Mahir Emreli: "Daha çox oynasaydım, nəsə etmək olardı" - Müsahibə
17.10.2023 - 11:34
Mahir Emreli: "Daha çox oynasaydım, nəsə etmək olardı" - Müsahibə

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Avstriya ilə oyundan sonra jurnalistlərə müsahibə verib. 

Apasport.az Emrelinin müsahibəsini diqqətinizə çatdırır:

- Estoniya və Avstriya ilə görüşləri ilə bağlı hansı fikirdəsən?
- Estoniya ilə matç nəticə və oyun baxımından bizim üçün yaxşı oldu. Avstriya ilə görüşdə isə ilk yarıda qol epizodlarımız olmasa da, topla oynamağa çalışırdıq. İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma gedək. Nəticəyə görə təəssüflənirəm. Çünki, Avstriya ilə matçda 3 xala layiq idik.

- Stadionda çox azarkeşin olmaması sənin üçün gözlənilməz idi?
- Azarkeşlərin olmağı həmişə futbolçular üçün böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq.

- Estoniya ilə oyunda əvəzlənərkən narazılıq etmişdin. Avstriya ilə matçda start heyətində yer almamağının səbəbi bu idi?
- Həmin an vura bilmədiyim zərbələr gözümün önündən keçirdi. Öz-özümə deyinirdim, Canni De Byazilik heç nə yox idi. Avstriya ilə görüşdə meydana start heyətində çıxmamağımın səbəbini isə bilmirəm. 

- Sən meydana daxil olanda azarkeşlərim arasında coşqu yarandı. Meydanda daha çox olsaydın, nələrsə edə bilərdin?
- Təbii ki. Çünki, evdə oynayırdıq. Daha çox vaxt olsaydı, bəlkə nəsə etmək olardı. Artıq olub bitib. Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər. Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam.

- Sənin və Musanın az şans qazanmağınız ab-havanıza təsir etmir?
- Yox. Klub başqa, milli başqadır. Kluba gedəndə burada baş verənləri unudursan. Məşqçinin öz fikridir. Bu sualların cavabını o daha yaxşı bilər. Bu gün xaricdə oynayan futbolçuların çox olması müsbət məqamdır. Bir dostum var. Deyir ki, arzu edirəm ki, millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər.

- Belə fikir var ki, hazırkı milli müstəqillik dövrünün ən yaxşı millisidir. Bu heyətlə hansı formada nəticə qazana bilərik?

- Bu heyətlə 4-5 ildir oynayırıq. Lüksemburq millisinə baxın. Neçə illərdir bir yerdə oynayırlar. Bu gün artıq seçmə mərhələni keçməyə yaxındırlar. Portuqaliyaya məğlub olublar, amma komanda futbol oynayır. Taktiki məqamlar baş məşqçilərin verəcəyi qərardır. Hamı görür ki, heyət necə olanda komanda necə oynayır.

- "Dinamo"da ötən illə müqayisədə daha çox şans qazanırsan. Bu, nə ilə bağlıdır?

- Keçən il baş məşqçi ilə problemlər yaşayırdım. İstər-istəməz bu, meydanda da görünürdü. Bu il nisbətən yaxşıdır. Baş məşqçi nə qədər çox güvənsə, futbolçu bir o qədər canla-başla oynayacaq. Son oyunların çoxusuna əsas heyətdə çıxmışam. Komandama fayda verməyə çalışıram. "Dinamo" məni futbolçu kimi çox böyütdü, formalaşmağımda köməyi çox oldu. Böyük futbolçularla oynamaq, məşq etmək adama fayda verir. Fərqi hiss edə bilirsən. "Dinamo"nun böyüklüyü hamıya məlumdur. Komandamız TOP Liqadakı bir çox klublardan zəif deyil.

- Avrokuboklardakı uğursuzluğu nə ilə əlaqələndirirsən?

- AEK-lə oyun bizim üçün şok idi. 90-cı dəqiqəyə kimi 2:0 öndə idik. Bəzi oyunçular komandadan getdi. Bunun da təsiri oldu. Daha sonra toparlana bildik.

- Adın "Neftçi" ilə hallanır. Belə bir təklif olub?

- Yox, olmayıb.

- Sənin gedişindən sonra xaricə gedən futbolçularımızın sayı artdı. Düşünmürsən ki, "xaricdə qalmaq çətindir" stereotipini qırdın?

- Bu barədə heç vaxt düşünməmişəm. Əgər az da olsa fayda verə bilmişəmsə, buna görə çox şadam. "Dinamo"da ötən il çox çətin mövsüm keçirdim. Neyləyim? Başımı aşağı salıb hər şeydən vaz keçəsi deyiləm. Çalışmalıyıq. Bu məsələdə deyirəm ki, "Dinamo" məni çox böyütdü.

- Legioner həyatı yaşayan futbolçulardan səninlə məsləhətləşən olub?

- Yox. Futbolçuların mənimlə məsləhət edəsi durumu olmur. Çətinliklər var. Bəzən tək olmaq çətindir. Dil baxımından çətinliyim olmadığı üçün adaptasiya dövrünü rahat keçirəm. Ürəyim istəyəndə ailəm yanıma gələ bilir. Hər şeyin öhdəsindən gəlmək olar. Baxır qarşına qoyduğun məqsəd nədir. Ona doğru irəliləmək lazımdır.

0