Gerye Qurbanovun sirlərini açdı: “Ağdamdakı səs yazısını işə saldı və ...” - MÜSAHİBƏ
12.07.2022 - 10:00
Gerye Qurbanovun sirlərini açdı: “Ağdamdakı səs yazısını işə saldı və ...” - MÜSAHİBƏ

“Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Vild-Donald Gerye Polşada tvpsport.pl-ə müsahibə verib.

Apasport.az saytının məlumatına görə, haitili müdafiəçi Azərbaycanda keçirdiyi dönəmdən ağızdolusu danışıb.

Hazırda karyerasını Krakov “Veçista”sında davam etdirən 33 yaşlı futbolçu, xüsusən də, “Qarabağ” və onun baş məşqçisi Qurban Qurbanovu unutmadığını bildirib.

- Müsahibədən əvvəl dediniz ki, “Qarabağ”dan ötrü darıxırsınız. Hələ də o komandanın oyunlarına baxırsınız?
- Baxıram. “Lex”lə oyunu gördüm, “Qarabağ”dan daha çox şey gözləyirdim. Çünki bu komandanı tanıyıram və Qurban Qurbanovun mentalitetini bilirəm. O, nə uduzmaq istəyən, nə də uğursuz oynanılan matçdan həzz alan məşqçidir. “Lex” üçün 1:0 çox kiçik üstünlükdür. Düşünürəm ki, “Qarabağ” daha da irəli gedəcək, çünki Qurban müəllim əsgər təfəkkürü olan, oyunçudan əsgər çıxarmağı bacaran adamdır. Heç kim onun kimi motivasiya eləməyi bacarmır.

- Qurban Qurbanov sizdə hansı təəssüratları yaradıb?
- Qurbanov “Qarabağ”dır, “Qarabağ” isə Qurbanovdur. Orada hamı ona qulaq asır. Kiçik bir kollektivdən bu şərtlər altında güclü bir komanda yaratdı. Uğurlu, amma yenə də doymayan komanda. Hələ də uğura acdır. Aclıq bitdikdə heç nə qazana bilməzsən. Bu, “Qarabağ” üçün təhlükə deyil. Neçə il orada oldum, komandanın gündən-günə daha peşəkar olduğunu gördüm. Bütün bunlar onun ləyaqətidir.

- Baş məşqçi buna görə 15 ilə yaxındır “Qarabağ”da çalışır? Polşada belə bir halla rastlaşmaq mümkün deyil...
- Qurbanova Azərbaycandan kənardan çoxlu təkliflər olsa da, heç vaxt getmək istəmədi. O, Azərbaycanı, Qarabağı təmsil etməkdən qürur duyur. Sözünün müqəddəs olduğu şəxsiyyətli insandır. Əsl səfir. Onun sayəsində “Qarabağ” hər zaman daha çox şeyə nail olmaq istəyən klubdur. Hamı ona hörmət edir. Dörd il orada oldum və tez öyrəndim ki, bu klubun matçları, nəticələri başqa vaxtdan daha önəmlidir. Qurbanov həmişə deyirdi ki, biz təkcə özümüz və azarkeşlər üçün deyil, döyüş bölgəsində olanlar üçün oynayırıq. Oradan gələn komandanın qalibiyyəti kimi heç nə onlara sevinc bəxş etmir. Biz onların gücü, ümidləri və sağ qalmalarıyıq.

- Ağdamda olmusunuz?
- Bəli. Müharibə bitəndən dərhal sonra bizi ora apardılar. Bəzi oyunçuların ailələri orada idi, bəziləri isə insanların orada nələr keçirdiklərini görmək üçün onların yanına getməyə qərar verdi. Etiraf edim ki, ora gedəndən sonra “Qarabağ”da əslində nə üçün oynadığımı başa düşdüm. Bu mənə daha çox aclıq, daha çox mübarizə iradəsi verdi. Müharibənin, yoxsulluq içində yaşamağın nə olduğunu bilirəm. Mən Haitidənəm. Orada çox adam elə yaşayır ki, buna həyat demək çətindir. Amma onlar daha yaxşı sabah üçün mübarizə aparırlar. Qarabağda da mən bunu gördüm.

