Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
22.10.2023 - 13:03
Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə

Azərbaycan milli komandasının və “Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyevin apasport.az saytına müsahibəsi


-Azərbaycan millisi son görüşdə evdə Avstriyaya uduzdu. Səncə, xal qazanmaq üçün nə çatmadı?
-Çox çətin oyun alınmışdı. Bilirdik ki, çox yaxşı komandaya qarşı oynayırıq. Heyətində yaxşı futbolçular var. Ona görə ilk dəqiqələrdən səliqəli müdafiə olunurduq. Daha çox topa sahib çıxırdıq. Bilirdik ki, topu rəqibə versək, onların hər mövqedə çox təhlükəli oyunçuları var və bizi cəzalandıra bilərlər. Bu mənada, səliqəli oynadıq. Rəqibə heç nədə uduzmadıq. Hətta son dəqiqələrdə hesabı bərabərləşdirə bilərdik. Lakin alınmadı, heç nə olmaz.

-Toral Bayramov son dəqiqələrdə qol epizodundan yararlana bilmədi. Yəqin ki, həmin an fərqlənəcəyinə inanırdın? Matçdan sonra ona dəstək oldunuz?
-Toral Avstriya ilə görüşdə ən yaxşılardan idi. Təbii ki, kim düşünərdi ki, o epizodda qol vura bilməyəcək? Ancaq nə etmək olar, futboldur da. Həmin oyunda vura bilmədi, Allah qoysa, sabah hansısa daha vacib matçda vurar. 

-Son dəqiqələrdə avstriyalı oyunçularla aranızda mübahisə yaşandı. Görüşdən sonra onlarla barışdız?
-Xeyr, elə də böyük bir şey yox idi. Sadəcə topu bir-birinə atmaqlarından xoşum gəlmədi. Çünki birindən götürmək istəyirdim, topu o birinə atdı, o birinə getdim, digərinə atdı. Bu məni əsəbiləşdirmişdi. Yoxsa, belə nəsə olmamışdı.

-Sənin avstriyalı oyunçularla mübahisən zamanı Azərbaycan millisinin digər üzvləri sənə dəstək oldu. Nə düşünürsən, millidəki futbolçular hamısı sənə hörmətlə yanaşır?
-Bizim indi çox yaxşı, dost kimi kollektivimiz var. Uzun müddətdir ki, birlikdə oynayırıq. Onların məni sevib-sevmədiyini özlərindən soruşa bilərsiniz (gülür). Əgər Ramil Şeydayev və Musa Qurbanlı məni müdafiə etmək üçün hücumdan qapıma qədər gəlirsə, demək ki, sevirlər (gülür).

-Qarşıda millini Belçika və İsveç yığmalarına qarşı oyunlar gözləyir. Bu görüşlərdə xal qazanmaq şanslarınızı necə dəyərləndirirsən? İsveçi turnir cədvəlində keçərək dördüncü pilləni tuta bilərsiniz...
-Çox çətin oyunlar olacaq. Prinsipcə, qrupda asan oyun da gözləmirdik. Bəli, İsveç millisini qabaqlamaq üçün yaxşı şansımız var. Üstəlik, evdə oynayırıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Ancaq düzü, Belçika millisi ilə oyun haqda nə deyəcəyimi bilmirəm. Dünyanın ən güclü komandalarından biridir. Çox çətin olacaq. Özü də səfərdə oynayırıq. Evdə onlara qarşı asan olmamışdı, səfərdə daha çətin olacaq.

-Bu millidən gözləntilər yüksək idi. Səncə, daha çox xal toplayıb, daha yaxşı yerdə ola bilərdik? Nə çatmadı ki, daha uğurlu çıxış etməyiniz üçün?
-Bilmirəm, bu haqda bir şey deyə bilmərəm. Düşünmürəm ki, bizim hardasa istəyimiz yox idi, hardasa istəmirdik, hardasa sona qədər getmədik, yox belə deyil. Uşaqlar hamısı sona qədər mübarizə apardı. Son iki matçda da meydanda hər şeyimizi qoyduq, sona qədər mübarizə apardıq. Hardasa, nəsə alınmaya bilir. Hər halda, söhbət millidən gedir. Əgər futbolçular meydanda bütün gücünü qoyursa, hər zaman milliyə dəstək olmaq lazımdır. 

-Yeri gəlmişkən, millimizin Avropa çempionatına yollanmaq şansı hələ də qalıb. Bunun üçün Lüksemburq və Yunanıstan Avropa çempionatına vəsiqə qazanmalıdır. Səncə, bu baş verəcək?
-Bəli, bu haqda məlumatım var. Eşitmişəm. Ancaq sizə düzünü deyim, düşünmürəm ki, Yunanıstan və Lüksemburq hazırda yer aldığı qrupdan ikinci kimi Avropa çempionatına vəsiqə qazansın. Bu inandırıcı deyil.

-"Adana Dəmirspor"da işlərin necə gedir? Millidə oynamağın klubda əsas heyətə düşməyinə kömək olar?
“Adana Dəmirspor”da vəziyyətim normaldır. Çox güclü komandaya gəlmişəm. Heyətimiz də olduqca güclüdür. Bu mənada, səbr edib, işləmək lazımdır. Hər halda, komandanın qapıçısı var. Hansı ki, ötən mövsüm Superliqanın ən yaxşılarından idi. İşləyib, öz şansımı gözləməliyəm. Prinsipcə, hara gəldiyimi bilirdim, çox ciddi liqaya gəlirdim, çox ciddi komandaya keçirdim. İşləmək lazımdır. Bəli, rəhbərlik, məşqçilər millidəki oyunlarıma baxırlar, danışırlar. Estoniya ilə matçdan sonra yazdılar, təbrik etdilər. Avstriya ilə matçdan sonra isə üzülmüşdülər, çünki bildirdilər ki, ən azından xal qazana bilərdik. Belə, hər şey normaldır. İşləmək və səbir etmək lazımdır. Hansı ki, hər zaman bunu etmişəm.
 

0