Elnur Məmmədov: "Hər idmançı maksimim nəticə üçün mübarizə aparacaq"
14.06.2023 - 15:12
Elnur Məmmədov: "Hər idmançı maksimim nəticə üçün mübarizə aparacaq"

Azərbaycan idmançılarının Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına yollanması və iştirakı ilə bağlı mətbuat konfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində baş tutan tədbir multi-idman yarışının açılışından bir həftə əvvəl təşkil olunub.

Toplantıda qurumun idman şöbəsinin müdiri Elnur Məmmədov və mətbuat katibi Qabil Mehdiyev iştirak ediblər. Polşada yığmamızın şef de missionu olacaq Məmmədov bildirib ki, yığmamız yarışda 13 idman növündə təmsil olunacaq: “Yarışlar fərqli şəhərlərdə olacaq. Hər bir şəhərdə nazirliyin rəsmiləri olacaq. Komandamız yarışa çarter reysi ilə gedəcək. İyunun 20-də, saat 17:00-da Bakıdan Krakova uçacaq idmançılarımız iyulun 3-də, yerli vaxtla 20:30-da geri dönəcək: “Bəzi idman növləri çarterlə deyil, sonradan gələcək. Bu da həmin idman növlərinin son günlərdə keçirilməsi ilə bağlıdır”.

Şef de mission medallarla bağlı proqnoz verməsə də, hər idmançıya inandıqlarını vurğulayıb: “Bakı-2015-də 285 idmançı 56 medal, Minsk-2019-da 82 idmançı 28 medal qazanıb. Ümid edirik ki, bu yarışda da idmançılarımız bizi sevindirəcəklər. Məsələn. Minskdə sambodan 7 nəfərlə 3 medal əldə etmişdiksə, bu dəfə bu idman növü proqramda yoxdur. Əsas mübarizə boks idman növündə olacaq. Burada Paris-2024-ə lisenziyalar veriləcək. Medal proqnozu verib, idmançıları təzyiq altına salmaq istəmirik. Hər bir idmançı maksimim nəticə üçün mübarizə aparacaq”.

Qeyd edək ki, iyunun 21-də başlayacaq Avropa Oyunları iyulun 2-dək davam edəcək.

0