- Sizi şoka saldı?
- Yoxsulluğu başa düşürəm. Bu barədə həyat yoldaşıma və uşaqlara danışıram. İndi onlar yeməyi bəyənməyəndə onu atmaq istəyəndə həmişə deyirəm ki, mənim ölkəmdə onlar kimi bir çox uşaqlar bu yeməyi ancaq xəyal edə bilərlər. Övladlarımın sahib olduqları bir nemətdir. Mən onlara deyirəm: Haitidə sizin həmyaşıdlarınızın çoxunun evdə içməli su imkanı yoxdur, siz isə spagettini bəyənmədiyiniz üçün atmaq istəyirsiniz. Yoxsulluğun nə olduğunu bilirəm və düşünürəm ki, Ağdamda gördüklərim ona görə məni daha da təsirləndirdi. Orada dağılmış binalar, xarabalıqlar gördüm. Uşaq ayaqqabıları yəqin ki, orada həyatını itirən birinin yeganə xatirəsi olaraq qalmışdı. Mənim kimi çox uşaq orada həyatını itirdi. Belə şəkillər unudulmur. Düşünürəm ki, həmkarlarım da mənim kimi fikirləşirdi - biz bu insanlar üçün daha çox mübarizə aparmalıyıq.

- Bu maarifləndirmə “Qarabağ”ı daha da güclü komanda edir?
- “Qarabağ” təkcə komanda deyil. Bu bir icmadır. Bunu klubda da hiss etmək olar. Təlimçidən tutmuş masajçılar, fizioterapevtlər, aşpazlar, mühafizəçilər üçün bu, sadəcə idman klubunda işləməkdən daha çox şey deməkdir. “Qarabağ”da hamı həm futbolçuların, həm klubun, həm də Ağdamın xeyrinə hərəkət edirdi.

- Qarabağdan bir neçə yüz kilometr aralıda Bakıda tamam başqa həyatın olması təəccüblüdür...
- Bəziləri unuda bilər. Amma mən özümü həmişə futbolçu yox, hərbçi hesab etmişəm. Haiti uğrunda silahla yox, ayaqlarımla döyüşürəm. Mən dövlətin şərəfi üçün mübarizə aparıram, çünki ilk növbədə haitiliyəm. Futbol isə bu ölkəyə sədaqətimi ifadə etmək üsuludur. Əsl əsgərlər də döyüşür. Ölkə üçün. Bu, onların vətənlərini qorumaq üsuludur. Onlar orduya qatılıb vətən uğrunda döyüşürlər. Bir gün Haitidə müharibə başlasa, mən də çəkinmədən əlimə silah götürərəm. Ola bilsin ki, vətən üçün ölüm. Həyata hörmət etmədiyim üçün yox, vətən hər şeydən önəmli olduğu üçün. Bu sizin damarlarınızda olan bir şeydir. Bu, təkcə ad və gerb deyil. Qarabağın bir çox mənası var. Bu əzab, ağrı, insan faciələridir. Bu torpaq çox pis şeylər yaşayıb. Biz isə futbolun köməyi ilə onlara sevinc, xoşbəxtlik və gözəl sabaha inam bəxş etdik. Qurban Qurbanov hər oyundan əvvəl bizə deyirdi ki, Ağdam müharibə olan şəhərdir.

- Onun danışıqları sizdə ən çox nə vaxt təəssürat yaratdı?
- Çempionlar Liqasında oyun keçirdiyimiz vaxtı xatırlayıram. Rəqibimiz “Atletiko” idi. Qurban Qurbanov bizi brifinqə apardı. O, rəqibin video analizini göstərdi, necə oynayacağımızı söylədi və bir müddət paltardəyişmə otağında qalmağımızı istədi. “Siz bunu özünüz üçün etmirsiniz, klub üçün etmirsiniz. İndi mən sizə bunu kimin üçün etdiyinizi göstərəcəyəm” dedi. Və Ağdamdakı səs yazısını işə saldı. Uşaqların ağlaması, şəhərin bombalanması, dəfn mərasimləri, matəm. “Bu insanlar “Qarabağ”ın böyük “Atletiko”ya qarşı oynadığını, “Qarabağ”ın qol vurduğunu görəndə gülümsəməyə başlayacaqlar”, deyə əlavə etdi. “Atletiko” önünə “Barselona” kimi çıxdıq. Oyun da 1:1 hesabı ilə bitdi.

