"Neftçi"nin sabiq kapitanı Rail Məlikov apasport.az saytına müsahibə verib.
- "Neftçi" 9 turluq qalibiyyətsizlikdən sonra Roman Qriqorçuku postundan göndərdi. "Neftçi"nin bu addımı sizin üçün gözlənilən idi?
- "Neftçi"nin bu addımı mənim üçün gözlənilməz oldu. Çünki çox gecikmiş addım idi. Beş il orada oynamışam, üç il kapitan olmuşam. Bizim vaxtımızda belə şey görülməmişdi, belə şey olmamışdı. Ardıcıl 9 turluq qələbəsizlik seriyası olan "flaqman" baş məşqçiyə bu qədər güvənib, bu vaxta qədər saxlamışdı. Gec addım atdılar, gecikmiş qərar idi.
- Necə düşünürsüz, "Neftçi"nin əsas problemi məhz Roman Qriqorçuk idi?
- Xeyr, problemi təkcə baş məşqçidə axtarmaq lazım deyil. Düzdür, bütün qərarları baş məşqçi verir. Hara getdiyini bilir, elə qərar verməlidir ki, müsbət olsun. "Neftçi"nin bu cür enişinin səbəbini təkcə Roman Qriqorçukda axtarmaq lazım deyil. Düzdür, nəticəyə baş məşqçi cavabdehdir. Amma "Neftçi"nin uğursuz çıxışı təkcə ondan asılı deyil.
- Ukraynalı mütəxəssisin gedişindən sonra "Neftçi"də problemlərin başa çatacağını düşünürsüz?
- Baxır onun yerinə kim gələcək, hansı kadrlarla gələcək, necə işləyəcək. Həmin məşqçinin öz sxemi üzrə tələbləri olacaq. Gələn məşqçi də hara gələciyini bilir. Amma bilmirəm yeni baş məşqçi kim olacaq. Yəqin ki, o zaman problemlər aradan qalxa bilər. Fikrimcə, hər şey baş məşqçinin qərarlarından, göstərişlərindən asılıdır.
- Sizcə, komandaya yayda edilmiş transferlər yaxşı futbolçulardır? Yəni bu futbolçularla daha yaxşı nəticə vermək olar?
- Transferlərdə bir şey görmürəm. Bəziləri yaxşıdır, bəziləri "Neftçi"yə layiq deyil. Bu mənə bir növ Yurgen Gedenin vaxtını xatırladır. O vaxtı məşqçinin gətirdiyi oyunçular var idi ki, "Neftçi"yə uyğun deyildi. Amma buna baxmayaraq, pis nəticələrlə sonlarda getmirdik. Bugünkü kimi eniş yox idi. Zəif təsir bağışlasaq da, sonlarda deyildik. Xalımız bu dərəcədə pis deyildi. Halbuki o vaxtı "Neftçi"yə təzyiqlər daha güclü idi. Çünki "flaqman" idik. Həmin problem də aradan qalxdı.
- İndi əsas müzakirə mövzusu "Neftçi"nin yeni baş məşqçisinin kim olacağıdır. Siz necə düşünürsüz, "Neftçi"yə hazırkı durumda kim kömək ola bilər?
- Məncə, məsələyə fərqli baxmaq lazımdır. Neçə illərdir ki, "Neftçi"də yerli məşqçi nəticə verib, yoxsa xarici? Bu yöndən yanaşmaq lazımdır. "Neftçi"nin bütün sıxıntılarını aradan qaldıracaq məşqçilər yerlilərdir. Düzdür, xarici məşqçi təyinatına da pis baxmıram. Sadəcə "Neftçi" elə yerdir ki, oranın kötüyündə yerli dayanır. İndiyə qədər də "Neftçi"də nəticə verən yerli mütəxəssislər olub. Xaricdən məşqçi gətirməyə pis baxmıram, amma "Neftçi" elə yerdir ki, orada yerli mütəxəssis nəticə verir. Tarixə də baxaq. Böyükağa Hacıyevdən sonra kim gəldi ki, çempion oldular? Samir Abasov gəldi. Pis durumda olanda "Nefçti"ni kim yüksəltdi? Tərlan Əhmədov. "Neftçi"nin güvənəcəyi məşqçilər yerlilərdir. Arif Əsədovun adını çəkə bilərəm. "Neftçi"də çempionluq yaşayıb. Rəşad Sadıqovu da deyərdim. Çünki "Neftçi"də kapitanlıq sarğısı daşımış, bu kluba bələd olmuş biridir. İndi də yerlilərdən boşda olan Tərlan Əhmədov var ki, ora namizəddir. Bizim vaxtımızda da Böyükağa Hacıyevin köməkçisi olsa da, böyük işlər gördü. Bir dəfə də son yerlərdə qərarlaşmış "Neftçi"ni 2-3-cü pilləyə qədər qaldırdı. Samir Abasov da "Neftçi"də tarix yazdı, çempion oldu. Amma indi "Sumqayıt"dadır. O da gələ bilər.. Namizədim iki nəfərdir, Samir Abasov və Tərlan Əhmədov.
- Hazırkı durum bəlkə də bunu deməyə əsas vermir, amma sizcə "Neftçi" "Qarabağ"dan hazırda 13 xal geridə olsa da, liqanın sonlarında çempionluq yarışında görə bilərik, yoxsa onlar ən yaxşı halda liqada qalmaq uğrunda mübarizə apara bilər?
- Reallığı götürək, bugünkü gündə "Qarabağ"la kimsə çempionluq mübarizəsi apara bilməz. "Neftçi" hələ bir özünü toparlasın, yeni baş məşqçisi gəlsin, komandanı yığa biləcək, qərarları düzgün olacaq, ya yox? Ondan asılıdır. Çempionluğu deyə bilmərəm, mükafatçılar sırasına düşə bilər. Qış fasiləsindən sonra özünü biruzə verəcək. Baş məşqçinin qərarlarından çox şey asılıdır. "Neftçi"ni bu vəziyyətdə görmək istəmərik. Əsas odur ki, mübarizəyə qayıtsın, adına layiq çıxış etsin. "Neftçi"nin mükafatçılar sırasından qopmamağı arzulayıram.
- "Sumqayıt"ın əvəzedicilərindən daha bir biabırçılıq - Yenə texniki məğlubiyyət verildi
- Messinin dünən Bakıda imzaladığı papaq satışa çıxarılıb - FOTO
- "Qarabağ"ın baş məşqçisi beş oyunluq cəzalanıb
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
- "Elfsborq"un futbolçusu: "Ümid edirəm ki, bu gecə hava mümkün qədər soyuq olar"