Futbol üzrə Azərbaycan I Liqa təmsilçisi “Mingəçevir”də sular durulmaq bilmir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, ötən mövsüm Premyer Liqaya yüksəlmək uğrunda pley-offa vəsiqə qazanan komanda bilinməzliyə qərq olub.
Belə ki, klubda qaranlıq ab-hava davam edir. Mövsümün əvvəlində əsas sponsorunu itirən “Mingəçevir”də hələ də maliyyə məsələləri düzəlməyib.
Baş məşqçi Ramiz Məmmədovun, heyətdəki futbolçuların və texniki heyətin gələcəyi sual altındadır. Məvacibləri gecikən oyunçular ötən aylarda yalnız son iki matçdan öncə məşqlərə çıxıblar.
Həmin maaş problemləri həllini tapmayıb. Bəzi futbolçuların ödənişləri edilsə də, bəzilərində gecikmələr qalıb.
Komandanın Premyer Liqaya yüksələ bilməməsi bütün işlərə pauza verib. Hətta Mingəçevir şəhər stadionunda davam edən təmir işləri də dayanıb.
Azərbaycanın futbol şəhərlərindən olan Mingəçevirin taleyi sual altındadır. Hazırda hər kəs növbəti həftələrdə keçiriləcək klubdaxili iclası gözləyir. Yalnız bundan sonra komandanın aqibəti bəlli olacaq.
Qeyd edək ki, “Mingəçevir” ötən mövsüm I Liqanı ikinci pillədə başa vurub. Komanda Premyer Liqaya yüksəlmək uğrunda pley-off oyununda “Qəbələ”yə məğlub olub – 0:2.