- Belə bir motivasiyanın miqyasını təsəvvür edə bilərəm...
- Qurban Qurbanov böyük xarizmaya malik məşqçidir. Mən ona “Qvardiola” və ya ikinci ata deyirdim. Xüsusilə nəyisə idarə etməli olduğunuz zaman. Onun mənə qarşı yumşaq yeri var idi. Yadımdadır, maaşımın vaxtı çatmazdan əvvəl pula ehtiyacım var idi. Xəyal etdiyim avtomobili almaq istədim, ancaq mənə dedilər ki, gözləyə bilməz. Klub rəhbərliyindən olan Asif Əsgərovun yanına gedib ödənişin tezləşdirilməsini xahiş etdim. İmtina etdi. Qurbanovun kabineti yuxarı mərtəbədə idi. Xahişimi eşidəndə sadəcə, ah çəkdi: “Ah, Donni, Donni” - çünki əvvəllər belə deyirdi. Və telefonu əlinə alıb zəng vurdu: “Asif, Donni nə qədər istəyir, ver” dedi. Məşqçi qarşıma şərt qoydu: “Donni, növbəti oyunda ən yaxşı olmalısan”. Qurbanov əsl rəis, qladiator idi. O, heç vaxt gülümsəmirdi, amma onun sənin üçün ata olduğunu hiss edirsən. Ta ki, onu ruhdan salana qədər. İndiyə qədər onu məyus etdiyim üçün peşmanam.

- Necə?
- Haiti millisindəki toplanışdan çox gec qayıtdım. Təyyarədə yuxuya getdim. Sonra geri qayıtdıqda başqa fəsadlar oldu, gecikmə, koronavirus testinin müddəti bitdi. Çox gec gəlmişəm. Qurbanov hirsləndi, haqqı var idi. Mən cərimələndim və ehtiyata göndərilməli idim. Ayağa qalxıb dedim ki, ya burada, ya da başqa yerdə. Nəticədə Kiprə yollandım. Futbola gəlincə, “Qarabağ”da olduğum üçün heç vaxt peşman deyiləm. Çünki ən böyük uğurlarımın hamısı orada olub. İlk haitili kimi Çempionlar Liqası həyəcanını orada yaşadım və Avropa Liqasında çıxış etdim. Orada keçirdiyim vaxt üçün darıxıram. Görürsən, hətta instaqramda da “Qarabağ” köynəyində şəklim var. Bu xatirələr mənim üçün çox önəmlidir.

- “Qarabağ”da iki dəfə oynamısınız. Bir müddət “Neftçi”də olmağınıza nə səbəb oldu?
- Menecerlərə etibar etmək belədir. “Qarabağ”la müqavilənin uzadılması ilə bağlı danışıqlar apardım. Agent mənə dedi ki, gözləyin, çünki arada başqa təkliflər də ola bilər. Gözlədim, gözlədim və nəticədə “Neftçi” ilə daha pis müqavilə imzaladım. Amma orada yaxşı mövsüm keçirdim və yenidən “Qarabağ”a qayıtdım. Amma daha pis şərtlərə. Həmişə deyirəm ki, insan səhvindən dərs alır. Mən bunları çox etdim.

