Dünya birincisi - “Qarabağ” 
31.08.2022 - 10:23
Dünya birincisi - “Qarabağ” 

Milli çempionatlarda davam edən ən uzun seriyalar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da siyahıda yer alıb.

Qurban Qurbanovun yetirmələri səfərdəki quru oyunlar sayında fərqlənib. Ağdam klubu 7 matçdır meydan sahiblərindən qol buraxmır.

“Qarabağ” cari mövsüm “Sumqayıt” (2:0), ötən çempionat “Səbail” (3:0), “Qəbələ” (2:0), “Sumqayıt” (3:0), “Zirə” (3:0), “Sabah” (1:0) və “Şamaxı”dan (0:0) da qol buraxmayıb. Fevralın 7-də ağdamlılara 1:2 hesabı ilə uduzan “Neftçi” evdə ölkə çempionunun qapısına qol vuran sonuncu komandadır.

Qurbanovun komandası bu göstəricidə hazırda dünya birincisidir. Planetin heç bir komandası səfərdə ardıcıl 7 dəfə qapısını toxunulmaz saxlamayıb.

Peru çempionatında 6 səfərdir qol buraxmayan “Melqar” ikinci sıraya şərikdir. BƏƏ təmsilçisi “Əl-Əyn”in seriyası da eyni qədər matçdan ibarətdir.

Avropanın ikincisi, dünyanın dördüncüsü “Benfika”dır. Portuqaliya klubu 5 səfər qarşılaşmasında qol buraxmayıb. “Top-5”i “Vilyarreal” qapayır. İspaniya təmsilçisinin seriyası 4 görüşdən ibarətdir.

Qeyd edək ki, “Qarabağ” növbəti səfər matçını sabah “Kəpəz”ə qarşı keçirəcək.
 

0