Millimizin futbolçusu: “Komanda qrupdan çıxmaq istəyir”
18.10.2023 - 17:31
Millimizin futbolçusu: “Komanda qrupdan çıxmaq istəyir”

Azərbaycanın U-21 millisinin futbolçusu Camal Cəfərovun apasport.az saytına müsahibəsi

- Azərbaycan yığması dünən Lüksemburqla görüşdə qalib gəlməyi bacardı. Rəqib üzərində qazanılan qələbəni necə dəyərləndirirsiz?
- Oyunun gedişində biz topa daha çox sahib olduq. Hücuma da biz daha çox keçdik. Təhlükəli anlar yaradaraq qalib gəlmək üçün son saniyəyə qədər oynadıq. Bəzən bəxtimiz gətirməsə də, sonda üçüncü topu da qonaqların qapısından keçirdik. Ona görə də oyunun nəticəsi bizim xeyrimizədir.

- Maraqlıdır ki, komanda son dəqiqələrə məğlub daxil olsa da, sonda iki qol vuraraq qələbə qazandınız. Xarakter öz rolunu oynadı?
- Bəli. Biz hər oyunda xarakter nümayiş etdiririk, cəsarətlə oynayırıq, öz qapımıza sıxılmırıq, daha çox hücum etməyə çalışırıq. Bu oyunda da bəxtimiz gətirdi.

- Şimali İrlandiyaya məğlubiyyətdən sonra kollektivdəki atmosfer necə idi? Yəqin ki, inamsızlıq yaranmışdı, yoxsa istənilən halda özünüzə əmin idiz?
- Şimali İrlandiya ilə oyundan sonra komandada ab-hava normal idi. Bəli, qələbəni əldən verdik, lakin bu, oyunçuların növbəti oyun üçün əhval-ruhiyyəsinə heç bir şəkildə təsir etmədi. Məşqçi səhvlərimizi göstərdi və Lüksemburqla növbəti oyun üçün lazım olan göstərişləri verdi.

- Şimali İrlandiya ilə görüşdə təyin edilən penaltini yerinə yetirə bilməmişdiniz. Lüksemburqla matça ehtiyat skamyada başlamağınız bununla əlaqədar idi?
- Təəssüf ki, penaltidən fərqlənə bilmədim. Amma oyundan sonra baş məşqçi mənimlə danışdı. Dedi ki, belə şeylər olur, biz oynamağa davam etməliyik və səhvlərimiz üzərində işləməliyik. Əvəzetmələrə gəlincə, kimin nə vaxt əvəzlənəcəyini ən yaxşı məşqçi bilir, ona görə də sual mənə aid deyil.

- Lüksemburqla matçda Azərbaycanın əsas millisində çıxış edən futbolçular U-21 yığmasına cəlb edilmişdi. Bu sizə yaxşı motivasiya vermişdi? Onlar sizə kömək ola bildi?
- Düşünürəm ki, komandamızdakıların hamısı yaxşı oyunçulardır. Lüksemburqla oyuna gələnlər isə təbii ki, əlavə olaraq bütün komandanı motivasiya etdilər və qələbəyə öz töhfələrini verdilər.

- Serbiya, Ukrayna və İngiltərədən sonra qrupda dördüncü pillədəsiz. Yığma bu qrupda hansı nəticəni göstərə bilər? Ən azından dördüncü pillədə qalmağımız realdır?
- Oyundan-oyuna özümüzü daha inamlı hiss edirik və komanda olaraq daha yaxşı oynayırıq. Ona görə də mən yalnız qələbələr haqqında düşünürəm və bunun necə olacağını görəcəyik. 
Komanda qrupdan çıxmaq istəyir. 

- Qarşıda Ukrayna və İngiltərə kimi güclü yığmalarla oynayacaqsız. Sizcə, bu görüşlərdə xal qazana biləcəksiz?
- Məncə, bəli, Ukrayna və İngiltərə ilə görüşlərdə də xal qazana bilərik. Ukrayna millisi ilə əvvəllər də qarşılaşıb, qalib gəlmişik. İngiltərə yığmasına qarşı ilk dəfə oynayacağıq. Amma rəqiblərimizdən qorxmuruq. Biz öz imkanlarımıza arxayınıq, baxımlı və məhsuldar futbol nümayiş etdirə biləcəyik.

- Yığmada əsasən ilk onbirlikdə meydana çıxırsız. Bu, "Sabah"da əsas heyətə düşməyinizə kömək olacaq? Nəyə görə əsas heyətdə oynamırsız?
- Təbii ki, millidə oynamaq hər bir futbolçu üçün prestijlidir. Oynayıb millinin qələbəsinə kömək edəcəyəm. “Sabah”da əsas heyətdə oynamağa gəlincə, düşünürəm ki, bunu məşqçilər korpusu həll edir. Mənim vəzifəm daha çox məşq etmək, öz üzərimdə çox çalışmaq və yaxşı formada olmaqdır. Təbii ki, əsas komandada oynayacağıma inanıram. 
 

0