"Yaxın günlərdə yerli məşqçi təyinatı ilə bağlı məlumat veriləcək".
Apasport.az saytının mətbuat konfransında iştirak edən əməkdaşı xəbər verir ki, bu sözləri AFFA-nın baş icraçı direktoru Sərxan Hacıyev deyib.
"Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına ev sahibliyi edəcək. Azərbaycan da ev sahibi kimi bu turnirdə iştirak edəcək. Ötən həftə U-20 yığmamızın baş məşqçisi Jui Jorgenin təyinatı rəsmiləşdi. O, futbolçu karyerasına malikdi. Milli komandada 45 oyun keçirib. U-20 komandasının baş məşqçisi olub. İnanıram ki, bu təyinatın milli komandamıza müsbət təsiri olacaq. Rui Jorgedən başqa iki köməkçisi də daimi olaraq Azərbaycanda yaşayacaq. Onlara yerli gənc məşqçilərdən biri də təyin olunacaq, kömək edəcək. Həm də portuqaliyalı məşqçilərin yanında təcrübə qazanacaq. O haqda indi məlumat verə bilməyəcəyik".
- Rui Jorgenin yarım milyon dollar maaş alacağı deyilir...
- Bu günə kimi müqavilə şərtlərini açıqlamamışıq. Konfidensial olaraq saxlanılır. Müqavilənin şərtləri açıqlanmayacaq.
- Fevralın 19-u İcraiyyə Komitəsinin iclasında baş məşqçinin dəqiqləşdiyi bildirilmişdi, amma açıqlanmadı. Niyə?
- Mətbuatda da tam anlaşılmamışdı. Bir neçə namizəd üzərindən məsələyə baxılırdı. İclasdan sonra hüquqi prosedurlar yerinə yetirilməli idi. Bundan sonra təyinat açıqlandı.
- Baş məşqçinin digər namizədlər arasında seçilməyinin səbəbi nədir?
- Təcrübə. Ən əsası, təcrübə. U-21 Portuqaliya milli komandasında təcrübəsi var. Bu məqamlar əsas götürüldü.
- Baş məşqçinin qarşısına qoyulan hədəf nədir?
- Əsas məqsəd odur ki, elə komanda formalaşsın ki, səviyyəli millilərlə oyunda mübarizə aparsın, döyüşsün. Bundan sonra nəticələrə baxacağıq. Gələcək haqda DÇ-dən sonra bilinəcək.
- Yarış neçə şəhərdə, hansı stadionlarda olacaq? Hazırlıq prosesində gecikmirik?
- Xeyr, gecikmə yoxdur. FİFA ilə sıx əlaqədəyik. Daxildə bütün əlaqələr yaradılıb. 15 dekabrda ölkə başçısı tərəfdən sərəncam imzalandı. Sıx əlaqə başlamaqdadır, yaradılıb. Bu dəqiqə üçün hüquqi sənədlər üzrə işlər gedir. Hansı şəhərlərdə olacağı haqda dəqiq deyə biləcəyim Bakıdır. Digərləri üzrə işlər gedir. FİFA nümayəndəsi bir müddət əvvəl Bakıda olmuşdu. Bakıdan başqa azı bir şəhər olacaq. Açılışın Bakıda olacağı barədə də işlər gedir. Gündəlik əlaqədəyik. Yarışın keçirilmə tarixləri üzrə də danışıqlar gedir. Sentyabrın ortasından başlamalıdır.
- DÇ-də ev sahibi kimi layiqli oynamağa məcburuq. Əvvəllər AFFA kütləvi milliləşdirmə reallaşdırmışdı. İndi də belə ehtimal gözlənilir?
- Birmənalı deyə bilərəm ki, kütləvi baş verməyəcək. Azərbaycan əsilli, valideynlərindən biri azərbaycanlı olan olması əsas şərtlərdəndir. Bu məsələni baş məşqçi də qeyd etmişdi ki, əsas futbolçunun istəyi olsun. 20 futbolçunun 17-inin milliləşdirilməsi gözlənilmir.
- Maliyyə baxımdan problem olmaz. Amma futbolda problemimiz var, vaxt da azdır. Nəyi əsas götürüb, baş məşqçiyə pozitiv enerji ötürmüsüz ki, burada uğur qazana bilər?
- Təcrübəsi önəmli idi. Onun bizə təqdim etdiyi plana uyğun addım atacağıq. Bu komanda ilə hazırlaşanda baş məşqçi təlim-məşq toplanışının artırılması və beynəlxalq komandalara qarşı yoxlama oyunları ola bilər. Amma bunun təsdiqini baş məşqçi təqdim etməlidir.