Tərlan Əhmədov: “Çempionluq uğrunda mübarizə “Zirə”, “Neftçi” və “Qarabağ” arasında gedəcək”. - Müsahibə
24.10.2023 - 18:11
Tərlan Əhmədov: “Çempionluq uğrunda mübarizə “Zirə”, “Neftçi” və “Qarabağ” arasında gedəcək”. - Müsahibə

Azərbaycan millisinin sabiq kapitanı Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- II dövrənin startı məhsuldar alındı. 19 qolun vurulduğu X turun yeganə qolsuz matçı lider “Zirə” və autsayder “Kəpəz” arasında oldu. Liderin səfərdə büdrəməsini nə ilə izah edirsiz?
- Mən orda futbol adına bir şey görmədim. Nə “Kəpəz”, nə də “Zirə” elə bir oyun nümayiş etdirmədi. Elə bil ki, komanda meydançaya sadəcə olaraq 90 dəqiqəni yola vermək üçün çıxmışdı. Heç liderə xas olan bir oyun göstərmədi. “Kəpəz” hardasa “Zirə”dən daha istəkli idi. Amma onlar da ehtiyatlanırdı ki, məğlub olmasınlar. “Kəpəz” ona görə uduzmaq istəmirdi ki, son oyunlarda da məğlubiyyət almışdı. Amma “Zirə”nin futbolçularının bu qədər ehtiyatlı futbol oynaması qəbulolunmazdır. Ümumiyyətlə, “Zirə”nin oyununda yüksəliş yox, eniş var. Bundan sonra nə olacağını deyə bilmərəm. Amma bu qarşılaşmanın heç-heçə ilə bitməsi ədalətli nəticədir.

- Bu tur Tovuzda iki oyun baş tutdu. Liderdən bir gün əvvəl son çempion “Qarabağ” da səfərdə xal itirdi…
- “Turan Tovuz” – “Qarabağ”ın oyununda da liderlər baxımlı futbol nümayiş etdirmədi. “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində səfər oyunu var. Hər halda, komanda Almaniya səfərinə görə aqressiv futbol nümayiş etdirmədi. Ağdamlılar ilk dəqiqələrdən oyuna nəzarəti ələ alsa da, görüşün sonlarına yaxın ardıcıl səhvlər göründü. İkinci hissə başlayanda hiss olunurdu ki, “Turan Tovuz” “Qarabağ”dan daha istəklidir. “Qarabağ”ın futbolçularının “Bayer”lə qarşılaşma öncəsi özlərini qorumaq istədiyi hiss olunurdu. Ancaq arxayınçılıq onların xal itirməsinə gətirib çıxardı. Bu turda “Qarabağ” da, “Zirə” də qalib gəlsəydi, hər ikisi digərlərindən bir az da uzaqlaşmış olardı. Bu, hardasa beş xallıq fərq yaradacaqdı.

- “Neftçi” “Səbail” üzərində qələbə ilə liderlərlə fərqi azaltdı. Sizcə, “Neftçi” çempionluq mübarizəsinə qoşulacaqmı? 
- “Neftçi”də yeni gələn futbolçular hələ tam adaptasiya olmayıblar. Qalib gəlsələr də, komanda hələ tam heyəti qura bilməyib. Qolları demək olar ki, müdafiə xətti ilə yarımmüdafiəçilər vurur. Hücum xətti sıfırdır. Bu da çempionluq uğrunda mübarizədə böyük  problem yarada bilər. Amma digər  komandalar sabit oyun nümayiş etdirmədiyi üçün “Neftçi” də bu mübarizəyə qoşulacaq. “Araz Naxçıvan”la “Səbail” də onlara qoşula bilər. Mübarizənin beş komanda arasında getməsi mümkündür. Avrokuboklardan sonra “Qarabağ”ın bütün fikri çempionata köklənəndə tam fərqli komanda olacaq, mübarizə qızışacaq. Bəzi komandaların işi çox çətin olacaq. Düşünürəm ki, çempionluq uğrunda əsas mübarizə “Zirə”, “Qarabağ” və “Neftçi” arasında gedəcək. 

- Çempionluğa namizəd sayılan, ilk 9 turu uğursuz keçirən “Sabah” “Sumqayıt”a qalib gəldi…
- Açığı “Sabah”ın qələbəsi gözlənilməz idi. Hərdən fikirləşirəm ki, nəyə görə bu komanda böyük ümidlərlə yaradılıb. Əcnəbi məşqçi gətirildi, ötən mövsüm uğurlu çempionat keçirdi. Amma indi göründü ki, komanda iki futbolçudan - Aleksey Kaşuk və Coy-Lens Mikelsdən asılı olub. Həmin 2 futbolçunun getməsindən sonra artıq komanda əvvəlki kimi deyil. Bu oyunda “Sumqayıt”ın məğlubiyyəti futbolçularının arxa xətdə etdiyi səhvlərə görə oldu. İnanmıram ki, “Sabah” bu mövsüm nəyəsə nail ola bilsin. Ola bilər ki, orta pillələrdə qərarlaşsın. Çünki komandada nə oyun var, nə nizam-intizam var. Buna görə də “Sabah”da oyunçular da, məşqçilər də qırmızı vərəqələr alır. Nizam-intizamın yoxdursa və iki futbolçunun gedişindən sonra heyəti formalaşdıra bilmirsənsə, hər hansı uğurdan danışmağa dəyməz. “Sumqayıt” üzərində qələbə ilə demək olmaz ki, komanda artıq düz yoldadır və yaxud da uğurlu çıxışlarını davam etdirəcək. “Sabah”ın oyununda hələ o istək, aqressivlik, məşqçi işi görünmür. Düşünürəm ki, növbəti oyunda kim daha çox motivasiya olacaqsa, az səhv edəcəksə, qalib gələcək. 

- “Araz-Naxçıvan”a böyük hesabla uduzan "Qəbələ"də nə çatmır? Debütantın avrokubok iddiasını necə qəbul edirsiz?
- “Qəbələ”dən də çox futbolçular getdi. Yayda yeni gələn futbolçular tam o səviyyədə deyil və hələ komanda tam formalaşmayıb. Açıq futbola üstünlük verdikcə, istər-istəməz müdafiədə boşluqlar əmələ gəlir. Bu matçda da belə boşluqlar çox oldu ki, “Araz Naxçıvan” da bundan məharətlə istifadə etdi. “Qəbələ”də hücum xətti yaxşıdır, amma müdafiə xəttindəki boşluqlar özünü göstərir. Konfrans Liqasında, ardınca çempionatdakı məğlubiyyətlər onu göstərdi ki, komanda hələ o qara zolaqdan çıxa bilmir. “Qəbələ” oyun baxımından heç kimdən geri qalmır, mübarizə aparır. Yeni futbolçular komandaya tam uyğunlaşana qədər başqa taktikaya üstünlük versələr, irəliləyiş olar. “Qəbələ”nin durumu heç kim üçün xoş deyil. Komandanın infrastrukturu, dəstəyi, şəraiti var. İki il ardıcıl Avropa Liqasının qrup mərhələsində çıxış edən klubdur. Heç kim istəməz ki, bu komanda hansısa bir fiasko yaşasın. Düşünürəm ki, daha yaxşı futbol oynaya bilərlər.
 

1