Elmar Baxşıyev: “Hakim sərt qərar verdi” - MÜSAHİBƏ
22.10.2023 - 20:07
Elmar Baxşıyev: “Hakim sərt qərar verdi” - MÜSAHİBƏ

“Bilirdik ki, ağır oyun olacaq. Turnir cədvəlində son pillələrdə olsaq da, matça ümidli yanaşmışdıq. Komanda yaxşı nəticəyə köklənmişdi. İlk dəqiqələrdə çoxsaylı epizodlar yaratdıq. Yenə də dəyərləndirməkdə axsayırdıq. Oyunun qırılma nöqtəsi İlkin Qırtımovun qırmızı vərəqə alması idi. Komanda bundan sonra oyundan qopdu. Hücum etmək ağır idi”.

Apasport.az saytı xəbər verir ki, bunu Misli Premyer Liqasının X turunda öz meydanında 1:4 hesabı ilə uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

- Neçə illərdir "Qələbə"də qalib ruhu formalaşmışdı. Bu mövsüm isə bunu görə bilmirik. Səbəb nədir?
- Komandanın ruhunu məğlubiyyətlə dəyərləndirirsiniz. "Qəbələ" futbol oynayır. Oyun keyfiyyəti bizdən aşağı olan komandalar var ki, nəticə qazanırlar. Oyun planında nöqsan görmürəm.

- Osama Xalaylanın qırmızı vərəqəsi haqda nə deyə bilərsiniz?
- Oyun epizodudur. Məsuliyyətsizlikdən danışmaq mümkün deyil. Hər iki oyunçu mübarizədə idi. Hündürə tullananda əlin qalxması normaldır. Fikrimcə, ikinci sarı vərəqəni verməmək olardı. Hakim sərt qərar verdi.

- Bəs İlkin Qırtımovun qırmızı vərəqəsi?
- Epizodu görməmişəm. Mənə dedilər ki, təmas topadır. Biz fərqli görürük. Hakim sərt qərar verdi. Yəqin ki, təhlil edib nəticə çıxararlar.

- Samuel Tettehin durumu sizi qane edir?
- 90 dəqiqə oynamağa hazır deyil. Onu daha yaxşı formaya gətirməyə çalışırıq. 2-3 oyundan sonra optimal formada olacaq.

- Qapı xəttində yenə problem görünür. Olmaz ki, gənc qapıçı Elməddin Sultanova şans verəsiz?
- Sizin yanaşmanızı başa düşürəm. Atanqana səhv edir, Rəşad yada düşür. Rəşad səhv edir, Elməddin yada düşür. Bu, düzgün yanaşma deyil. Futbol səhv oyunudur. Heç kim bundan sığortalanmayıb. Rəşad təcrübəli qapıçıdır. Ümid edirəm ki, səhvlərini düzgün təhlil edəcək və aradan qaldıracaq.
 

0