Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ
29.03.2023 - 12:48
Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi

- Millimiz ardıcıl 2 qarşılaşmada qapısından 9 qol buraxdı. Yəqin ki, Lintsdəki məğlubiyyətdən sonra İsveçlə yığmadan daha fərqli nəticə, fərqli oyun və əzmkarlıq gözləyirdiz?
- İki oyunda da milli çox zəif çıxış etdi. Kifayət qədər səhvlər var idi. Fərdi, taktiki planda səhvləri qeyd edirəm. Rəqibin istədiyi hər şey alınırdı. Hamı İsveçin uzun toplarla ikinci toplarla hücum quracağını asanlıqla görürdü. Buna baxmayaraq, hamısı da onlarda alınırdı. Qollar da elə vuruldu. Deməzdim ki, futbolçular bu məğlubiyyətə layiq idilər. Kifayət qədər təcrübəli futbolçularımız da var. Amma nədənsə hər iki oyunda ürəkaçan nəticə olmadı. 

- Ancaq Canni de Byazi əla oynadıqlarını bildirdi. Sizcə, italiyalı məşqçi “əla oynadıq” deyəndə, nəyi nəzərdə tutur?
- Belə məğlubiyyətdən sonra oyundakı hansısa epizodik yaxşı hərəkətlərini önəmli açıqlama kimi verməyi düzgün hesab etmirəm. Ümumən, nəticə belə açıqlama verməyə yaraşmır. Amma oyunda qol epizodlarımız oldu. Renatın, Ramilin qol imkanları var idi. Yəqin ki, de Byazi onları nəzərdə tutur. Ara-sıra top bizdə olurdu. Ancaq bunların əhəmiyyəti yox idi. Çünki rəqib öz taktiki tapşırıqlarına səbirlə əməl edirdi və onların istədikləri kimi də alındı oyun.

- Beş oyunluq qələbə seriyası millidə hər şeyin yaxşı olduğunu düşünənləri aldatdı?
- Bir məşqçi üçün lazım olan nə var idisə, Byaziyə yaradılmışdı. Beş oyunluq qələbədən sonra müqavilə artırılmışdı, şərait istənilən səviyyədədir. Milliyə bir həftə qabaq oyunçular verilmişdi. Çempionatın təqvimi də qurulub ki, futbolçular yığmada çox vaxt keçirsinlər. Canni de Byazi kifayət qədər vaxtdır ki, buradadır. Artıq üçüncü turnirdir ki, bu baş məşqçi ilə davam edirlər. Hər tsikldən sonra nəticələrdə də inkişaf görünməlidir. Amma burada söhbət tək yoldaşlıq görüşlərindən getmir. Görünən odur ki, rəsmi olmayan görüşlərdə rəqiblər hansısa rotasiyalara gedirlər, nəticəyə o qədər önəm vermirlər. Amma bizim üçün hətta yoldaşlıq görüşlərinin nəticəsi də önəmli sayılır. Tsiklə ilə heç də ürəkaçan başlamamışıq.

- Nəyə ümid edək, sizcə nəsə dəyişəcək?
- Qrupumuz da zəif deyil. Üç güclü rəqibimiz var. Bəxtimizə FİFA reytinqi yüksək olan ölkələr düşüb. Qalan oyunlarda istədiyimiz nəticələri əldə etsək, yaxşı fikir formalaş bilər. Amma hələ ki, bu görünmür. Məncə, bu nəticədən sonra psixoloji durum da istənilən səviyyədə olmayacaq. Bunun altından çıxmaq üçün də, bilmirəm, məşqçilər nə fikirləşəcək. Adətən belə məğlubiyyətlərdən sonra məşqçilər heç güc tapmırlar və istefa verib gedirlər. Canni de Byazi indi nə düşünür, bilmirəm.

- İtaliyalı çalışdırıcıdan belə qərar gözləyirsiz?
- Byazidən belə qərar gözləmirəm. Çünki bu, adətən oyundan sonra keçirilən mətbuat konfransında açıqlanır. Amma artıq üstündən zaman keçib. Belə qərar yoxdursa, bundan sonra da gözləmirəm. Ancaq tək məşqçi deyil, AFFA-da da toplantı keçirərək oyunları təhlil edəcəklər. Məşqçini dinləyəcəklər və ondan sonra bilinəcək ki, baş məşqçi ilə davam edirik, yoxsa postundan getməlidir.

0