
Bu gün Azərbaycanın peşəkar futbol klubu "Neftçi"nin yaranma günüdür.
Apasport.az xəbər verir ki, ölkənin ən köklü klubu 88 yaşını tamamlayır.
Bakı təmsilçisi 1937-ci ilin martın 18-də "Neftyanik" adı ilə fəaliyyətə başlayıb. Uzun müddət SSRİ çempionatında çıxış edən komanda dəfələrlə uğurlara imza atıb. 1966-cı ildə əfsanəvi Anatoli Banişevskinin də iştirak etdiyi komanda bürünc medallara sahib çıxıb.
1968-ci ildə isə klubun adı "Neftçi" olaraq dəyişdirilib. 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarının daimi iştirakçısı olan "ağ-qaralar" 9 dəfə ölkə çempionu olub - 1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12, 2012/13, 2020/21.
Klub həmçinin 6 dəfə Azərbaycan kubokunun qızıl medallarına sahib çıxıb - 1994/95, 1995/96, 1998/99, 2003/04, 2012/13, 2013/14.
"Neftçi" ölkə futbolu tarixində avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub. Bakı təmsilçisi 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Komanda Çempionlar Liqasının II təsnifat mərhələsində "Zestafoni"ni (Gürcüstan) mübarizədən kənarlaşdırıb. Növbəti turda İsrail "Hapoel"inə uduzan "Neftçi" Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Bakıda APOEL-lə 1:1-lik heç-heçə edən komanda Cənubi Kiprdə rəqibini 3:1 hesabı ilə məğlub edib. Bununla da, Azərbaycan futbolunda yeni səhifə açılıb.
"Neftçi" əsas mərhələdə "İnter" (İtaliya), "Rubin" (Rusiya) və "Partizan"a (Serbiya) rəqib olub.
"Ağ-qaralar" bir dəfə də beynəlxalq turnirin çempionu olub. Komanda 2006-cı ildə Latviyada keçirilən Birlik Kubokunda qızıl medallara sahib çıxıb. "Neftçi" "Şaxtyor" (Ukrayna), "Şerif" (Moldova), ÇSKA (Rusiya) kimi klubların yer aldığı turnirdə ən güclü adına yiyələnib.