“Neftçi”, “İnter”(indiki “Şamaxı”) və “Rəvan”ın sabiq estoniyalı futbolçusu Dmitri Kruqlovun apasport.az saytına müsahibəsi
- AVRO-2024-in seçmə mərhələsində Estoniya millisinin növbəti matçı Azərbaycana qarşı olacaq. Bakıdakı görüşdən gözləntiniz nədir?
- Estoniya yığması üçün asan oyun olmayacaq. Hətta çətin görüş alınacağını da demək mümkündür. Burada hava şəraiti də var. Üstəlik, yerli publikanın Azərbaycan millisinə dəstəyini də qeyd etmək olar. Ən əsası isə Estoniya millisinin heyətlə bağlı problemlərinin olmasıdır. Bütün bunları nəzərə alsaq, Azərbaycanla görüşün Estoniya üçün çətin keçəcəyini söyləməyə əsas verir.
- Azərbaycan millisi ilk iki oyunda Avstriya və İsveçə uduzduğundan tənqidlər oldu. Estoniya görüşü demək olar ki, həmin tənqidlərin səngiməsi üçün göydəndüşmədir. Bu səbəbdən Azərbaycanın təzyiq altında, Estoniyanın daha rahat olacağını fikirləşmək olar?
- Bu barədə bir şey deyə bilmərəm. Dediklərinizin Estoniya üçün üstünlük, yoxsa mənfi hal olduğunu oyun göstərəcək. Futbolda hər şey ola bilər.
- Sizcə, Estoniya Bakıda xal qazana bilər?
- Ümid edirəm ki, millimiz Bakıda qalib gələcək.
- İsveçli Tomas Heberlinin baş məşqçi postuna gəlişindən sonra komandanızda hər şeyin yaxşı olduğunu demək olar?
- Heberlinin gəlişindən sonra millimiz üçün daha uyğun taktiki sxemin seçilməsi vaxt aldı. Həm də, futbolçuların baş məşqçidən nə istədiyini anlaması üçün də zamana ehtiyac var idi. Hər halda, görürəm ki, komandamız indi pis oynamır. Təbii ki, güclü futbolçular sağlam və formada olanda, hər şey yaxşı alınır. Nəzakətsiz olmaq istəmirəm. Ona görə də, əvvəlki və indiki nəsli müqayisə etməyəcəm.
- Estoniya millisinin heyətində ölkə xaricində legioner həyatı yaşayanlar daha çoxdur. Azərbaycanda isə əksinədir. Bu, həlledici məqam ola bilər?
- Təbii ki, futbolçuların hansı liqada oynaması, məşq etməsi önəmlidir. Hazırlığın səviyyəsi və intensivliyi beynəlxalq görüşlərdə önəmli rol oynayır. Lakin hər oyun fərqlidir və hər şey baş verə bilər.
- Qrupdan çıxmaq Estoniya, yoxsa Azərbaycan üçün daha realdır?
- Millimizin qrupdan çıxa biləcəyinə inanmaq istəyərdim. Lakin düzünü desəm, bu, olduqca çətin görünür. Ona görə də, indidən bu haqda nəsə demək asan deyil.
- Azərbaycan – Estoniya matçını izləmək üçün Bakıya gələcəksən?
- Bakıya gəlməyə qarşı olmazdım. Amma düşünürəm ki, bu dəfə alınmayacaq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Azərbaycan Kuboku: Premyer Liqa klubları sensasiyaya imkan vermədi- YENİLƏNİB
- Rüfət Quliyev: "Albaniya klubunun mənə borcu var" - Müsahibə
- "Şamaxı"nın legioneri: "Hakim VAR-a baxmağa getsəydi..." - Müsahibə
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Klozedən Mahir Emreli ilə bağlı açıqlama