Şenol Günəş: “Dərslər çıxaracağımız anlar oldu”
10.08.2023 - 23:28
Şenol Günəş: “Dərslər çıxaracağımız anlar oldu”

“Qələbə qazanıb İstanbula yaxşı hesabla qayıtmaq istəyirdik. Bunu bacardıq.”

Apasport.az-ın məlumatına görə, Bakıda “Neftçi”yə 3:1 hesabı ilə qalib gələn “Beşiktaş”ın baş məşqçisi Senol Günəş deyib.

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında türkiyəli mütəxəssis matçın sonuna yaxın rəqibə şanslar verdiklərini bildirib. Günəş cavab matçına ciddi hazırlaşacaqlarını qeyd edib: “Oyuna hakim olduq, istədiyimiz kimi oynadıq, qollar vurduq, qaçan qollar oldu. Yorulan futbolçularımız var idi. Onları dəyişdirdik. Son 10-15 dəqiqədə oyun qopdu. Buraxdığımız qolda "Neftçi"nin gücünü və motivasiyasını artırdı, epizodları var idi. Son anlarda bizim üçün dərslər çıxaracağımız anlar oldu. Şadıq. Buradan yaxşı hesabla gedirik. İkinci matça da ciddi hazırlaşmalıyıq. "Neftçi"yə imkan verəndə, oynaya bilən istedadlı oyunçuları var. "Neftçi"yə liqada uğurlar arzulayıram. Yaxşı atmosfer var idi”.

Türkiyəli mütəxəssis "Sabah" və "Neftçi" ilə qarşılaşmaları müqayisə edib. O, oyunların fərqli zamanda keçirildiyini deyib: ““Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.

Qeyd edək ki, cavab matçı bir həftə sonra İstanbulda olacaq.

0