Qyoko Hacıyevski: “Azərbaycan San-Marino, Andorra, Farer adaları deyil” - MÜSAHİBƏ
09.09.2023 - 12:02
Qyoko Hacıyevski: “Azərbaycan San-Marino, Andorra, Farer adaları deyil” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevskinin apasport.az saytına müsahibəsi 

- Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşacaq. Bu matçdan gözləntiləriniz nədir?
- Azərbaycan millisi artıq 30 ildir ki, seçmə mərhələ oyunlarına çıxır. Yəni, buna dünən və ya iki gün əvvəl başlamayıb. Demək ki, tarix və təcrübə var. Milli komanda sona qədər mübarizə aparmalıdır.

- Tez-tez əvvəlki və hazırki millinin heyəti müqayisə edilir. Siz də, Azərbaycanda çalışmış və daim Azərbaycan futbolunu izləyən mütəxəssis kimi, necə düşünürsüz, hazırkı komanda daha güclüdür, yoxsa əvvəlkilər?
- Mən baş məşqçi işlədiyim vaxtı, ya daha əvvəl və ya ondan sonrakı millilərdən hansı daha güclü idi, deyə bilmərəm. Amma Azərbaycan futbolunda Anatoli Banişevski, İsgəndər Cavadov kimi də futbolçular olub, onlar SSRİ millisində, SSRİ liqalarında oynayıblar. Azərbaycan futbolunda əla futbolçular həmişə olub. Mənim vaxtımda millidə Rəşad Sadıqov, Zaur Ramazanov, Mahmud Qurbanov kimi səviyyəli oyunçular yer alırdı. Mən gələndə onlar millidə yox idi. Belçika və Finlandiya matçları üçün də siyahıda adları yox idi. Amma bilirdim ki, bu futbolçular yığmaya kömək edəcək. 8-10 gün içərisində siyahı tərtib etdim və bu oyunçular düşərgəyə dəvət olundu. Finlandiyaya qarşı möhtəşəm motivasiya var idi, əla mübarizə apardıq. Əgər baş hakim rəqibə kömək etməsəydi, 1:2 hesabı ilə uduzmayacaqdıq. İkinci qolu açıq-aşkar qayda pozuntusundan vurdular. İndi həmin anları detallı şəkildə yada salmaq istəmirəm. Əsas odur ki, insanlar bizə inanırdı. Bilirdim ki, hardayam, harada işləyirəm. Hətta “Bakı”nın baş məşqçisi kimi Gəncəyə, Zaqatalaya, Tovuza, Lənkərana oyunlara gedirdim, insanların üzündən razılıq görürdüm, məni alqışlayırdı. Bu da milli komandanın Finlandiya və Belçikaya qarşı nümayiş etdirdiyi oyuna görə idi. Onlar millinin oyunun bəyənmişdi. 

- Belçikaya qarşı həmin oyunu necə xatırlayırsız?
- Belçikaya qarşı da yaxşı oynamışdıq. Heç 0:1 hesabı ilə uduzmalı deyildik. Qalib gəlməliydik. Təsəvvür edin, 7-8 real qol imkanı yaratdıq, baş hakim də öz növbəsində 100 faizli penaltimizi vermədi. Qolu isə təsadüfdən buraxdıq. Rəqib sonradan müdafiə olundu və matç həmin hesabla bitdi. Belçika millisində Vinsent Kompani, Maruan Fellaini kimi gənclər oynamağa başlamışdı, yaxşı milli formalaşdırırdılar. Mənə qədər Azərbaycan Serbiyaya 1:6, Portuqaliyaya 1:3 uduzmuşdu. Üç oyuna 9 qol buraxmışdı. Bu oyunlarda Finlandiya və Belçika kimi güclü rəqiblərə qarşı əsl futbol oynadı. Göstərmişdik ki, effekt, perspektiv almaq istəyirik.

