Qurban Qurbanov: "Hörmətli hakimlər diqqətli olmalıdır"
30.10.2023 - 21:50
Qurban Qurbanov: "Hörmətli hakimlər diqqətli olmalıdır"

"Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Çox da istəkli idilər. Futbolçularımın oyuna ilk dəqiqələrdən yanaşmasından narazı qaldım. Amma belə oyunlar, nəticələr bu aralıqda gözləniləndir. Başqa sözüm yoxdur, qarşıdakı oyunlara hazırlaşacağıq.

- Demək olar ki, komanda oyuna tam hazır deyildi?
- Bir az psixoloji gərginlik və fiziki yorğunluq var idi. Oyuna daha ciddi yanaşmaq lazım idi. Belə hallar olur. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Komanda bir az oyun ritmindən düşüb.

- Buraxılan qolları necə şərh edərdiniz?
- Texniki səhvdir. Qol olmayası yerdən vurdular. İkinci qolda hörmətli hakimlərimiz cərimə zərbəsi verməli idilər. Rəqib Yankoviçə qarşı qaydanı pozmuşdu. Nəsə desək, dəyişən bir şey olmayacaq. Son dəqiqələrdə belə qollar dəfələrlə görmüşük. Hörmətli hakimlər diqqətli olmalıdır. Rəqib komandanın məşqçiləri çox istəkli kollektiv yaradıb. Nəticələri boşuna deyil.

- "Qarabağ" son illərdə mövsümə belə uğursuz start verməmişdi. Bu, nə ilə bağlıdır?
- Məğlub oluruqsa, səbəbini özümüzdə axtarmalıyıq. Bəzən rotasiyalar özünü doğrultmur. Futbolun qanunlarıdır. Böyük klublar da məğlub olurlar.

- Adama Diakabi istəkli görünürdü. Onu Avropa Liqasının qarşıdakı oyunları üçün UEFA-da sifariş ərizəsinə daxil etmək mümkündür?
- UEFA-da limit bağlanıb. Yanvar ayına kimi heç bir oyunçunu siyahıya əlavə edə bilmərik.

0