Elvin Məmmədov böyük futbola qayıtdı: "Dostuma kömək etmək istədim" - Müsahibə
17.01.2024 - 20:21
Elvin Məmmədov böyük futbola qayıtdı: "Dostuma kömək etmək istədim" - Müsahibə

Azərbaycan milli komandasının sabiq futbolçusu Elvin Məmmədov aktiv futbolçu karyerasını bərpa edib. Təcrübəli futbolçu İkinci Liqa klubu olan "Cəbrayıl"da forma geyinəcək. Məmmədov bununla bağlı apasport.az saytına müsahibə verib. 

- Deyəsən, yenidən böyük futbola qayıtmağa qərar verdin, "Cəbrayıl"da oynayacaqsan. Necə oldu ki, bu cür fikrə gəldin?
- "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynov mənim dostumdur. Uzun illərə dayanıqlı münasibətimiz var. Onunla münasibətimi hər kəs bilir. Cavid "Cəbrayıl"da oynayıb, ona köməklik göstərməyimi mənə təklif etdi. Mən də onunla razılaşdım, təklifini qəbul etdim. Dostuma kömək etmək istədim. Niyə dostuma kömək etməyim? Belədə, razılaşdıq və İkinci Liqada oynamağa qərar verdim. 

- Maraqlıdır, bu məsələ çoxdan var idi? Cavid Hüseynov səni çoxdan komandasına gətirmək niyyətində idi?
- Elədir. Cavid çoxdan deyirdi ki, gəl komandama kömək elə. Sadəcə mən tərəddüd edirdim. Neçə vaxtdır ki, böyük futbol oynamıram. Hər halda, son dəfə "Şamaxı"da oynamışdım. Götür-qoy etdikdən sonra qərara gəldim ki, yarımpeşəkar futbol oynaya bilərəm. Hər halda, İkinci Liqa yarımpeşəkar çempionat hesab edilir. Cavid Hüseynovun da təklifini geri çevirmədim. 

- Ümumiyyətlə, özün necə fikirləşirsən, səncə, fiziki baxımdan meydanda istədiyin kimi mübarizə aparıb, komandaya kömək edə biləcəksən? O gücü özündə görürsən?
- Bəli, bunlar diqqət edəcək məqamlardır. Çətin olacağını anlayıram. Amma çalışacam ki, bütün çətinliyin öhdəsindən gəlib "Cəbrayıl"a kömək edim. Hər halda, qayıtmışamsa, bunun üçün qayıtmışam.

- "Səbail"də aşağı yaş qruplarında məşqçi kimi işləyirsən, minifutbol çempionatında da "İnter" komandasında oynayırsan. İndi isə İkinci Liqa komandasında oynayacaqsan. Bütün bunlar bir-birinə mane olmayacaq?
- Onsuz da, həftədə bir dəfə minifutbol oynayıram. Məşqlərdə də uşaqlarla "kvadrat" oynayıram. Sağlam və gümrah qalmaq, enerjimi də atmağım üçün Cavid Hüseynovun təklifini qəbul etmişəm. Yəni daim idmandayam, formadayam, futbol oynayıram. Hansısa problem yaranacağını düşünmürəm.

- "Cəbrayıl"ın Birinci Liqaya çıxacağı və ya sonradan Premyer Liqaya yüksələcəyi təqdirdə, sizi komandada yenə görəcəyik, yoxsa, yalnız bu mövsüm oynamaq istəyirsən?
- Hələlik, komandaya bu mövsümlük kömək olacam. Allah qoysa, "Cəbrayıl" da Birinci liqaya vəsiqə qazanar. Sonradan necə olacağını görəcəyik. Hazırda indiki işimə fokuslanmışam. Təklifi qəbul etmişəmsə, "Cəbrayıl"a və Cavid Hüseynova kömək olmağa çalışacam. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- Səncə, nəyə görə Avropadan fərqli olaraq, bizim əsas liqalarda 37-38 yaşlı təcrübəli futbolçular oynamır? Bunu nə ilə əlaqələndirirsən?
- Bizdə yenidən yaradılan liqalar futbolumuz üçün müsbət haldır, çünki canlanma gətirib. Ümid edirəm ki, buna davam edəcəklər, liqalar qalacaq. Bu liqaların sayı çoxaldıqca, futbolçuların da ömrü uzanacaq. Əvvəl bu yox idi, indi daha canlanma var. Bundan sonra məncə daha çox oynayan olacaq. Məncə, məhz bundan sonra futbolçularımız da uzun illər, daha çox oynayacaq. Xaricdə liqaların sayı çoxdur deyə, belə olur. Azərbaycanda da liqaların sayı çox olduqca, futbolçularımız da uzun illər oynayacaq.

0