Əfran İsmayılov: “Qarabağ” Avropa Liqasında tarix yazmaq istəyirsə...” - MÜSAHİBƏ
10.11.2023 - 14:22
Əfran İsmayılov: “Qarabağ” Avropa Liqasında tarix yazmaq istəyirsə...” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”ın “Bayer”lə görüşündən öncə hansı nəticəni ehtimal edirdiz? Sizcə, “Qarabağ” istədiyi oyunu göstərə bildi?
- Oyun istədiyimiz tərzdə getdi. Ən azından fikirləşirdik ki, bir xal götürəcəyik. Oyunun ədalətli nəticəsi elə heç-heçə idi. Baxmayaraq ki, rəqibin 1-2 şansı oldu. Hər halda, “Qarabağ”ın qarşısındakı komanda “Bayer” idi. Bu mənada, bəzən epizodların olması gözlənilən oldu. Hiss edirdim və fikirləşirdim ki, “Qarabağ” xal alacaq, ən azından böyük hesabla uduzmayacaq. Əmin idim ki, Qurban Qurbanov rəqibi daha yaxşı analiz edib, oyunçulara tapşırıq verəcək və onlar da bunu yerinə yetirəcək. Hər şey planlaşdırdığım kimi oldu və “Qarabağ” layiqli mübarizə apardı. Sadəcə, sona yaxın ani ehtiyatsızlıq bir xalı da əlimizdən çıxardı. 

- “Qarabağ”a nəticə üçün nə çatmadı?
- Həqiqətən “Qarabağ” çox yaxşı oynadı. Sadəcə bir az daha soyuqqanlı olmaq mümkün idi. Yassin Benzia, Abdullah Zubir daha soyuqqanlı oynasaydılar, daha yaxşı nəticələrə gətirib çıxara bilərdi. Amma olmadı. Çox heyf.

- Maksim Medvedevin səbəbkar olduğu penalti epizodunu necə şərh edərdiz? Daha diqqətli oynamaq mümkün deyildi?
- Məncə, hakim penaıtini verə də bilərdi, verməyə də. Lakin görünən o idi ki, “Bayer”in futbolçusu topu içəri ötürürdü və Maksim qarşısını kəsdi. Verməsəydi də, hakimlərə heç kim, heç nə deyəsi deyildi. Amma penalti təyin edildi və belə alındı.

- Maraqlıdır ki, “Qarabağ” beşli müdafiəyə keçdiyi anlarda sonda qol buraxır. “Viktoriya” (Plzen) ilə görüşü də belə olmuşdu...
- Həmin dəyişiklik məcburiyyətdən oldu. Mən də gördüm, Marko Veşoviç əvəzlənməyini istədi, Elvin Cəfərquliyev yoruldu. Bütün müdafiə sistemi avtomatik olaraq dəyişdi. Ondan sonra bir az müdafiəyə oturduq. Bir qolu da bundan sonra buraxdıq. 

- Leverkuzendəki matçla Bakıdakı oyun arasında fərq var idi?
- Fərq daha çox idi. İlk matçda “Qarabağ” heç nə edə bilmədi. Bəlkə hesab daha böyük ola bilərdi. Ancaq dünənki matçda “Qarabağ” çox yaxşı oynadı, rəqibin 1-2 epizodundan başqa nəsə olmadı. “Qarabağ” çox ciddi hazırlaşmışdı, “Bayer”i yaxşı analiz etmişdilər. Ədalətli nəticə heç-heçə idi. Ancaq təəssüf, olmadı.

- “Qarabağ” qrupdan çıxa biləcək? “Molde” və “Hakken”lə matçda nəticəyə ümid edirsiz?
- “Molde” ilə səfərdə ağır görüş olacaq. Şanslar yenə var. Məncə, burada top fərqi, sarı vərəqələr də önəmli rol oynayacaq. Çünki vəziyyəti hələ bilmək olmaz. Hər şey bərabər ola bilər. Çətin durumdur. Amma “Qarabağ” bu durumdan çıxacaq. Çünki şansları öz əlindədir. İnanıram ki, “Qarabağ” inamlı mübarizə aparıb qrupdan çıxacaq. Əgər “Qarabağ” Avropa Liqasında tarix yazmaq istəyirsə, bu oyunlardan yaxşı nəticələrlə çıxmalıdır. İnanıram ki, Qurban Qurbanov futbolçuları yaxşı hazırlayacaq. Öz istədiyimiz oyunu göstərsək, rahat şəkildə qalib gələcəyik. “Molde” və “Hakken”ə qarşı oynadıq. Onların heç biri “Bayer” deyil. Çıxıb rahat futbolumuzu oynayıb, qalib gələ bilərik.
 

0