- Azərbaycan millisinin perspektivini görürsüz? Komanda səfərdə oynadığı matçları böyük hesabla uduzub…
- Finlandiya ilə oyuna 7-8 gün qalmış komandanı götürmək, 2-3 gün sonra Belçikaya qarşı oynamaqla, bir il, yarım il Belçikaya qarşı hazırlaşmaq eyni deyil. Müddət belə çox olanda, Braziliya və Argentinaya qarşı da hazırlaşmaq mümkündür. Azərbaycan millisi oynayanda azarkeşlər dəstək olur. İstənilən rəqibi udmaq olar. Demirəm ki, qələbə üçün yalnız motivasiya bəs edir. Lakin Azərbaycan millisi taktiki, texniki, fiziki hazırlaşmalıdır. Məşqçilər, federasiya elə motivasiya etməlidir ki, futbolçuları da inandırsınlar. Necə olur ki, uzun illər qalib gələn İtaliya evdə Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzdu? Bu, böyük tarixdir. Elə vacib oyun oldu ki, İtaliya bu məğlubiyyətə görə dünya çempionatına gedə bilmədi. Yaxud, Almaniya uzun illər hegemonluq edirdi, evdə Şimali Makedoniyaya uduzdu. Demək ki, mümkünsüz heç nə yoxdur və hər şey keyfiyyət deyil. Demirəm ki, Azərbaycan qrupda 1-ci və ya 2-ci olmalıdır. Sadəcə hər matçda sona qədər mübarizə aparmalıdır ki, nəticə olsun. 

- Bu gün keçiriləcək matçda Belçikadan xal almaq olar?
- Bilirəm ki, Belçika favoritdir. Bəzən motivasiya bəs etmir. Futbolçu keyfiyyəti də önəmlidir. Amma Azərbaycan futbolu üçün son vaxtlarda pozitiv məqamlar yaşanır. Bu da oyunçuların Türkiyə klublarına, legioner həyatı yaşamağa yollanmasıdır. Bu, milliyə və futbolçuların mentalitetinə də xeyir olacaq. Türkiyədə oynayanda legioner həyatı yaşayırlar, peşəkarlıqları da artır. Klubda da sübut etmək lazımdır ki, onlar səni elə-belə almayıb. Futbolçuların legioner həyatı yaşaması Azərbaycan millisi üçün yalnız müsbət məqamdır. Belçika matçın favoritidir, yığmanın isə cəmi 1 xalı var. Lakin Azərbaycan hər oyunda sona qədər mübarizə aparmalıdır. Avstriya, Belçika, İsveç güclü komandalardır. Nə olsun? Son saniyəyə qədər döyüşmək lazımdır. Futbolçular oyuna çıxanda düşünməli deyil ki, uduzacağıq, məğlubiyyət barədə fikirləşməməlidir. “Qarabağ”a baxın, 10 ildir ki, avrokuboklarda qruplarda oynayır. Axı, Azərbaycan San-Marino, Andorra, Farer adaları deyil. Futbol keyfiyyəti, tarixi, futbolçuları var. Azərbaycan millisinin Avropadakı 50 faiz ölkələrdən daha yaxşı şəraitə sahibdir. Nəyə görə, hər oyunda qalib gəlmək üçün döyüşməyəsən? Sadəcə futbolçularla danışmaq, inandırmaq lazımdır ki, Azərbaycan xalqını qələbələrlə sevindirmək mümkündür. Məncə, əsas məsələ xarakterdir. Belçikaya qarşı da sona saniyəyə qədər pozitiv nəticə üçün vuruşmaq lazımdır. Düşünmək lazım deyil ki, 1:2, 1:3 hesabı ilə uduzsaq, böyük hesabla məğlub olmasaq yaxşıdır, xeyr. Yalnız qələbə barədə fikirləşmək lazımdır. Özümü çox güclü kimi göstərmək istəmirəm. Lakin mən təcrübəli məşqçiyəm, dəfələrlə olub ki, komandam favoritlərə qarşı qalib gəlib. Vaxtı ilə Şimali Makedoniya yığmasında çalışanda İrlandiya kimi komandanı məğlub etmişdim, hələ də 3:2 hesabı yadımdadır. Lixtenşteynə 11:1 hesabı ilə qalib gəlmişdik. Xorvatiyanı evdə dayandırdıq, onlar Avropa çempionatına vəsiqə qazana bilmədi. Futbolçuları necə motivasiya etmişdimsə, belə alındı. Rəşad Sadıqov, Mahmud Qurbanov, Zaur Ramazanov və digər futbolçular var idi ki, 100 faiz hazır olmasalar da, motivasiya sayəsində Belçika və Finlandiyaya qarşı əla oynamışdılar. İndi neçə aydır hazırlaşırlar, bu qədər hazırlıqdan sonra niyə Belçikaya qarşı oynamayasan?  Millinin məşqçiləri haqda nəsə demək istəmirəm. Hər bir həmkarıma hörmətlə yanaşıram.
 

0