Qurban Qurbanov: “Onlara 10 bal verərdim” - MÜSAHİBƏ
27.05.2022 - 21:59
Qurban Qurbanov: “Onlara 10 bal verərdim” - MÜSAHİBƏ

““Rəşadı və komandasını təbrik edirəm. Yaxşı mövsüm keçirdilər və bu gün də yaxşı oyun göstərdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Azərbaycan kubokunun “Zirə” ilə Qəbələdəki final matçından (1:1, p.4:3) sonra fikirlərini açıqlayıb: “Bəlkə də, qələbəyə layiq idilər. Sonda kubok bizim oldu. Başda rəhbərlik olmaqla, bütün komandamızı, azarkeşləri təbrik edirəm. Mövsümboyu bütün futbol ictimaiyyəti bir yerdə oldu. Hər kəsi təbrik edirəm”.

- Penaltilərə əvvəlcədən hazırlaşmışdınız?
- Xeyr. İlboyu oyunçular özləri məşqdən sonra qalıb bu zərbələr üzərində çalışırlar. Mən də baxıb özüm üçün qeydlər götürürdüm.

- Düşünmürsüz ki, bu cür oyun sizin üçün yaxşı oldu? 
- Rəqib bərk futbol oynayırdı. Fikirləşirəm ki, futbolçularım bir az ayıldı. Bu matç oyunçularımı silkələdi, daha sərt, mübarizəli oyuna hazırlaşmaq imkanı yaratdı. Bu, mövsümün ən gərgin oyunlarından biri oldu.

- Neçə gün istirahət edəcəksiniz?
- Çox az. İstərdim ki, qarşıdakı günlərdə futbolçuların nə işi varsa görüm ki, istirahət edə bilsinlər. Təəssüf ki, çox vaxtları yoxdur. Milliyə qoşulmayanların bəlkə 10-12 gün vaxtları olacaq.

- Mətbuatda yazılanlara görə, yeni mərkəz müdafiəçisi ilə anlaşmısınız...
- Xeyr, anlaşmamız yoxdur. Bir neçə futbolçu ilə danışıqlar gedir.

- Kimlərlə yollarınızı ayıracağınıza aydınlıq gətirmisiniz?
- İki gün ərzində hər şeyi konkretləşdirəcəyik.

- 5 ildən sonra “Qızıl dubl” etdiniz. Bununla bağlı təəssüratlarınız necədir?
- Çox xoşdur. Həm çempionatda, həm də kubokda iddialı olmuşuq. Bundan sonra da belə olacağıq. Bu bir daha göstərir ki, kubok başqa bir prestijdir.

- Yeni transferlərlə bağlı iş görülürmü?
- Avropada əldə etdiyimiz uğurlardan məmnunuq. Əldə etdiyimizi minimum qorumağa çalışırıq. Hər şeyə real baxmaq lazımdı. Rəhbərliklə ilboyu görüşlərimiz olur. Bəzən rəhbərlikdən və bizdən asılı olmadan istədiklərimizi tam əldə edə bilmirik.

- 10 ballıq şkala ilə komandaya bu mövsümkü çıxışına görə neçə bal verərsiniz?
- İcazənizlə 10 bal verərdim. Çox əziyyət çəkdilər. Çox vacib oyunlarda qalib gəldik, futbolçular işlərinə ciddi yanaşdılar. Təkcə uğura görə yox, çəkdikləri əziyyətə görə 10 bal düşür.

- Bugünkü rəqibiniz dostunuz Rəşad Sadıqov idi. Onunla qarşılaşdığınız üçün hansı hissləri keçirdiniz?
- Digər rəqiblərə qarşı bir cür, Rəşada qarşı başqa cür hazırlaşıram. Çünki o, daha çox düşünməyə məcbur edir. Bu gün də bütün detalları təhlil eləmişdi. Bu, onun bacarığı, böyüklüyü, peşəsinə olan sevgisidir. Çox güclü dostluğumuz var. Bizi dost edən belə işlərdə bir-birimizə güzəştə getməməyimizdir. Rəşad Sadıqova qarşı oynamaq nə qədər xoşdursa, bir o qədər də çətindir. Onun hər bir uğuruna sevinirəm. Rəşadın qarşıda əldə edəcəyi böyük uğurlar çoxdur.

- Adətən belə deyim var ki, müəllim tələbəsinə hər şeyi öyrədir, amma bir şeyi gizli saxlayır. Demək olar ki, həmin gizlədiyiniz məqam bu gün sizə qələbə qazandırdı?
- Dostlarım üçün heç nəyi gizlətmirəm.

0