Milli Məclisin Gəncədən seçilmiş deputatı Müşfiq Cəfərov bir müddət əvvəl rəsmi sosial media hesabında “Kəpəz” futbol klubu ilə bağlı açıqlamalar yayımlayıb.
Apasport.az xəbər verir ki, deputat komandanın hazırkı prezidenti Adil Vəliyevin klubdaxili hərc-mərcliyin əsas səbəbkarı olduğunu bildirib.
O, həmçinin Adil Vəliyevə Erkin İbrahimov və Fərman Əlizadənin kömək etdiyini vurğulayıb.
Məsələ ilə bağlı Erkin İbrahimovun fikirlərini aldıq. Keçmiş klub rəsmisi açıqlamasında qeyd edib:
“Hazırda klubda çalışmıram. Güman edirəm ki, klub rəhbərliyi məsələyə münasibət bildirəcək. Hesab edirəm ki, hazırda klubun əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Bu baxımdan indiki mərhələdə hansısa polemika yaratmaq klubun maraqlarına xidmət etmir.
Özümə gəlincə, bəli, deyəcəklərim var. Sadəcə, mövsümün başa çatmasını gözləyirəm. Hazırda “Kəpəz”in əsas işi meydanda olmalıdır və komanda da yaxşı təəssürat bağışlayır. Meydankənarı söz-söhbətlər bu gün yalnız komandanın ziyanına ola bilər”.