"Neftçi"yə bosniyalı qapıçı: Amma bir problem var...
04.07.2025 - 15:59
"Neftçi"yə bosniyalı qapıçı: Amma bir problem var...

"Neftçi" qapı xəttini Bosniya və Herseqovina millisinin hazırkı üzvü, "Antalyaspor"un sabiq qapıçısı Kenan Piriçlə gücləndirmək istəyib.

Hətta “ağ-qaralar” 30 yaşlı qolkiperə rəsmi təklif də göndərib.

Apasport.az saytına daxil olan məlumata görə, Piriçin “Neftçi”yə transferinə maneə yaradan əsas məsələ maliyyədir.

Belə ki, bosniyalı qapıçı "Neftçi"dən yüksək məbləğdə maaş tələb edib. Paytaxt klubunun rəsmiləri isə futbolçu ilə razılıq əldə etmək üçün onun bu məsələdə güzəştə getməsini istəyir.

Əgər Piriç yüksək maaş tələbində israrlı olarsa, "Neftçi" məcburən başqa qolkiper axtarışına çıxacaq.

Qeyd edək ki, 30 yaşlı qapıçı karyerası ərzində “Gent”, “Zrinski Mostar”, “Maribor”, “Atromitos”, “Göztepe” və AEK (Larnaka) klublarında da çıxış edib.