- Ən böyük səhviniz hansı olub?
- Ən böyüyü o idi ki, “Qarabağ”la vaxtında müqaviləni uzatmadım, bu da “Neftçi”də bitdi. İkincisi, “Sportinq”in maraq dairəsində olduğum vaxt başımı qarışdıran meneceri dinlədim. Orada hər şey hazır idi, amma eşitdim ki, Avropa Liqasında mübarizə apardığım “Sportinq” məni istəyir. İnstaqramda məni Nani özü ora getməyə razı saldı. Sadəcə, təfərrüatlar başlamamış məni istəyən məşqçi işlə vidalaşdı. “Qarabağ”la da yeni müqavilə məsələsində çox ləngidim. Məsuliyyətli olsaydım, karyeram daha yaxşı alınardı.

- “Qarabağ”da ən yaxşı xatirəniz hansı olub?
- Çempionlar Liqasında “Atletiko” ilə matç. Mənim də köməyimlə nəticə 1:1 oldu. Həm də “Arsenal”la Avropa Liqasında. 0:1 hesabı ilə uduzduq, amma belə bir komanda ilə, belə bir stadionda, haradan gəldiyini və başlanğıclarının nə olduğunu bilə-bilə oynayırsan. Bu, heyrətamiz bir şeydir. Digər tərəfdən, ən pis matç da gözəl stadionda keçirildi. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə ilk oyun. 0:6 hesabı ilə məğlub olduq. Görüşdən əvvəl hamı həyəcanlı idi. Bunun kabus olduğu ortaya çıxdı.

- Bununla belə, ən böyük kabusunuz Azərbaycanda, meydandan kənarda oldu...
- Bu, unudula bilməyəcək bir vəziyyətdir. Ən pis xatirələrimin ən pisi. Öz övladınızın ölümü heç vaxt hazır olmadığınız bir şeydir. Dünən kimi xatırlayıram. Yavaş-yavaş məşqə hazırlaşırdım, amma yenə də ikinci qızım Kokonun qayğısına qalırdım. Onunla oynayırdım, yuxusu gələndə onu yatağa qoyurdum. Onun yanında Mia-Manetta var idi. Yadımdadır ki, onun hıçqırıqları var idi. Səhər yeməyi hazırlayan həyat yoldaşım Zuzadan ona baxmasını xahiş etdim. Hər şey normala döndü və Mia da uzandı. Səhər yeməyi yedim, duş aldım və məşqə getməzdən əvvəl yoldaşıma dedim ki, balaca qızcığazı yoxlasın. Mia artıq ölmüşdü. Onu həyata döndürməyə, nəsə etməyə çalışırdım. Amma heç nə. Mən heç vaxt bu qədər aciz olmamışdım. Sonrakı günlər buna inanmadım. Əmin idim ki, Mia yatıb, uzun yuxudadır. Bir həftə sonra, bir ay sonra öz-özümə bunun sadəcə bir yuxu olduğunu söylədim. Mianın herpes virusu ilə bağlı problemi var idi. Bu, onun beynini yoluxdurur və bəzən nəzarətsiz hərəkət etməsinə səbəb olurdu. Düşündüm ki, yenə baş verdi. Uşağımın öldüyünə o qədər inanmaq istəmirdim.

- Bir neçə gün sonra da Çempionlar Liqası oyununda çıxış etdiniz. Bunun üçün gücü haradan aldınız?
- Mia öldükdən sonra kluba zəng etdim. Baş məşqçi Qurban Qurbanov o vaxt özünü fantastik aparırdı. Maşına oturdu, gəlib mənə dedi: “Donni, “Qarabağ” nə kömək lazımdırsa, edə bilər. Klubdan narahat olma, ailənin yanında qal. Bir aya ehtiyacınız varsa, bir ay qalın. Altı ay lazımdırsa, altı ay qalın. Heç bir şey üçün narahat olmayın. Biz sizə hər şeyi ödəyəcəyik”.

