Rikardo Fernandeş: "Qarabağ"a avrokuboklarda uğurlar və qələbə arzulayıram"
24.10.2024 - 16:55
Rikardo Fernandeş: "Qarabağ"a avrokuboklarda uğurlar və qələbə arzulayıram"

"Şamaxı"nın qapıçısı Rikardo Fernandeş apasport.az saytına müsahibə verib. 

- Sonuncu turda "Şamaxı" "Araz-Naxçıvan"a 0:1 uduzdu. Bu görüşdə komandanızın məğlubiyyətini nə ilə əlaqələndirirsən?
- Düzdür, "Araz-Naxçıvan"a qarşı bizim üçün vacib olan xalları qazana bilmədik. Buna görə çox təəssüflənirik. Amma yaxşı oynadıq. Çoxlu şanslar yarada bildik. Amma məğlub olduq. Fikrimcə, xırda detallarda uduzduq.

- Maraqlıdır ki, "Şamaxı" əksər komandalara qarşı çox yaxşı mübarizə göstərir. Amma "Araz-Naxçıvan"a qarşı hər iki matçda uduzmusunuz. Demək olar ki, "Araz-Naxçıvan" sizin üçün uyğun olmayan rəqibdir?
- "Araz-Naxçıvan" yaxşı futbol oynayır və çox yaxşı oyunçuları var. Onlarla iki oyunda da minimum nəticə ilə uduzduq. Amma hər iki oyunda istənilən nəticə ola bilərdi. Rəqibimiz yaxşı idi.

- "Şamaxı" hazırda 6-cı pillədə qərarlaşıb. Bu, sizi razı salır? Yəqin ki, mövsümün əvvəlində yeni yığılan komanda üçün pis nəticə sayılmamalıdır? 
- Turnir cədvəlinin ortalarında qərarlaşmışıq. Düzdür. Amma biz daha yüksək pillədə qərarlaşmaq istəyirik. Bunun üçün çalışırıq. 

- "Şamaxı"nın növbəti turdakı rəqibi "Qarabağ"dır. Bu rəqibə qarşı oyun sənin üçün böyük əhəmiyyət kəsb edir? Ümumiyyətlə, "Qarabağ" haqda hansı fikirdəsən?
- "Qarabağ"ın necə komanda olduğunu hamımız bilirik. Onlar çox güclü rəqibdir. Amma futboldur və sonda hər zaman qazana biləcəyimiz 3 xal var. Rəqib kim olursa-olsun belədir. 

- Bu mövsüm "Qarabağ"a qarşı ilk dəfə oynayacaqsız. Birinci dövrədəki oyununuz təxirə salınmışdı. Hansısa həyəcan var?
- Bəli, onlarla ilk dəfə qarşılaşacağıq. Amma mən bu matça çempionatın digər oyunları kimi yanaşıram. Klubun xal aktivini artırmaq, xal qazanmaq üçün hamımızın əlimizdən gələni etmək istədiyi oyundur .

- "Qarabağ" bu gün "Ayaks"a qarşı oynayacaq. "Qarabağ"ın Niderland klubu qarşısında şansı var, səncə?
- "Qarabağ"ın oyununa baxacağam və özü də diqqətli baxacam. Onlara avrokuboklarda uğurlar və qələbə arzulayıram. Çünki mənim iki dostum "Qarabağ"da oynayır. Allah qoysa, "Qarabağ" qalib gələr. 

- "Qarabağ"dakı dostların kimlərdir? 
- Julio Romao və Kevin Medina. Romao ilə "Santa Klara"da komanda yoldaşı olmuşuq. Medina ilə "Akademika Vizeu"da oynamışıq. Hər ikisini çox istəyirəm, yaxşı oğlanlardır.

 - Yeri gəlmişkən, bu mövsüm öz seyvlərin, əla performansınla diqqətləri üzərinə çəkmisən. Çoxları sənin haqda danışır.  Yayda klubunu dəyişmə ehtimalın var? 
- İnanın ki, bu barədə düşünmürəm. Mən bütün diqqətimi "Şamaxı"ya yönəltmişəm və klubun hədəflərə çatmasına kömək etmək niyyətindəyəm. Mən “Şamaxı”lıyam və gələcək haqqında düşünmürəm.

0