Santuş: "Oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur"
23.03.2025 - 00:33
Santuş: "Oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haitiyə uduzduqları yoldaşlıq oyunundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırdı.

Apasport.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları bildirdi. 

– Dünən start heyəti müəyyənləşdirdiyinizi demişdiniz. Yuxunuzda bu hesabı görsəydiniz, heyəti dəyişərdiniz?
– Əlbəttə, dəyişiklik edərdim. Komanda məşqlərdə özünü yaxşı göstərirdi. Oyundan sonra çox şey demək olar. Komanda meydana qələbə üçün çıxmışdı. İlk hissədə daha yaxşı oynadıq. Qol imkanlarını dəyərləndirə bilmədik. İkinci hissədə hücum xəttinə oyunçular buraxdım. Cinahdan asmalardan istifadə etmək istəyirdik. Yarımmüdafiədə də dəyişilik etdik ki, intensivlik artsın. İkinci hissənin əvvəlində eynisəviyyəli oyun oldu. İkinci qoldan sonra komanda ruhdan düşdü. Xəyal, Səbuhi meydana daxil olandan sonra hücumda aktiv olduq. Hücumları sonlandıra bilmədik. Uşaqlar çalışdılar.

– Adətən 5-li sistem oynadırdınız, bu gün isə 4-lü sistemi seçdiniz. Heyətlə bağlı seçimlərinizi nə ilə əlaqələndirə bilərsiniz?
– 5-li sistemlə 2 oyun oynamışıq. Rahili müdafiənin cihanında oynatdıq. O, mərkəzdə və cinahdan oynaya bilir. Elvinə hücumda sərbəstlik vermək istədik. Oyunçularıma inanıram və potensiallarını bilirəm. Ona görə bu sistemlə oynadıq. Əsas heyətdə çıxanlar təcrübəli futbolçulardır. Az oynamalarına baxmayaraq, təcrübələri var. Məşqlərdə özlərini yaxşı göstərirdilər.

– Elvin Cəfərquliyev bu dəfə yoldaşlıq oyununda qırmızı vərəqə aldı. Buna necə izah verərdiniz?
– Elvinlə danışdım və bunun yolverilməz olduğunu dedim. Bir şeyə görə oyunçunu öldürə bilmərik.

– Gələcəyin komandasını quracağınızı demişdiniz. Amma heyətdə 3 rus, 1 türk futbolçu var. Onların 3-nün yaşı 30-dan yuxarıdır. Bu oyunçularla gələcəyin komandasını quracaqsınız?
– Ozanın 27, Şahruddinin 29 yaşı var. İnkişaf istəyiriksə, təcrübəlilərdən də istifadə etməliyik. Heyətdə gənc oyunçular da var idi.

– Qeyri-azərbaycanlıların oynadılmasına qarşıyam…
– Bədavi, Şahruddin çox təcrübəli və güclü oyunçudurlar. Gənclər milliyə gələndə onlardan dəstək görməlidirlər. Dünya praktikasında da milliləşdirilmiş oyunçular var. Pepe 40 yaşına kimi Portuqaliya yığmasında oynayıb, amma braziliyalıdır. Bir oyunçu milliyə sevgi ilə yanaşırsa, problem yoxdur.

– Belarusla oyunda heyətdə dəyişikliklər olacaq? 
– Növbəti oyunda dəyişikliklər olacaq. Matç istədiyimiz kimi getsə, Şahin də şans qazana bilər. İstedadlı oyunçudur. Strateji cəhətdən dəyişikliklər mənim məsuliyyətimdədir. Bugünkü matçda 4-4-1-1 oynamaq istəyirdik alınmadı.

– Haitinin üçüncü qolundan sonra azarkeşlər rəqibi alqışladı. Nə vaxtsa siz Azərbaycan millisində olanda rəqib azarkeşlər bizi alqışlayacaqlar? 

– Əlbəttə, futbolda belə hallar olur. Azarkeşlər də yığmadan qələbə gözləyir. Ümid edirəm ki, bizdə də ardıcıl qələbələr olsa, rəqibin də səviyyəsi eynidirsə, alqışlayarlar.

– 1 ildir, yığmadasınız. Millidə nəyi dəyişə bilmisiniz? Azarkeşləri nə vaxt qələbə ilə sevindirəcəksiniz?
– İnanıram ki, dəyişiklik etmək olacaq. Oyunçuların potensialına görə düşünürdüm ki, hücum futbolu oynaya bilərik. Amma fikirləşirəm ki, müdafiədə qalıb, əks-hücuma çıxmaq daha yaxşı olar. Dəyişiklər olacaq. Rəqiblərlə başabaş mübarizə aparmaq istəyirik. Məşqçi olaraq dəyişiklik etməliyəm. Növbəti oyunlardan bunu edəcəm. Daha çox müdafiədə oturub, əks-hücumlara üstünlük verəcəyik. Növbəti matçda sistem və oyunçu olaraq dəyişiklik olacaq.