“Qarabağ”ın veteran yarımmüdafiəçisi Əfran İsmayılov apasport.az saytına müsahibə verib.
- “Qarabağ” sabah Avropa Liqasının 6-cı turunda “Elfsborq”la qarşılaşacaq. Bu matç haqda fikirlərin necədir? "Qarabağ"ın İsveçdə qalib gəlmək şanslarını necə dəyərləndirirsən?
- Bəli, sabah “Qarabağ”ı ağır oyun gözləyir. Amma “Qarabağ” dişinə uyğun rəqiblə oynayacaq. Komandamız ən yaxşı oyunlardan birini göstərsə, inanıram ki, İsveçdə qalib gəlmək mümkündür. Məncə, şanslar “Qarabağ”ın xeyrinədir. “Elfsborq” avrokuboklarda yaxşı oyunlar göstərir. Bütün bunlara baxmayaraq, “Qarabağ”ın şansını daha çox görürəm.
- “Qarabağ” adətən Skandinaviya, xüsusilə də İsveç klublarına qarşı uğurlu çıxış edir. Sadəcə bu sezon "Qarabağ" İsveç klublarından "Malmö"yə uduzmuşdu. “Malmö”nün “Elfsborq”dan güclü olduğunu düşünsək, “Qarabağ” bu oyunda inamsız olmaz?
- Ümumiyyətlə, oyundan-oyuna fərq var. Komandaların oyun stilləri ildən-ilə dəyişir. Amma “Qarabağ”ın bir oyun stili var və bunun üzərinə qoyaraq irəliləmək istəyir. “Elfsborq”a qarşı da o stildə oynayacaqlar. “Elfsborq” udulmayacaq komanda deyil. Nə “Lion”du, nə “Tottenhem”, nə də “Ayaks”. Heç “Olimpiakos” da deyillər. Sadəcə yaxşı komandadır. “Qarabağ”a uyğun rəqibdir, İsveçdən yaxşı nəticə ilə qayıtmaq olar. Əminəm ki, “Qarabağ” özü də bunu yaxşı bilir və qələbə üçün oynayacaq.
- “Qarabağ” bu oyuna itkilərlə çıxacaq. Kevin Medina və Bəhlul Mustafazadənin oynamayacağı dəqiqdir. Sizcə, onların yoxluğu komandaya necə təsir edəcək?
- Bəli, itkilərimiz var. Yaxşı ki, Bədavi Hüseynov sağaldı və düşərgəyə qayıtdı. Yoxsa, daha da ağır olacaqdı. Böyük itkilərdir. Kevin Medinanın olmaması... “Lion”a qarşı çox əla performans göstərmişdi. Onun olmaması böyük itkidir. Hər halda, onların yerinə meydana çıxacaq futbolçular da komanda yoldaşlarını layiqli şəkildə əvəz edəcəklər. Çünki hansı oyuna çıxdıqlarını, kimi əvəz etdiklərini, məsuliyyəti yaxşı dərk edirlər. Bizi çox maraqlı, çox yaxşı oyun gözləyir .
- “Qarabağ” son turda evdə "Lion"a uduzmuşdu. Həmin görüşdə "Qarabağ"ın qol epizodu çox olsa da, bunlardan yararlana bilmədi, "Lion" isə üç qol vurdu. Həmin matç "Qarabağ"a inamsızlıq gətirib, sizcə?
- Artıq “Lion”la oyun keçmişdə qaldı. Necə ki, qalib gələndə həmin görüş geridə qalır və növbəti oyuna hazırlaşırsan, məğlubiyyət də o cürdür. Doğrudur, uduzanda, motivasiya barəsində təsir edə bilər. İnanmıram ki, “Lion”la matçdakı nəticənin “Elfsborq”la görüşdə “Qarabağ”a təsiri olsun. Fikrimcə, “Qarabağ”ın bütün fikri-zikri “Elfsborq”la oyundadır. Onlar ən yaxşı oyunlarını göstərəcəklər ki, qalib gəlsinlər.
- “Qarabağ”ın "Elfsborq"la oyundan sonra FKSB və “Olimpiakos”la matçı qalıb. "Qarabağ"ın pley-off mərhələsinə adlayacağına inanırsan?
- “Qarabağ” sabah qalib gələrsə, şansı daha da artacaq. “Qarabağ”ın pley-off mərhələsinə adlayacağına inanıram, niyə inanmayım? Düzdür, şanslarımız fantastik deyil, amma qələbələr qazansaq, ola bilər. Sabah qalib gəlsək, daha sonra Bakıda FKSB ilə qarşılaşacağıq. Hər halda, qələbələr bizi pley-off mərhələsinə apara bilər. “Qarabağ” buna layiqdir. Onlar öz oyunu ilə hər şeyi göstərir.