Məqsəd Yaqubəliyevin kitabı təqdim olundu
02.06.2023 - 17:57
Məqsəd Yaqubəliyevin kitabı təqdim olundu

Azərbaycanlı futbol mütəxəssisi Məqsəd Yaqubəliyevin kitab təqdimatı baş tutub. 

Apasport.az saytının məlumatına görə, tədbir ölkə kubokunun finalının mətbuat konfransında öncə həyata keçirilib. 

Yaqubəliyev kitabın ərsəyə gəlməsi barədə də fikirlərini bildirib: “Futbolun inkişafı ilə bağlı burada müzakirələr aparırıq. Sözümü Vaqif Sadıqovun sözü ilə başlamaq istəyirəm. O deyir ki, futbol mütəxəssisin futbolun inkişafı istiqamətində cürət etməsi alqışalayiqdir. Bu sözlər də bizə güc verir. Gənc mütəxəssislər üçün kitab əhəmiyyətli olacaq. Onların inkişafın töhfə verəcək”.

Futbol veteranı kitabda yer alan mövzulara da toxunub: “Futbola çox gec, 23 yaşında gəlmişəm. Milli komandada da oynamışam. Legioner həyatı yaşaya bilmədim. Şərait çətin idi. Yaşadığım Qazaxın “Göyəzən” klubuna kömək etmək lazım idi. Orada oynamışam. Sevinirəm ki, bu sahədə qalmışam. Elmə marağım həmişə var idi. “Ümid” komandasını yaratmışdım, güclülər dəstəsində oynadıq. Sponsorlar yaxın gəlmədi deyə, komandanın 3-4 il ömrü oldu. Daim yeniliklər axtarmışam. Xarici mütəxəssislərlə işləyən zaman proqramlar verilmirdi. Mən də bu cür proqram hazırlaya biləcəyimə inanırdım. Kitabda eyni zamanda futbolun keçmişi ilə bugünkü günün vəhdəti görünür. Kimsə köhnə materiallara rast gələ bilər. Keçmişi bilməyən bugünkü günlə ayaqlaşa bilməz. Ən güclü komandaların futbolçularına belə, kitabdakı qrafik lazımdır. Sxemdə mübarizənin necə olacağı göstərilir. Kitabdakı sxemlə tanış olsalar, futbolçuların xeyrinə işləyər. Futbolçunun hazırlanması üçün sistematik olaraq əvvəlindən sona qədər hər şey göstərilir. Kiçik detallar da orada göstərilib. Məşqçiyə nələr aiddir, nələr maraqlıdır, onları seçib kitabda göstərmişəm”.

Mütəxəssis kitabın sponsorları və satışına da toxunub: “Sponsor “Xəzər Universiteti”dir. Əgər idman sahəsinin elmlə vəhdətindən söhbət gedirsə, düşündük ki, elm ocağının ona sponsorluq etməsi daha məqsədəuyğundur. Tiraj azdır, 30 kitab buraxılıb. Universitet tərəfindən təklif olunub ki, kitaba olan reaksiyadan sonra tiraj çoxala bilər. 10 ilə yaxındır ki, akademiyada çalışmışam, “Bakı”, “Şamaxı”. Mütəxəssislər üçün bu cür məlumatlara nə qədər ehtiyac var, inanın. Bəzən məşqçilər futbola aid olan hansısa detalları çəkməkdə də çətinlik çəkirlər. Onların marağında olsa, tirajı da artırmaq olar”.


 

0