Millimizin baş məşqçisi: “Qrupdan çıxmaq işin yarısıdır” - MÜSAHİBƏ
20.10.2023 - 17:31
Millimizin baş məşqçisi: “Qrupdan çıxmaq işin yarısıdır” - MÜSAHİBƏ

Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyevin apasport.az saytına müsahibəsi

- BƏƏ-də keçiriləcək dünya çempionatında iştirak edəcək komanda Türkiyədə təlim-məşq toplanışı keçirdi. Hazırlıq sizin üçün necə keçdi, nələri edə bildiniz, nələri edə bilmədiz?
- Toplanışlar olmadan böyük yarışlarda uğur qazanmaq çətindir. Buna görə də biz toplanış keçdik. Daha çox fiziki və taktiki məşqlərə üstünlük verdik. Amma düzünü deyim, yoldaşlıq oyunlarımızın sayı bizi qane etmədi. Qalan məşqlərimizi yaxşı keçdik.

- Azərbaycan millisinin dünya çempionatında qalib olmaq şanslarını necə dəyərləndirirsiz? Sizcə, Azərbaycan Avropa çempionluğundan sonra mundialın da qalibi ola biləcək?
- Dünya çempionatında əsas məqsədimiz qrupdan çıxmaqdır. Fikrimcə, daha yaxşı nəticə qazanmaq da mümkündür. Mən komandama sonuna qədər inanıram. İnanıram ki, vətənə uğurlu nəticə ilə qayıdarıq.

- Heyətə baxanda, necə düşünürsüz, hazırkı heyət Avropa çempionu olan heyətdən daha da güclənib, yoxsa aşağı-yuxarı eynidir?
- Hər zaman güclü olmağa çalışırıq. Çünki daim bizi sınaqlar gözləyir. Heyətimizi də ona uyğun yığırıq. Amma sırf sualınıza gəldikdə, məncə, indiki heyətimiz Avropa çempionu olanla müqayisədə daha güclüdür. Ancaq ümumilikdə, hər zaman yaxşı heyətimiz olub.

- Milli komandamızın yer aldığı qrupda dəyişiklik oldu. Tunisi Küveyt əvəzlədi. Bunun planlarınıza, işinizə hansısa təsiri oldu və ya olacaq? Sizcə, Tunis daha güclü idi, yoxsa Küveyt?
- Bilirsiz, istənilən halda, Küveytlə qrupda sonuncu oyunumuzu keçirəcəyik. Buna qədər isə qrupun vəziyyətinə aydınlıq gələ bilər. Amma biz hər oyuna ciddi şəkildə çıxacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.

- Qrupu asanlıqla keçəcəksiz? Potensial olaraq rəqibləriniz hansı səviyyədədir?
- Bilirsiz, rəqiblər haqda məlumat toplamaq asan deyil. Yəqin ki, rəqiblərimizi BƏƏ-də daha yaxşı analiz etməyə nail olarıq. Qrupdan çıxmaq bizim üçün işin yarısı deməkdir. Ümidvaram ki, bunu edəcəyik.

- Federasiya rəhbərliyi ilə yəqin ki, görüşünüz olur və mundial öncəsi olacaq yekun görüş. Ümumiyyətlə, sizdən gözləntilər və istək, məqsəd nədir?
- Rəhbərliklə tez-tez görüşümüz olur. Onlar da, biz də çalışırıq ki, əlimizdən gələnin ən yaxşısını edək, ölkəmizi hər zaman ən yaxşı şəkildə təmsil edək.

- Maraqlıdır, heç ölkə xaricində minifutbol oynayan azərbaycanlılar var? Varsa, onları milliyə dəvət edərsiz? Yoxsa, milli güclüdür deyə, heç ehtiyac duymamısız?
- Gələcəkdə futzal üzrə Azərbaycan millisində çıxış etmiş Ramiz Çovdarovu yığma komandamıza dəvət edəcəyik. Bilirsiz, Ramiz artıq Almaniyada yaşayır. Başqa namizəd olsa, təbii ki, ona da baxmaq olar, nəzərdən keçirərik. Biz hər zaman millimizin güclü olmasına çalışırıq. Bunun üçün lazım olanları edirik.
 

0