Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə
29.10.2023 - 13:49
Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə

Minifutbol üzrə Azərbaycan milli komandasının aparıcı oyunçularından olan Vüsal İsayevin apasport.az saytına müsahibəsi

- Millimiz mundiala qalibiyyətlə start verdi. İraqa qarşı keçirilmiş görüşü necə şərh edərdin? Oyunu istədiyiniz səviyyədə keçirdiz, yoxsa planlaşdırdığınız kimi alınmadı?
- Qələbəyə görə hamımız sevincliyik. Mundiala qələbə ilə başlamaq bizim üçün çox vacib idi. Amma düzü, istədiyimiz səviyyədə oynaya bilmədik. Öz oyunumuzu tam göstərə bilmədik. Çünki matçdan bir gün əvvəl güclü yağış yağmışdı, meydançada sürüşürdük. Heç kim topla istədiyi kimi rəftar edə bilmirdi. Amma yenə də, qələbə qazandıq.

- Yəqin ki, DÇ-dəki digər görüşləri də izləyirsiz. Səncə hansı komanda favoritdir?
- Bəli, vaxt olduqca otağımızda oyunlara baxırıq. Güclü komandalar çoxdur. Meksika, Rumıniya, Çexiya kimi güclü millilər var. Hazır komandadırlar, taktiki gedişləri çox yaxşıdır. Fiziki sarıdan da çox yaxşı hazırlaşıblar. Favoritlər arasında onları qeyd edə bilərəm.

- İlk qələbədən sonra yəqin ki, milli komandamızın qrupdan çıxacağına inamın yüksəkdir. Qrupda hansısa komanda bizə problem yarada bilər?
- Bizim məqsədimiz təkcə qrupdan çıxmaq deyil. Çünki dünya çempionatına son Avropa çempionu kimi qatılmışıq. Qrupdan çıxacağımıza hamımız inanırıq. Bunun üçün hazırlaşırıq, mübarizə aparırıq. Qrupdan sonra da yolumuza davam etmək istəyirik. Hədəfimiz budur.

- Ümumiyyətlə, təşkilatçılıq, stadionlar hansı durumdadır? Hər şey yaxşı səviyyədə təşkil edilibmi və sizə olan münasibət necədir?
- Bəli, təşkilatçılıq çox yüksək səviyyədədir. Meydançalar da əla durumdadır. Sadəcə, yağış olduğu üçün oyun günü stadionda sürüşürdük. Bizə olan münasibətə gəlincə, çox yaxşıdır. Hamı bilir ki, mundiala son Avropa çempionu kimi gəlmişik. Minifutboldan məlumatı olan insanların hamısı bizi yaxşı tanıyır.

- Yığma növbəti görüşlərini Misir və Küveytə qarşı keçirəcək. Bu görüşlər haqda hansı fikirdəsən? Səncə, milli hər iki komandanı da məğlub edə bilər?
- Məncə, Misir Küveytlə müqayisədə daha yaxşı komandadır. Heyətində daha yaxşı oyunçuları var. Amma bizim gücümüz hər iki komandanı da məğlub etməyə çatar. Rəqibdən asılı olmayaraq, oyunlara ciddi hazırlaşıb, istənilən görüşdə qələbə qazanmaq istəyirik.

- Azərbaycan millisi dünya çempionatına sonuncu Avropa çempionu kimi yollanıb. Səncə, Avropa çempionatından sonra dünya çempionluğunu əldə edə bilərsiz, yoxsa çox çətin görünür?
- Bizdə təlim-məşq toplanışı oldu. Mundiala çox yaxşı hazırlaşmışıq. Hədəfimiz dünya çempionu olmaqdır. Allah qoysa, bunu əldə edərik. İndidən bu haqda danışmaq çox tezdir. Çünki cəmi bir oyun oynamışıq. Ancaq dünya çempionatına yalnız qrupdan çıxmaq üçün yox, finala qədər gedib, çempion olmaq üçün gəlmişik. Addım-addım yolumuza davam edib, məqsədimizə çatmaq niyyətindəyik.

- Avropa çempionu olan heyətdə də yer almışdın. Səncə, indiki milli daha güclüdür, yoxsa əvvəlki?
- Avropa çempionu olan heyət də çox güclü idi. Ona görə də çempion olduq. Amma indiki heyət də çox yaxşıdır, bizə yeni uşaqlar qoşulub. Müqayisə etmək istəməzdim. Deməzdim ki, biri digərindən qat-qat güclüdür. Düzdür, fərq hardasa var, amma yerlə-göy qədər deyil. Millidə kim varsa, hamımız birlikdə uğur qazanmaq istəyirik.

0