- Bununla belə, yenidən məşqlərə qayıtmaq qərarına gəldiniz. Ən yaxşı həll yolu bu idi?
- İki gün evdə qaldım. Amma başımın partladığını hiss etdim. Bir anlıq baş verənləri düşünməmək üçün topa ehtiyacım var idi. Həyat yoldaşımla danışdıq və qərara gəldik ki, məşqə qayıtmağım daha yaxşı olar. Özümü darıxdırıcı və depressiyaya düşmüş hiss etdim. Balkondan özümü atıb körpəmə qovuşmaq istədim. Məni yalnız ailənin qalan üzvləri yaşatdı, mən də onlara baxmalı oldum. “Qarabağ” məni xilas etdi. Meydanda bunu unuda bilmirdim, amma bir anlıq diqqətimi başqa şeyə cəmləyirdim. Məşqə qayıdanda Qurban Qurbanov məndən Çempionlar Liqası oyununda heyətdə olmağa hazır olub-olmadığımı soruşdu. Ona dedim ki, mənim üçün edə biləcəyi ən yaxşı şey oynamağıma icazə vermək, hər şeyin normal olduğuna inanmaqdır. Həmişə Çempionlar Liqasında oynamaq xəyalını həyata keçirməyə diqqət yetirməli idik.

- Bu, “Atletiko” ilə oyun idi. Əlindən gələni etdin...
- Yadımdadır ki, matçdan dərhal sonra başıma gələnlərə qayıtmalı idim. Biz Mianı Polşada dəfn etmək istəyirdik. Klub rəhbərliyi məşqçi ilə birlikdə kömək təklif etdi. Təyyarə icarəyə götürməli, övladımı tabuta qoymalı və belə daşımalı olduq. Sonra o tabutu daha aça bilmədik, qoy ailənin qalan hissəsi sağollaşsın. Heç bir jurnalisti, ailədən kənardan heç kimi dəvət etməsəm də, dəfn səsi ucaldı. Bu anı çəkmək istədim. Və sonra oxudum ki, qızımın dəfnini videoya çəkmişəm. Bunu Yakub Jezniçak deyib.

- Yəqin ki, sizə təsir etdi?
- Dəli olduğumu bilirəm, bəziləri məni qəribə hesab edir, amma, həqiqətən də, yaxşı ürəyim var. Heç vaxt sənin, ailən və sevdiklərin haqda pis söz demərəm. Səhv bir şey etsən belə, həyatını heç vaxt tənqid etmərəm. Çünki o sənindir, mənimki də mənimdir. Ən böyük idealım olan anam həmişə deyirdi: “Qonşunun gözündə nəsə tapmazdan əvvəl, öz gözünü yoxla”. Bir şey deməzdən əvvəl həyatınızda böyük səhvlər edib-etmədiyinizi yoxlayın. Mən Kubaya hirslənmədim, amma arvadım qəzəbləndi. O soruşdu ki, necə ola bilər, kiminsə bu barədə şərh yazması mümkün olsun. Bunu komanda yoldaşın edir. Kuba haqqında özüm danışmaq istəsəm, çox şey deyərdim, amma onun həyatının necə olması məni maraqlandırmır. Niyə ona belə edim? Mən Jezniçaka bir futbolçu kimi hörmət edirəm. Onun xarakterini, mentalitetini bilirəm. O, məndən fərqlidir. Bu qədər.

- Ona görə deyirsiniz ki, Polşada dostlarınız çox olsa da, polşalı dostlarınız yoxdur?
- Biz fərqliyik, bu bir faktdır. Haitidə hər kəsdə süstlük, dəlilik var. Polşada insanlar daha qapalıdır və çox vaxt başqa həyat tərzinə görə kiməsə hörmət etmirlər. Əgər onlar kimi düşünmürəmsə, hərəkət etmirəmsə, deməli, artıq tənqid olunuram. Mən bu fərqliliyi qəbul edirəm. Matçı izləmək üçün “Visla” stadionuna gəldiyim və orada oturub bir azarkeşlə bu barədə danışdığım vəziyyəti xatırlayıram. Sonra mənə mesaj yazdı. “Mənə hamı kimi rəftar edəcəyini gözləyirdim. Hamı gülür ki, kökəm, barmağı ilə göstərir. Fərqli idin. Kaş mən də sənin kimi olaydım”, dedi. Sadəcə ona dedim ki, özün ol və özünü bəyən. Siz bəzən ondan məhrum olursunuz. Məni olduğum yerə apardı, asan deyildi. Haitidə insanların haqqımda nə düşündüyünü bilsəydim, heç vaxt danışmazdıq, heç vaxt “Visla”da oynamazdım, Çempionlar Liqasında çıxış etməzdim.

