Rəşad Sadıqov: "Bir neçə oyunçumuza təkliflər var"
06.02.2025 - 18:09
Rəşad Sadıqov: "Bir neçə oyunçumuza təkliflər var"

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Araz-Naxçıvan" - "Zirə" matçından (1:0) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Kubok oyununa uyğun oyun keçdi. Çox qol epizodlarından danışa bilmərik. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik".

- Cavab oyununda şanslar necə olacaq?
- Təbii olaraq, ilk oyundan sonra rəqib öndədir. Biz udsaydıq belə, yenə ikinci matçda eyni ssenari olacaq. "Araz-Naxçıvan" çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarır. Ola bilər ki, işimiz əziyyətli olsun. Çalışacağıq ki, evdəki matçda nəticə əldə edək, mərhələ adlayaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab oyunundan sonra Tovuzda oynayacağıq. Cavab matçına çox qüvvə sərf edəcəyik.

- Salifu Sumaya təkliflər var. Komandadan gedəcək?
- Təkliflər var. Tək Salifuya yox, bir neçə futbolçumuza. Rəsmi də var, olmayan da, maraqlananlar da. Hansı klublardır, açıqlamayacam. Amma rəsmi təklif də var. Biz də Salifu ilə söhbət etdik, müqaviləni artırdıq. Onun və bizim xeyrimizə olan qərar qəbul etdik. Klubumuz hər zaman təkliflərə açıqdı. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin. Təkliflər futbolun bir hissəsidir. Suma bizimlədir, yenə də ciddi təklif olar, götür-qoy edərik, həm bizim, həm də onun üçün uyğun qərarı verərik. Amma bugünkü gün Suma ilə müqavilə müddətini artırmışıq.

0