Misli Premyer Liqasının XV turunun "Qarabağ" - "Araz-Naxçıvan" matçından (5:1) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Bizim üçün ağır oyun alındı. Həftə ərzində düşündüyümüz plan var idi ki, onun üzərində işləyirdik. 20-25 dəqiqə istədiyimizi meydanda görməyə çalışırdıq. Birinci qol komandaya təsir etdi. Qol epizodu da deyildi, öz səhvimizdən qol buraxdıq. Oyunu ümumi götürəndə, 2 penalti təyin edildi qapımıza, öz səhvlərimizdən sonra böyük hesablı nəticə oldu. Bir oyunumuz qalıb. "Qarabağ" matçını unudub, o oyuna hazırlaşacağıq".
- Mətbuatda qışda rəhbərliyin sizinlə yollarını ayıracağı tirajlanır. Hər halda, futbolçular da bunu oxuyur. Sizcə, olmazdı ki, rəhbərlik açıqlama versin və göstərsin ki, baş məşqçinin arxasındadır?
- Mən bura özüm gəlməmişəm. Məni bura dəvət ediblər. Üzərimə nə düşürsə, onu yerinə yetirməyə çalışıram. Haqqımda nə yazırlarsa, futbolçulara da təsir edir, bizə də təsirsiz ötüşmür. Qərar mənim deyil. Bizlə davam etsələr, işimizə davam edəcəyik. Digər qərarı versələr, ona da normal yanşacağıq.