- Haitidən indiki yerə qədər səyahətiniz nə dərəcədə çətin olub?
- Uşaq olanda Haitidə bir qayda var idi: Varlı birinin oğlu olsaydın, millidə oynayardın. Əgər o vaxt bu haqda düşünsəydim, heç vaxt heyətə düşməzdim. İndi Haiti yığmasının kapitanıyam. Bilirdim ki, istedad mənim üçün bir qapı aça bilər. Buna diqqət yetirdim. İndiyə qədər haitili gənc oğlanlardan mesajlar almağa davam edirəm: “Heyətə daxil olmaq üçün nə etməliyik? Mənə şans qazanmağa kömək etməzsən?” Həmişə “yox” deyirəm. Özünüzə şans verən sizsiniz, sonra başqalarından nəsə gözləyirsiniz. Bu sizin üçün çətindir, çünki bunu özünüz edirsiniz. Mən heç vaxt özümə nəyinsə qeyri-mümkün olduğunu demədiyim üçün gəldim. Paytaxtdan başlamamışam, Port-au-Prensdən 7-8 saatlıq məsafədə yerləşən kənddə başlamışam. Bunu həmişə Haitidəki oğlanlara deyirəm. Hər şeyi özünəinam, iş və bir az dəlilik sayəsində etdim.

- Necə düşünürsünüz, ananızı dinləsəydiniz, futbolçu karyeranız olmazdı?
- Düzdür. O, qardaşım kimi keşiş olmağımı istəyirdi. Ona görə də heç vaxt oynamağa ayaqqabım olmayıb. Həqiqətən də, futbolçu olmağımı istəmirdi. Yadımdadır, qardaşımla Romada, “Qarabağ”ın “Roma” ilə oyunundan əvvəl görüşdüm. Və “niyə döymə vurursan, niyə saçını rəngləyirsən? Allah bunu istəmir”, dedi. Mən İncil bilirəm, evdə oxuyuram. Bilirdim ki, orada tatuirovka ilə bağlı heç nə yoxdur. Allah səndən ancaq öz bədəninin qayğısına qalmağı və təmiz ruha sahib olmağını istəyir. Çünki qiyamət günü ruh qalacaq, bədən yox olacaq. O vaxtdan bəri tatuirovka haqqında danışmadıq. Haitidə hər gün kilsəyə gedirdim. Anam məni kahinlərin yanında oturdurdu. Bu günə qədər iman mənim üçün çox vacibdir. İnancım odur ki, hər kəs səhv edir, amma onları düzəltmək üçün başqa bir gün də var. Bağışlanmaq. Çox səhv etdiyimi bilirəm. Amma hər şeydən xəbərim var. Digərləri isə Kuba kimidir. Başqalarını günahlandırır, amma heç vaxt günahı özündə görmür. Ona səhvlərini xatırlatmayacağam. Bu onun işidir. Bəlkə bir gün başa düşəcək.

- Yenidən Azərbaycana getmək variantı yarana bilər?
- İndi düşünürəm ki, kaş yenə “Qarabağ”da oynasaydım... Nə qədər ki, Qurban Qurbanov var, uğurlu klub olacaq. Kifayət qədər intizamlı olmamağım, əlimdən gələni etməyə çalışmamağım, Qurbanova tabe olmamağım həyatdakı ən böyük səhvimdir. Onun bütün məsləhətlərinə əməl etsəydim, Avropanın yüksək liqalarında oynayardım. İndi “Qarabağ”a qayıtmaq imkanım olsaydı, hətta orada pulsuz oynayardım. Yaxşı olardı ki, heç vaxt oranı tərk etməzdim. Çünki orada topdan həzz alırdım. Həyatımda çox səhvlər etmişəm. Onların hamısını mən, ailəm və karyeram ödəyib.

0