Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”
23.03.2025 - 15:48
Rauf Əliyev: “Milli komandamız daha da bərbad duruma gedir”

"Legioner həyatı yaşayanları nəzərdə tuturam, onlar ailələrini görmək üçün Azərbaycana gəlirlər, millidə isə meydanda nəsə etdiklərini görmürük"

Azərbaycan milli komandasının sabiq hücumçusu Rauf Əliyev Apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Haiti ilə görüşdə məğlub oldu. Sizin üçün gözlənilən nəticə idi, yoxsa millimizin qalib gələcəyinə inanırdınız?
- Haitinin zəif olduğunu deməzdim. Heyətlərinə baxdım, bir çoxu yaxşı klublarda oynayır. Son dövrdəki vəziyyətə və neçə oyundur yaxşı nəticə göstərmədiyinə görə, millimizin Haiti ilə görüşdə qələbə qazana bilməyəcəyini düşünürdüm. Bərabərliyə ümid etmək olardı. Amma dünənki oyunlda göstərdik ki, biz oynamaq istəmirik, oyun deyilən bir şey yoxdur, istək də yoxdur. Dünənki görüşdə millimizin heyətində bəlkə də 1-2 nəfər istəkli ola bilərdi. Digərləri isə sadəcə meydana vaxt keçirmək, yola vermək üçün çıxmışdı.

- Ümumiyyətlə, Azərbaycan millisində oyun sarıdan dəyişən nəsə gördünüz? Yoxsa, nə ruh, nə də oyun sarıdan dəyişən bir şey yox idi?
- Bəzi oyunçularımızı çox şişirdirik. Legioner həyatı yaşayırlar, orda oynayırlar, burada oynayırlar, filan...Legioner həyatı yaşayanları nəzərdə tuturam. Bəlkə də onlar ailələrini görmək üçün gəlirlər Azərbaycana. Onların meydanda bir işini, meydanda nəsə etdiklərini görmürük. İstəksiz, gəlib 90 dəqiqəni yola verib çıxıb-gedirlər. Millidə oynamaq, özünü göstərmək üçün alışıb-yanmalısan. Türkiyə millisinin özünü nümunə göstərə bilərəm. Hamısı dünyanın ən yaxşı klublarında oynayırlar, milliyə gələndə də canlarını meydanda qoyurlar. Hər bir futbolçu o cür istəklə çıxış edir.

- Sizcə, Azərbaycan millisi nə vaxt və necə qalib gələ bilər rəqiblərinə? Təəssüf ki, millimizin artıq Avropanın ən zəif rəqiblərindən olduğunu söyləmək olar?
- Nə bilim vallah. Yəqin ki, fikirləşəcəklər. Bundan sonra daha da artıq problemlər olacaq. Çünki artıq legioner limiti də yığışdırılacaq. Yerli futbolçuların Azərbaycanda oynamaq şansı çox azalacaq. Milli komandamız daha da bərbad duruma gedir. Təəssüf.

- Milli komandamıza yeni oyunçular cəlb edilib, gənclər. Amma onlar yenə oynamadı və adət etdiyimiz oyunçular meydana çıxmışdı. Sizcə, olmazdı ki, elə yeni tsikl üçün daha yenilənmiş, millidə daha da oynamağa ac oyunçularla heyət qurulardı?
- Bəlkə də həqiqətən də, onları sadəcə milliyə çağırırlar ki, xalqımız baxsın ki, yeni oyunçular çağırıblar, özü də Birinci Liqadan. Oynatmadıqdan sonra onları da milliyə çağırmaq yersizdir. Bəlkə də Belarusla görüşdə şans veriləcək. Görək də. Necə olacaq. 

- Belarusla görüşdə millidən hansı nəticəni gözləyirsiz? Sizcə, bir neçə gün əvvəl Tacikistana 5:0 qalib gələn belarusları Bakıda məğlub etmək oalcaq?
- Son matçdakı oyuna, nəticəyə baxanda, Belarusla görüşdə hansısa uğurlu nəticəyə inanmıram. Təki bizi yanıltsınlar. 

- Bu oyundan sonra bu qənatə gəlmək olar ki, onsuz da şansı olmayan millimiz DÇ-2026-nın qrup mərhələsində yer aldığı Ukrayna, İslandiya və Xorvatiya və ya Fransa iıə görüşlərdə ümumiyyətlə şansa sahib deyil?
- Bu qrupda çox yaxşı komandalar var. Ukrayna, İslandiya, Xorvatiya və ya Fransaya qarşı görüşlərdə hansısa uğurlu nəticə çox çətin görünür. Bəlkə də, hansısa komandaya qarşı evdə ola bilər bərabərlik əldə edək. O da ehtimal olaraq deyirəm. Ancaq onun özü də çox çətin. Ortada ümidverici bir şey yoxdur deyə, hansısa uğurdan danışmaq, uğurlu nəticə gözləmək olmur. Hər halda, söhbət milli komandamızdan gedir. Uğurlar arzulayıram millimizə.