Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq"
13.04.2025 - 17:56
Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq"

“Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev apasport.az saytına müsahibə verib.

- “Sabah"dan ayrıldıqdan sonra baş məşqçi kimi fəaliyyət göstərmirsiniz. Maraqlıdır, heç təklif almamısınız?
- “Sabah”dan ayrıldıqdan sonra bir neçə təklif oldu. Sadəcə, ürəyimcə olmadı. Ona görə anlaşmadıq. Bunu nə ilə əlaqələndirirəm məsələsinə gəlincə, lazım və ehtiyac olanda, yəqin ki, dəvət edərlər (gülür).

- Ölkədə məşqçi sayı çoxdur, amma klub sayı azdır. Bir çox məşqçi işsizdir...
- Yetərincə güclü məşqçilərimiz var. Sadəcə klub sayının artması o demək deyil ki, yerli məşqçilər üçün iş yeri artır. Yerli məşqçilərə inamı artırmaq lazımdır. Bugünkü gündə yerli məşqçilərimizin Premyer Liqadakı işləri də buna sübutdur. Heç də legioner məşqçilərdən geri qalmırlar, əksinə yerli məşqçilər onlardan üstündür.

- Premyer Liqaya yeni sezon daha 3 komanda gələcək. Böyük ehtimalla onlar “Qəbələ”, “Karvan” və “İmişli” olacaq. Ümumiyyətlə, necə düşünürsüz, bu komandalar yüksək liqada qalıcı olub, rəqiblərlə ayaqlaşa biləcək? Yeri gəlmişkən, həmin klublardan heç təklif gözləyirsiniz?
- Bu üç komandadan “Qəbələ”nin yetərincə təcrübəsi var. Digər klublarımızın təcrübəsi olmasa da, onların Premyer Liqada rəqiblərlə ayaqlaşmaları maddi vəziyyətlərinin hansı durumda olmasından asılıdır. Maliyyə məsələsi yaxşı olarsa, inanıram ki ortaya normal iş qoymaq mümkündür. Hələ heç bir təklif olmayıb. Gələcəksə, bunu dəyərləndirmək olar. 

- Bu mövsüm Premyer Liqada çempion artıq bəllidir desək, yanılmarıq. Bəs, ölkə kubokunda çempionluq hansı komandanın olacaq, sizcə? "Araz-Naxçıvan" - "Qarabağ"ı ilk matçda, "Sabah" "Neftçi"ni məğlub etdi. Sizcə, finalın adı necə olacaq?
- Oyunlar çox maraqlı keçir. İstər çempionat, istərsə də kubok matçları çox maraqlıdır. “Araz-Naxçıvan”ın ilk oyunda qalib gəlməsinə baxmayaraq, favorit yenə də “Qarabağ”dır. Əsas digər cütün qalibləri məsələsi böyük sual yaradır. Hər iki komandanın şansları bərabərdir. Necə olacağını hamımız birlikdə görəcəyik.

- Sabiq komandanız "Sabah"ın performansını necə dəyərləndirirsiniz? Sizcə, "Sabah"da əsas problem nədir, futbolçular, yoxsa baş məşqçi?
- Yeni məşqçinin gəlişindən sonra yaxşı başlasalar da, sonradan enişə doğru getdilər. Qələbələr olmadıqca, komandada inam, qələbə ruhu itir. Bu gün bu nəticələrə görə həm futbolçular, həm də məşqçi heyəti günahkardır. Amma kubok qazansalar sezonu titulla başa vura bilərlər. Bunun üçün şans öz əllərindədir. 

- "Sabah" bəyanat yayaraq Elvin Camalovu "Neftçi" ilə matçdan əvvəl Sekidikanı komandaya dəvət etdiyi ilə bağlı ittiham irəli sürüb. Manipulyasiyaya işarə ediblər. Ümumiyyətlə, bu komandalar arasında intriqa var. Sizcə, Camalov məsələsi cavab görüşünün daha da gərgin keçməsinə şərait yaradacaq?
- Camalov məsələsi bu oyunda ikinci planda qalacaq. Çünki ortada kubok var. Amansız mübarizə olacaq. Hər iki komandanın avrokuboklar şansı bu yoldan keçir. Ona görə maraqlı, dinamik oyun olacaq.