klublarımız "Qarabağ"ın gücündə deyil” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyevin apasport.az saytına müsahibəsi

- "Qarabağ" Premyer Liqada qış çempionu oldu. Bu komandanın qışa qədər olan çıxışını necə dəyərləndirirsiz?
- Çempionatın əvvəlində komandanın yeni transferləri oyun planında xırda problemlərlə üzləşə bilərdi. Futbolçuların adaptasiyası da burada önəmli idi. Yəni, mövsüm başlayanda bu tip problemlər olur. Hazırlıq dönəmindən sonrakı oyunda eniş ola bilərdi. Ancaq sonradan "Qarabağ" yüksəlişə keçdi və demək olar ki, avrokuboklarda və çempionatda ilin son oyununa kimi bunu davam etdirdi. Çox yaxşı çıxış edə bildilər. Futbolçular da çox yaxşı formada idilər.   

- "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə düşməsi növbəti mərhələ ümidlərini azaldır? Sizcə, "Qarabağ" "Braqa" ilə mübarizədən qalib ayrıla bilər?
- "Qarabağ"a inam həmişə var. "Braqa" nə qədər güclü olsa da, inanıram ki, komandamız bu mərhələdə də yaxşı nəticə qazana bilər. "Braqa" güclü komandadır. Amma "Qarabağ" səfərdəki oyundan yaxşı nəticə ilə ayrılsa, inanıram ki, Bakıda, doğma divarlar arasında rəqibini məğlub edə bilər. Bunlar hamısı mümkündür.

- "Braqa" mərhələsi keçilərsə, "Qarabağ"ın yəqin ki, daha da irəliləməsinə ümidlər artacaq? Sizcə, bu mövsüm "Qarabağ" Avropa Liqasının sürprizi ola bilər?
- Bəli, "Qarabağ" bu mövsüm Avropa Liqasının sürpriz komandası ola bilər. Məncə, komandamız o gücdədir. Həm oyunu, həm də futbolçuların keyfiyyəti ilə bunu sübut edir. "Qarabağ" Avropa Liqasında yaxşı nəticələrə imza ata bilər. Allah qoysa, komandamız yüksək nəticələr qazanmağa davam edəcək. Göstərilən oyun bunu deməyə əsas verir.

- Juninyo artıq "Qarabağ"ın əsas forvardı adını qazanıb, aparıcı fiqurlardan birinə çevrilib. Halbuki, mövsümün əvvəlində performansına görə tənqid edilirdi. Yayda yaxşı performans sərgiləməyən braziliyalının sonradan yüksəlişə keçib bu cür oynayacağını ehtimal edirdiz?
- Çempionat yeni başlayanda. avrokubokların ilk görüşlərində müəyyən təzyiqlər var idi. Hamı narazılıq edirdi ki, Juninyo o düşündüyümüz futbolçu deyil, "Qarabağ"a yaxşı hücumçu lazımdır. Amma mən əvvəl də demişdim ki, Juninyoda yaxşı hücumçu keyfiyyəti dərhal görünürdü. Həmin vaxtlarda oyuna sonradan daxil olurdu. Lakin hiss edilirdi ki, bu oyunçunun səviyyəsi, qol duyumu və sürəti də var. Sonradan Juninyo əsl formasını yığdı, vurduğu vacib qollarla "Qarabağ"a kömək etdi. Oyunun gedişində də komanda yoldaşları ilə bir-birini yaxşı anlaması burada önəmli rol oynadı. Hər şey öz yerini tapdı və hazırda "Qarabağ"ın qol ümididir. Vurduğu qollarla, çıxışı ilə də seçilir.

- Artıq Juninyo ilə maraqlanan klubların sayı az deyil. Sizcə, "Qarabağ" üçün braziliyalını saxlamaq çətin olmayacaq?
- "Qarabağ"da neçə illərlə bu cür oyunçuları olub ki, performansına görə böyük, yaxşı klubların maraq dairəsinə düşüb. Hətta transfer də olub. Kluba da yaxşı pul qazandıraraq digər klublara keçiblər. Bu, futbolun qanunudur. Yaxşı oynadıqdan sonra sənə təkliflər çox olacaq.

- "Qarabağ"ın digər hücumçusu Redon Cica barədə fikriniz necədir? Komandada heç cürə özünü təsdiqləyə bilmir. Sizcə, onun "Qarabağ"dakı taleyi necə olacaq?
- Juninyonun bugünkü performansına görə Cica əsas heyətdə yer almır. Braziliyalı qollarını vurur, komandanın əsas hücumçusu sayılır. Ancaq Cica da yayda meydana çıxdığı matçlarda qollar vururdu, aktiv idi. O da çox gəncdir və özünü yaxşı tərəfdən göstərməsi üçün zamanı mütləq olacaq. Qurban Qurbanov bugünkü gündə Redonu komandada saxlayırsa, sonradan da şans verirsə, demək ki, ona güvənir. Futbolda bir hücumçu oynayırsa, digərinin ehtiyatda olması normaldır. Zaman gəldikcə, Cica da özünü göstərəcək.  

- "Qarabağ"ın Azərbaycan Premyer Liqasında çempion olacağına yəqin ki, şübhəniz yoxdur? Daxili yarışlarda "Qarabağ"a hansısa komanda problem və ya çətinlik yarada bilər?
- Xeyr, bugünkü gündə "Qarabağ"a Premyer Liqada hansısa komandanın problem yarada biləcəyini düşünmürəm. Çünki xal fərqi getdikcə artır. Üstəlik, digər klublarımız "Qarabağ"ın gücündə deyil. Mövsümün əvvəlində hardasa "Sabah"ı göstərmək olardı. Amma "Sabah"ın da qeyri-stabili çıxışı, artıq onların da şansını azaltdı. Fikrimcə, "Qarabağ" bu mövsüm rahat çempion olacaq.

0