Fərid Namazov: "İmişli" olaraq bu etapı geridə qoymuşuq" - MÜSAHİBƏ
04.11.2024 - 12:12
Fərid Namazov: "İmişli" olaraq bu etapı geridə qoymuşuq" - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan çempionatının 1-ci Liqa təmsilçisi "İmişli"nin baş məşqçisi Fərid Namazov apasport.az saytına müsahibə verib.

- İnamlı qələbə ilə növbəti mərhələyə yüksəldiz. Komandanın çıxışından razı qaldız?
- Sıx qrafiklə bağlı narahatlığım var idi. Çünki 4 gün ərzində 2-ci oyunumuz idi. Çalışdıq ki, daha az forma şansı qazanan futbolçuları meydana buraxaq. Bu, həm onları tonusa gətirmək, həm də potensiallarını görmək üçün vacib idi. Mənim futbol fəlsəfəmdə ehtiyat heyət anlayışı yoxdur. Period uzundur. Müəyyən qarşılaşmalarda əsas oyunçularımızı zədə riskindən qorumalıyıq. Bu gün də Xəyal Tomarovun xırda zədəsi var idi. Riskə getmədik və onu ehtiyatda saxladıq. Bunlara baxmayaraq başabaş oyun getdi. İkinci yarıda topa nəzarəti əlimizə aldıq. Bu gün şans qazanan futbolçular heç də digərlərindən geri qalmadılar. Matçın sonlarında konsentrasiya itdi. Bu da hesaba görə idi. Mərhələ keçdiyimiz üçün xoşbəxtik.

- Oyuna xeyli sayda rotasiyalarla çıxmışdız. Əsas heyətin əksəriyyəti meydanda yox idi. Hesabın belə olacağını düşünürdüz?
- Sözün açığı, qələbə gözləyirdim. Lakin hesabın belə olacağını düşünmürdüm. "Cəbrayıl"la 3-cü turda da qarşılaşmışdıq. "Dişli", rəqabətədavamlı komandadır. Gənclərdən qurulmuş yaxşı kollektivləri var. Lakin biz də daim inkişafdayıq. Bütün heyəti eyni istiqamətə yönləndirmək niyyətindəyik. Məşqlərdə də heç bir zaman heyəti iki komandaya bölmürük. Hər kəsə eyni yanaşırıq. Sosial şəbəkələrdə yaratdığımız qruplarda belə gün ərzində müzakirələr aparırıq. Futbolçulara müəyyən videolar göndərib həmin taktikalara fokuslanmaqlarını istəyirik. Hazırlıq proseslərimiz əsasən, zərbələrlə bağlı olur. Bir çox komandalar bizimlə görüşlərdə müdafiəyə çəkilir. Belə olan halda uzaqdan zərbələrə üstünlük vermək lazımdır. Bu günkü heyətdə yer alan futbolçular özləri də anlayırlar ki, komandada möhkəmlənmək üçün mübarizə aparmaq lazımdır. Oyunçularım bu məsuliyyəti dərk edirlər. 

- Kubokda növbəti rəqibiniz "Kəpəz" olacaq. Rəqib barədə nə deyə bilərsiz?
- Məqsədimiz "Kəpəz"ə qarşı da layiqli mübarizə aparmaqdır. Heyətimizdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Onların həmin meydançalara qayıtmalarını özlərindən çox istəyirəm. Tək komandamızın qələbəsini yox, həm də oyunçularımızı ölkə futboluna qazandırmağı hədəfləyirik. 

- 1-ci Liqada mübarizə aparsaz da, iki fərqli heyətə maliksiz. Premyer Liqaya addım-addım yaxınlaşdığınızı demək olar?
- Futbol elə bir oyundur ki, cəzalılar, zədəlilər olur. Bu gün heyətimiz yaxşıdır. Lakin "Zaqatala" ilə matçda İdris İnqilablı və Bahadur Həziyev olmayacaq. "Karvan"la oyunda aldıqları vərəqələr üzündən bizə kömək edə bilməyəcəklər. Heyətimiz geniş olmalıdır ki, rəqabətdə uduzmayaq. Qapıçımız Elməddin Sultanov bu gün yox idi. Mehdi Tahirovun da komandaya qoşulduqdan sonra bizə xeyir verəcəyini düşünürəm. Onu bura böyük ümidlərlə gətirmişik. Əsas gözlədiyimiz o idi ki, ikinci heyətdən meydana buraxdığımız futbolçular digərlərindən geri qalmasın. Meydanda da bunu gördük. Əksər komandalarda 23 nəfərin hamısı əsas heyət üzvü olmur. 16-17 futbolçu start heyət, digərləri isə sayı düzəltmək üçün kollektivə cəlb olunur. Şükürlər olsun ki, bizdə durum belə deyil. 

- İdris İnqilablının yüksəlişini görməmək mümkün deyil. Ona xüsusi yanaşırsız?
- İdris dizindən aldığı zədə səbəbindən bir müddət futboldan kənar qalmışdı. Hazırda ona xüsusi diqqət yetiririk. Məşqləri azaltsa, yenidən xəsarət ala bilər. İnqilablının özü ilə fərdi çox söhbət edirəm. Çünki onun potensialı Premyer Liqa səviyyəsindədir. Biz də İdrisi həmin səviyyəyə qaytarmaq niyyətindəyik. O, 20 yaşında elitada çıxış edibsə, deməli yenidən orda oynaya bilər. Baza şəraitində yaşamağımız bizim üçün əlavə üstünlükdür. Bu, "Qəbələ"yə də aiddir. Çünki istədiyimiz vaxt komanda ilə birlikdə ola bilirik. Oyunçularımıza xüsusi proqram tərtib etmişik. Bilirik ki, Azərbaycan futbolunda fitness anlayışı aşağı səviyyədədir. Bizsə, futbolçularımızla trenajor məşqləri keçirik. Özlərinə də tez-tez bildirirəm ki, yanaşma ilə bağlı problem yaşamasınlar. Şükürlər olsun ki, "İmişli" olaraq bu etapı geridə qoymuşuq.

- Bəs İdrisi Premyer Liqa təmsilçilərindən istəyən olsa?
- Premyer Liqadan istəyən olsa, təbii ki, buna pozitiv baxaram. Lakin kluba rəsmi təklif gəlsə, bunu müzakirə etmək lazımdır. Çünki bizim də çempionluq hədəfimiz var. Premyer Liqaya onunla birlikdə qalxmağı çox istəyərəm. İdris həm futbolçu, həm də insani keyfiyyətlər baxımından çox yaxşıdır. 

İsmayıl Xeyrullayev

0