"Qəbələ"nin kapitanı: "Bir qələbədən sonra hər şey tam başqa cür olacaq” - Müsahibə
12.02.2024 - 16:37
"Qəbələ"nin kapitanı: "Bir qələbədən sonra hər şey tam başqa cür olacaq” - Müsahibə

"Qəbələ"nin kapitanı Murad Musayev apasport.az saytına müsahibə verib.

- "Qəbələ" "Araz-Naxçıvan" səddini keçərək yarımfinala vəsiqə qazandı. Cavab qarşılaşması sizin üçün necə keçdi? 
- İlk oyundakı nəticədən sonra bilirdik ki, şanslar bərabərdir. Yaxşı da hazırlaşmışdıq. Cavab oyunu hər iki komanda üçün də vacib idi. Belə oyunlarda ilk qolu vurmaq önəmlidir. Şükürlər olsun, biz də ilk hissədə iki qol vuraraq oyunun taleyini böyük ölçüdə həll etdik. İkinci yarıda da qol epizodlarımız var idi. Amma fərqlənə bilmədik. Əsas odur ki, hər şey istədiyimiz kimi keçdi və mərhələ adladıq.

- "Qəbələ" ölkə çempionatında sonuncu pillədədir, kubokda isə yarımfinalda. Çempionatda niyə uğurlu çıxış edə bilmirsiniz?
- Əlbəttə, çempionatda vəziyyətimiz hələ ki, istədiyimiz kimi deyil. Təəssüf ki, sonuncu pillədəyik. Vəziyyətin necə riskli və çətin olduğunu başa düşürük. Məsuliyyəti də öz üzərimizə götürürük. Fikrimiz gələn oyuna yönəlib. Bu oyunlarda maksimum nəticə qazanıb üst pillələrə qalxa biləcəyik. Buna çox inanıram. Komandada özünəinam və motivasiya baxımından hər şey yerindədir. Daha da yaxşı olacağıq.

- Ölkə kubokunun son sahibi "Qəbələ"dir. Komanda üçün əsas və həlledici məqam liqada qalmaq olacaq, yoxsa kuboka sahib çıxmaq? 
- Çempionatın sonları olsaydı, liqaya daha çox bel bağlamaq olardı. İndi elə vaxtdır ki, qarşıda çempionat oyunları çoxdur. Ona görə, iki cəbhədə də uğurlu çıxış etməyə çalışırıq. İlk növbədə, çempionatda istədiyimiz yerə çatıb, təhlükəli zonadan uzaqlaşmaq niyyətindəyik. Kubokda da yaxşı nəticə əldə etmək, bacardığımız qədər irəli getmək istəyirik. Ən əsası final oynamaqdır.

- "Qəbələ"nin yarımfinaldakı rəqibi "Zirə"dir. Necə düşünürsən, finala çıxa biləcəksiz? 
- Kubok oyunları həmişə ağır və gərgin olur. Həm psixoloji gərginlik, həm də oyunların əhəmiyyəti var. Hər iki tərəfin finala çıxmaq şansı 50/50-dir. Hər bir halda, bizi ağır və çətin oyunlar gözləyir. Çalışacağıq ki,sevinən tərəf biz olaq.

- "Qəbələ" Premyer Liqada növbəti matçını "Turan Tovuz"a qarşı keçirəcək. Tovuzdakı qarşılaşma haqda hansı fikirdəsən? 
- Komandamızı ağır, çətin və çox önəmli səfər matçı gözləyir. Oyunun əhəmiyyətini və ağırlığını düşünürük. Tovuz səfəridir, meydança süni örtüklüdür. Bu baxımdan bizi ağır oyun gözləyir. Orada oynamaq çətindir. Ot örtüyü təbii deyil. Biz oyunlarımızı və məşqlərimizi təbii örtükdə edirik. Süni örtükdə oynayanda fərq edir. Hər bir halda, bu, bizim üçün bəhanə deyil. Çünki bizim üçün çox önəmli və vacib oyundur. Komanda şəklində oyuna çox ciddi və məsuliyyətli hazırlaşırıq ki, bu oyunda maksimum nəticə qazanaq və yolumuza davam edək. Çünki ölkə kubokunda mərhələ adlamaq bizə motivasiya verib. Allah qoysa, çempionatda da bir qələbədən sonra hər şey tam başqa cür olacaq. Bunu bilirik və ona görə, indiki fikrimiz "Turan Tovuz"la oyuna yönəlib.

0