Futbolçuların əlləri niyə sarğılı olur? - SƏBƏB
07.05.2025 - 16:38
Futbolçuların əlləri niyə sarğılı olur? - SƏBƏB

Futbol və aksessuarlar. Əsrlərdir ki, bir-birini tamamlayan iki məfhum. 

Futbol sadəcə oyun deyil. O, həm də stil, özünüifadə və fərqlilik sənətidir. Bəzən bir qol sevinci, bəzən isə fərqli aksessuar dünyanın diqqət mərkəzinə düşür, tarixə iz qoyur. 

Elə əşyalar da var ki, futbolçudan çox özləri simvola çevrilib. Bunlardan bəziləri olmadan futbol tarixini təsəvvür etmək mümkün deyil.

Hələ futbolun ilk yarandığı dövrdən insanlar müxtəlif əşyaları, aksessuarları üzərinə geyərək meydana çıxırdı. Təbii ki, burada zamanla köhnəlib dəbini itirənlər də oldu, yaşadığımız dövrün gətirdiyi yeni aksessuarlar da.

Hətta bunlardan bəziləri əfsanələşməyi belə bacardı. Pyer-Emerik Obameyanqın super qəhraman maskalarını yəqin ki, bir çoxunuz xatırlayırsınız. Əsasən “Borussiya”da çıxış etdiyi dövrdə qabonlu ulduz vurduğu qolları “spiderman”, “batman”, “panter” kimi obrazların maskalarını taxaraq qeyd edirdi. Peter Çexin qara rəngli qoruyucu başlığı, Edqar Davidsin eynəyi, Ronaldinyonun qol sarğıları, Serxio Ramosun saç rezini və qolbaqları da “ikon” olmağı bacaran aksessuarlardandır. 

Hazırda Türkiyənin “Qalatasaray” klubunda forma geyinən Viktor Osimhenin qoruyucu maskası marketinq cəhətdən də komandaya kömək edir. İstanbul təmsilçisinin rəsmi mağazasında həmin maskalardan satışa çıxarılıb və yüksək tələbat görür.

Müasir dövrün futbola gətirdiyi müxtəlif yeniliklərdən ikisi isə birmənalı olaraq qarşılanmır. Söhbət uzun futbol corablarının arxasında açılan dəliklər və əl sarğılarından gedir. Bunlardan birincisi futbolçuların ayaq əzələlərini yüklənmədən qorumaq üçün atdığı addımdır. Lakin bəzən elə komandaların elə futbolçuları bunu edir ki, kənardan qəribə görünür. Çünki ayaq əzələsi kifayət qədər iri olmayan oyunçuların belə addım atması sadəcə diqqəti cəlb etmək üçün olur. 

Digər məsələ isə 2 ilə yaxın müddətdir ki, futbol dünyasını cəzb edib. Əslində, əl sarğılarının dəb halına çevrilməsi fransalı dünya ulduzu Kərim Benzemanın əməyidir. Barmağında qırıq olan futbolçu əməliyyat olacağı təqdirdə, 4-5 ay yaşıl meydanlardan kənar qalacaqdı. O, bu səbəbdən matçlara əlində sarğı ilə çıxırdı. Lakin onun “Qızıl top” almasından sonra həmin sarğılar dəbə çevrildi.

Hazırda dünya futbolunda minlərlə oyunçu meydana əlində sarğı ilə çıxır. Bunun səbəbi nədir, eyni anda bu qədər futbolçunun barmağı sınır? Təbii ki, belə deyil. Həmin sarğılar bir neçə məqsəd üçün istifadə olunur. Birincisi, yuxarıda qeyd olunduğu kimi, barmaqda qırıq varsa, həmin hissəni qorumaq üçün taxılır. İkincisi, barmaq zədələrinin qarşısını almaq üçün istifadə olunur. Bu metodun nə dərəcə effektiv olduğu isə ayrı mövzudur. Sadəcə, psixoloji olaraq daha öncə həmin zədəni yaşayan futbolçular bu yolla özlərini rahat hiss edirlər.

Bu mövzu ətrafında təcrübəli futbol həkimlərindən biri ilə də müzakirəmiz olub. Aldığımız cavab isə yuxarıdakı versiyalara oxşardır:

“Bu, bəlkə də futbolçuların özlərini diqqət mərkəzində saxlamaq üçün atdığı addımdır. Belə oyunçuları çox görmüşük. Bəzən futbolçuda sınıqdan sonra qorxu hissi qaldığına görə, həmin sarğılardan istifadə olunur. Amma hər zaman belə olmur. Bəzi oyunçular özlərini qorumaq üçün, bəziləri yüngül ağrılarına görə sarğıdan istifadə edirlər. Bu, yalnız əl sarğılarına aid deyil, bədənin digər nahiyələrində də belə hallara rast gəlmək mümkündür. Lakin həmin sarğılar kəskin ağrılardan nə dərəcədə qoruyur, bu da ayrı sualdır. Əməliyyat planlaşdırılırsa, həmin müddət ərzində sarğıdan istifadə edirik. Amma mütəmadi olaraq, sarğıdan istifadə etmək doğru deyil”.

Tanınmış futbol məşqçisi, “Zirə”, “Kəpəz” klublarını çalışdırmış Adil Şükürov da eyni düşüncədədir. O da bu addımın daha çox diqqət çəkmək üçün atıldığını düşünür:

“Yəqin ki, bu sarğını bağlayanların özlərinə görə səbəbləri var. Amma bəzi futbolçular örnək olaraq kimisə seçir və onun istifadə etdiyi əşyanı, talismanı özünə götürür. Bəzən də onların etdiyi hərəkəti təkrarlayırlar. Bu cür hallar hər dövrdə olub. Hətta yadıma düşür, o vaxt “Traktorsazi”də oynayanda Əli adlı futbolçumuz var idi. O, sinəsində xaç gəzdirirdi. Bu barədə ondan soruşanda cavabı məni şok etmişdi. Əli bunu hansısa futbolçunun istifadə etdiyini görüb və fərqinə varmadan eynisini edirdi. Yəni, demək istəyirəm ki, bəzən gənclər aşırı dərəcədə məşhur birinin etdiklərinə alüdə olurlar və o şəxsin futbolu ikinci dərəcəyə keçir. Vaxtı ikən Azərbaycanın ən görkəmli  məşqçilərindən olan Ruslan Abdullayev bu cür halları görəndə deyərdi ki, siz o futbolçunun meydanda necə futbol oynadığını, mövqeyinə uyğun necə davrandığını özünüz üçün örnək edin”.

Həmin aksessuarların, sarğıların istifadə məqsədləri fərqli olsa da, nəticə etibarilə futbola rəng qatdığını söyləmək lazımdır. Məsələn, Kərim Benzemanın “Qızıl top” almasından bir müddət sonra “Adidas” fransalı ulduza qızıl rəngli əl sarğısı hədiyyə etmişdi. 

Dünyanın bir nömrəli idman növündə atılan hər addım mütləq ki, kiminsə qəlbinə toxuna, həyatını dəyişə bilər. Futbol fərqlilikləri ilə gözəldir…