Samir Abbasov: “Hakimlər gestapoya çevrilib” - MÜSAHİBƏ
21.10.2023 - 21:19
Samir Abbasov: “Hakimlər gestapoya çevrilib” - MÜSAHİBƏ

“Rəqibi təbrik edirəm. Bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. Yeni gələn oyunçular üçün bir az çətindir. "Sabah"ı ilk dəfədir görürlər. Top rəqibdə olanda da nə etməli olduğumuzu bilirdik. Futbolçuları təbrik etdim. 4 gündən sonra təxirə salınmış oyunumuz olacaq. Bizi məyus edən İsa Sulimanın zədələnməsidir. Zədəsi ciddi olsa, onu layiqincə əvəz edən olacaq”.

Apasport.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov Premyer Liqanın 10-cu turunun "Sabah"la oyununda sonra keçirilmiş mətbuat konfransında deyib.

- Hakimin sizə sarı vərəqə verməsindən narazı qaldınız?
- Artıq hakimlər gestapoya çevrilib, hər sözə sarı vərəqə verirlər. Məşqçi sözünü deməlidir. Biz də oyunun içindəyik. Fikriniz nədir sizin? Bəzi şeylərdə güzəşt olmalıdır. Bunlar oyunun bir hissəsidir. Öz işlərini rahatlaşdırmaq üçün edirlər. Ümumi olaraq bu gün hakimlik pis deyildi. Mənim sarı vərəqə görməyim normaldır. Bu, birinci dəfə deyil. Bundan sonra da olacaq.

- Nəticə üçün nə çatmadı?
- Narazı qaldığım məqamlar var. 4 gündən sonra bu rəqiblə yenə oyunumuz var deyə onları deyə bilmərəm. Bəzi futbolçuların üzərində dayanacam. İndi adlarını çəkmirəm. 

- Murad Musayev tez-tez deyir ki, rəqiblər çox vaxt aparır. Sizin bu məsələyə münasibətiniz necədir? Yusif İmanov yerdə olanda kinayə ilə əl çaldınız...
- Bəli, o kinayə idi. Sırf Murad Musayevə və "Sabah"a. Ona üzrə idi ki, bax, sənin də başına gələ bilər. Mənim oyunçumun dizi ağrayırsa, bu, vaxt aparmaq deyil. Öz futbolçuları oyundan sonra yaxınlaşıb soruşur ki, məşqçiyə nə deyirdin? Cənab baş məşqçi, kimisə qınayırsızsa, yadınıza bir hadisəni salım. Mən "Neftçi"də baş məşqçi olanda "Sabah" bizi 2:0 udurdu. Həmin oyunu 2:2-yə gətirdik. Hondanın təmiz qolu satılmadı. Bu vaxta qədər Azərbaycan çempionatının ən mükəmməl vaxt uzadanı Saşa Stamenkoviç idi. O da "Sabah"ın qapıçısı olub. Onda "CBC Sport"un ekspertləri məni qınadılar ki, nədən narazısan? Udmaq istəyirlər, vaxt aparırlar. Halbuki, qol vurub önə çıxmışıq. Onda hətta öz klubumuzun rəhbərliyi də dedi ki, niyə hakimdən danışırsan. Bu gün belə danışıqlar düzgün deyil. Mən "Sumqayıt"a yeni gəldiyim zamanlarda vaxt apardığı üçün komandadan futbolçu qovmuşam, cərimələr yazmışam. Mənim komandam heç bir zaman vaxt aparmayıb. Bunu edən rəqiblərə də heç nə deyə bilmərəm. Hansı ki, bu gün "Sabah" edir.
 

0