Şahruddin Məhəmmədəliyev: "Qazaxıstanla olduqca maraqlı oyun gedəcək" - Müsahibə
10.06.2024 - 21:33
Şahruddin Məhəmmədəliyev: "Qazaxıstanla olduqca maraqlı oyun gedəcək" - Müsahibə

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.

- Azərbaycan millisi Macarıstanda yoxlama görüşündə Albaniyaya uduzdu. O qədər də pis oynamadığınız görüşdə niyə məğlub oldunuz?
- Albaniyaya qarşı pis oynamadıq. Amma bu bizə heç nə vermədi. Təəssüf ki, biz bu görüşdə uduzduq. Şərh etməli bir şey yoxdur. Heyf ki, belə alındı.

- Maraqlıdır, oyundan sonra futbolçularla məğlubiyyət haqda nə danışdız? Arif Əsədovun əsas müzakirəsi hansı yöndə oldu?
- Oyundan sonra özümüz də söhbət etdik. Uduzduğumuzu, amma yaxşı oynadığımızı danışdıq. Amma yenə təkrar edirəm ki, yaxşı oynasaq belə, uduzduq. 

- Albaniya artıq ikinci dəfə Avropa çempionatının final mərhəsində oynamış olacaq. Onlar bizim millidən çox güclü idi?
- Albaniya millisi Avropa çempionatına vəsiqə qazanıbsa, demək ki, buna layiqdirlər. Bizim onlarla oyunumuz isə sadəcə yoldaşlıq görüşü idi. Bu oyuna əsaslanaraq Albaniya haqda nəticə çıxarmazdım. Onlar Avropa çempionatında iştirak edəcək.

- Əvvəllər hətta Azərbaycan millisi Albaniyaya qalib də gəlib. Amma sonradan Albaniya millisi daha da inkişaf etdi və Avropa çempionatlarına vəsiqə qazandı. Səncə, bizim də bu cür nəticələr göstərməyimiz realdır? Nə vaxtsa, bunu edə bilərik?
- Sizə nə deyəcəyimi bilmirəm. Görünür ki, biz nəsə edə bilərik. Amma sonda heç nə alınmır. Üzücü məqam da budur. Ona görə də, heç nə şərh etmək istəmirəm. 

- Növbəti matçınız sabah Qazaxıstan yığmasına qarşıdır. Bu görüş barədə hansı fikirdəsiz? Rəqib son görüşündə Ermənistana uduzdu....
- Qazaxıstan millisi yaxşı komandadır. Məncə, olduqca maraqlı oyun gedəcək. Təbii ki, biz hazırlığımızı davam etdiririk. Bu oyunda da əlimizdən gələni edəcəyik.

- Millətlər Liqasında bizimlə eyni qrupda İsveç, Slovakiya, Estoniya yığmaları yer alıb. Heç onların oyunları ilə maraqlanırsan?
- Düzünü deyim, onları o qədər də çox izləmirəm. Hər halda, rəqiblərimizdir. Onlarla oyunlar öncəsi təbii ki, bizə məşqçilər korpusumuz məlumatlar verəcək. Şəxsən özümə gəldikdə, dediyim kimi, o qədər də yaxından izləmirəm. Amma hər birinin yaxşı komanda olduğunu bilirəm.

0