- Uşaqların əziyyətinə heyfim gəlir. Həqiqətən də bu gün yaxşı oynadılar. Rəqibi təhlil etmişdik. Bilirdik ki, haradan təhlükə yarada bilərlər. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Qol vəziyyətlərindən istifadə edə bilmədik, penaltidən yararlana bilmədik. Dörd gündən sonra bizi evdə Lüksemburqla oyun gözləyir. Bu matçı unudub qısa zamanda növbəti görüşə hazırlaşıb üç xal götürmək lazımdır.
Apasport.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın baş məşqçisi Samir Əliyev AVRO-2025-in seçmə mərhələsinin Şimali İrlandiya (0:1) ilə matçından sonra keçirilən briffinqdə deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib azlıqda oynadı. Niyə bu üstünlükdən istifadə edə bilmədiniz?
- Əksinə, rəqib 10 nəfərlə qalanda bildim ki, bizim problemlərimiz olacaq. Çünki, daha çox qapandılar. Rəqibin Ukrayna və Lüksemburqla oyunlarını dərindən təhlil etmişdik. Oyunun əvvəllərində yaratdığımız qol vəziyyətlərindən və penaltidən istifadə etmək lazım idi. Bilmirəm, uşaqlarda bəlkə də həyəcan oldu.
- Penaltini öncə Fərid Yusifli vurmaq istəyirdi. Camal Cəfərov israr edərək topu götürdü. Komandanın əsas penaltiçisi kimdir?
- Fərid Yusifli yəqin ki, ona ürək-dirək verirdi. Bizdə penaltiləri Ramin Nəsirli və Camal Cəfərov vurur. Bu, futboldur. Ola bilir.
- Şimali İrlandiya üçüncü oyunda ilk qələbəsini qazandı. Biz nə vaxt qalib gələcəyik?
- Yəqin ki, oyuna baxdınız. Perspektiv gördünüz? Bu qədər qol epizodları yaratdıq. Rəqibin Ukrayna ilə oyununu təhlil etmişdik. Ukrayna bu rəqiblə matçda bizim qədər qol epizodları yaratmamışdı. Sadəcə istifadə edə bilmədik.
- Komandada Premyer Liqada oynayan futbolçular azdır. Bu, nəticəyə nə dərəcədə təsir edir?
- Çox dərinə getməyəcəm. Hər şey göz qabağındadır. Əlbəttə biz də istəyərdik ki, keyfiyyətli oyunçuların sayı çox olsun. Bu gün meydanda olanlardan yalnız Veysəl Rzayev, Abdulla Rzayev və Yusif İmanov Premyer Liqada oynayır. Digərləri I Liqada və Əvəzedicilərin çempionatında çıxış edir. Buna baxmayaraq, Şimali İrlandiyaya qarşı pis futbol sərgiləmədik.
- Ağadadaş Salyanskini əvəzləməyinizin səbəbi nə idi?
- Daha çox yerlə oynamaq istədik. Rəqib "ikinci mərtəbə"də qoldan başqa təhlükəli vəziyyət yaratmadı. İndi çox şey demək olar. Soyuq başla səhvləri təhlil edəcəyik. Şimali İrlandiya ilə səfərdə də oyunumuz var. Bu rəqibə qarşı oynamaq və qalib gəlmək olar.
- Ardıcıl iki məğlubiyyət üçüncü oyunda problem yaratmayacaq?
- Bu oyunu qısa bir vaxtda unudub futbolçarı psixoloji cəhətdən hazırlayıb yaxşı nəticəyə ümid edəcəyik.
- Buraxılan qolda Yusif İmanovu günahlandırırsız?
- Xeyr. Orada Ağadadaş Salyanski oynamalı idi. Təəssüf ki, yatdı.
- Lüksemburqa qarşı oynamaq mümkün olacaq?
- Hər rəqibə qarşı oynamaq mümkündür.
- Oyundan sonra baş verən insident haqda nə deyə bilərsiniz?
- Əlbəttə ki, kapitan elə hərəkət etməməlidir. Bu da məğlubiyyətin acısıdır. Futbol emosiya oyunudur. Buna baxmayaraq, futbolçulara hər dəfə tapşırırıq ki, davranışlarına diqqət etsinlər. Yenə də söhbət edəcəyik. Məğlubiyyəti də bacarmaq lazımdır. Üzgünük. Həm qol vura bilmədik, həm xal qazana bilmədik. Ümid edirik ki, Lüksemburqla oyunda üç xal qazanacağıq.
- "Neftçi"nin aşağı yaş qruplarından ibarət komandalarına seminar keçirilib
- PFL “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
- “Zirə” “Neftçi”nin yetirməsi ilə maraqlanır
- Aslan Kərimov: “Artıq “Neftçi” üçün məğlub olmaq normal sayılır”